EN

İslahata start, faydasız kadrlara (Anders)son

Yens Anderssonun “Neftçi”dəki karyerası bitdi. Təyinatının ilinin tamam olmasına günlər qalarkən isveçli mütəxəssis yola salındı.

Qovuldu, özü getməyi xahiş etdi, qarşılıqlı razılıq oldu – bütün bunlar təfərrüatdır. Faydasız biri kimi özünü kifayət qədər isbatlamış Andersson artıq “Neftçi”də deyil.

Bu şəxsin təyinatı vaxtı uğursuz olacağı dəqiq proqnozlaşdırılmışdı. Karyerası ərzində ciddi uğuru olmayan, Azərbaycan kimi fərqli futbol mədəniyyəti olan bir yerdə qısa müddətə uyğunlaşması ümumiyyətlə gözlənilməyən Yensin gətirilməsi kökündən yanlış idi. Sağ olsun, o da klubun əvvəlki, AFFA-nın indiki idarəçisi Rövşən Nəcəfin kadr seçimində doğru davrana bilmədiyini növbəti dəfə isbatladı.

Andersson idman direktoru və idman nəticələrinə cavabdeh idi. Nəticələr göz önündədir: komanda ötən mövsüm tarixinin ən böyük büdcəsi ilə avrokuboka vəsiqə qazana bilmədi, indi isə 6 turdan sonra qələbəsizdir. İsveçli 3 məşqçi ilə işlədi, özünün gətirdiyi ümidi doğrultmadı, onun təsiri olmadan gələnlərə isə əngəl yaratdı. Roman Qriqorçukun kluba transferlərin reallaşma mexanizmi haqqında məşhur açıqlaması təsadüfi deyildi.

Anderssonun birbaşa özünün heyətə qatdığı futbolçulardan biri xroniki zədəli çıxıb, adı iştrak ərizəsində yoxdur, digərinin həbsdə olduğu aydınlaşdı və geri qaytarıldı, daha biri heyətə düşə bilmir və məşqçi ona güvənmir. İllk 600 min dollar qazandığı deyilən Yensin komandada əyləc olduğu gün kimi aydın idi və onunla yolların ayrılması böhrandan çıxış üçün ümid verir.

“Neftçi” islahata “ən böyük tikə”dən başladı. Amma Anderssonun gedişi həm də məsuliyyəti artırdı. İndi klubda qalanlar isveçlinin gedişinin çıxış yolu olduğunu sübut etməlidir. Düzdür, hələ onun yaratdığı problemləri aradan qaldırmaq, yeni cavabdehlik strukturu müəyyənləşdirmək lazımdır. Əks halda, o, yalnız ilk qurban kimi xatırlanacaq.

FƏRİD

Chosen
12
futbolinfo.az

1Sources