Çərşənbə axşamı gecə Rusiya qoşunları Sumıya kütləvi hücuma keçib. Regional hərbi administrasiya Rusiyanın pilotsuz təyyarələrinin enerji infrastrukturu obyektlərini hədəf aldığını bildirib. Bir nəfərin öldüyü məlum olub.
Ukrayna Hərbi Hava Qüvvələri məlumatına görə, Rusiya ümumilikdə bu dəfə 51 drondan istifadə edib və onlardan 34-ü məhv edilib.
Bu gün səhər saatlarında Rusiya hərbçilərinin Xersonu atəşə tutması nəticəsində iki nəfər yaralanıb.
Günün ikinci yarısında Rusiya Sumı vilayətinin Qluxov şəhərinə KAB-lardan istifadə edərək, zərbələr endirib.
"İstintaqın məlumatına görə, 2024-cü il sentyabrın 17-də saat 10:00 radələrində işğalçılar beynəlxalq hüququn qadağan etdiyi döyüş üsullarından istifadə edərək, ilkin məlumatlara görə, Qluxov şəhərinin mülki infrastrukturuna üç idarə olunan bomba atıb. Düşmən hücumu nəticəsində 64 və 34 yaşlı ata və oğul yaralanıb. Azı 20 fərdi evə də ziyan dəyib" - deyə, vilayət prokurorluğundan bildirilib.
Xarkiv rəsmiləri Rusiyanın bombardmanı nəticəsində 6 nəfərin öldüyünü bildirib. Onların arasında yanğının söndürülməsinə yardım edən 4 xilasedici də var.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bildirdiyinə görə, son 24 saat ərzində cəbhədə 157 hərbi toqquşma baş verib. Onların yarısı Kuraxovski və Pokrovski istiqamətlərində olub.
Wall Street Journal-ın (WSJ) məlumatına görə, 2022-ci il fevralın 24-də Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Ukrayna və Rusiyada ölən və yaralananların ümumi itkiləri bir milyon nəfəri keçib. Belə ki, nəşrin Ukrayna hökumətinin məxfi məlumatlarına istinadən bildirdiyinə görə, Ukraynada döyüşlər zamanı 80 min hərbçi ölüb, 400 min nəfər yaralanıb.
Nəşr Rusiyanın itkilərindən Qərbin kəşfiyyat xidmətlərinin qiymətləndirməsinə istinadən yazıb. Belə ki, orada 200 min ölü və 400 min yaralı var.
Britaniya hərbi kəşfiyyatının Rusiyanın itkiləri ilə bağlı məlumatı oxşardır. Bundan əlavə, Britaniyanın Müdafiə Nazirliyi Rusiya ordusuna çağırışçıların cəlb edilməsi nisbətinin azaldığını qeyd edib.
visiontv.az