Fəaliyyətə başladığı gündən vətəndaşlar tərəfindən sevilməyən “Azparkinq” problemləri ilə gündəmdən düşmür.
Kommersant.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların parklanma problemləri ilə bağlı ardı-arası kəsilməyən şikayətlərindən bir neçəsini qurumun tabe olduğu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (qısaca - AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucova ünvanladıq:
Niyə “Azparkinq”ə dair əlaqə nömrəsi tapmaq olmur?
Çünki “Azparkinq” AYNA-nın tərkibində fəaliyyət göstərir. Müraciətlər çox olduğundan onlar fərqli, biz fərqli cavablar verəndə qarışıqlıq yaranır. Bu səbəbdən vətəndaşların suallarla bağlı AYNA-ya müraciət etmələri xahiş olunur.
Mən mətbuat nümayəndəsi olaraq, sizinlə 1 sutkaya əlaqə yarada bildimsə, vətəndaşlar şikayətini necə bildirməlidir?
Mətbuat üçün mənim nömrəm hər zaman açıqdır. Vətəndaşlar isə 141 çağrı mərkəzinə zəng vura bilərlər. Operatorlarımız bütün müraciətləri cavablandırır.
Bu ölkənin vətəndaşı bu ölkədə yol kənarında saxladığı maşına görə niyə dövlətə ödəniş etməlidir?
Bu, bütün xarici ölkələrdə də belədir. Həm səliqə yaratmaq, həm də qanunsuz pul yığımlarının qarşısını almaq üçün buna ehtiyac var.
Niyə? Əvvəl parkinq yerlərində dayanan yaşlılara, xəstələrə imkan daxilində ödəniş edirdik. Vacibdir ki, parklanmada verəcəyimiz 0, 50 – 1 manatı da dövlətə verək?
Bəli, bütün pul dövlət büdcəsində toplanmalıdır. Əvvəl müxtəlif şəxslərə pul verirdik. Çox vaxt da maşını cızılmış tapırdıq. İndi ən azı şəhərdə bir səliqə, təmizlik var. Kim gəldi, necə gəldi, maşın saxlaya bilmir.
Tutaq ki, dediyinizi qəbul etdik. Bəs parklanma məbləği niyə bu qədər çoxdur?
Əslində çox deyil. Bu gün şəhərdə əhali sayı çoxdur. Amma əksəriyyət ictimai nəqliyyatdan istifadə etsə, maşın sayı bu qədər çox olmaz. Komfortla, şəxsi maşından istifadə etmək istəyən isə bunu nəzərə alıb parklanmasını etməlidir.
Əgər şəhərdə ictimai nəqliyyat sistemi düzgün qurulsaydı, sizə haqq vermək olardı. Amma səhər işə getmək üçün neçə avtobus, qatar buraxmalısan ki, özünə yer tapıb minə biləsən. Yəni, bir istiqamət üzrə buraxılan avtobus xətti çox azdır. Bu halda insanlar nə etməlidir?
Siz bütün sahələrdəki problemləri AYNA-nın üzərinə yıxa bilməzsiniz.
Nəticədə onu deyə bilərik ki, AYNA “Azparkinq”in fəaliyyətində qüsur görmür. Əgər bu istiqamətdə problemi olan vətəndaşlar varsa, bizimlə əlaqəyə keçə bilər.