EN

“Independent Arabia”: Azərbaycan COP29 gündəliyinə 10 təklif hazırlayır

“Independent Arabia” nəşrində “Azərbaycan COP29 gündəliyinə 10 təklif hazırlayır” sərlövhəli geniş məqalə dərc olunub.

Herbiand.az xəbər verir ki, məqalədə COP29-a ev sahibliyi edən Azərbaycanın BMT-nin mötəbər iqlim konfransı ərəfəsində turizmdən tutmuş dünyada sülhün bərqərar olmasına qədər genişspektrli məsələlərlə bağlı təşəbbüslərlə çıxış etdiyi vurğulanıb. Müəllif yazıb ki, noyabrın 11-də Bakıda başlayacaq bu tədbirdə iqlim böhranının həll edilməsi üçün maliyyə vəsaitlərinin ayrılması, xüsusən inkişaf etməkdə olan ölkələrə bu sahədə yardımların artırılması diqqət mərkəzində olacaq.

Məqalədə qeyd olunub: “Konfransa iki aydan az bir müddət qalmış nikbinliyini qoruyan Azərbaycan hökuməti çətin danışıqların uğurla başa çatacağına töhfə verəcək 10-dan çox təşəbbüslə çıxış edib. Bu təşəbbüslərə COP29 zamanı münaqişə tərəflərinə atəşi dayandırmağı xahiş etmək, turizm sektorundan emissiyaları azaltmaq öhdəliyi götürmək və qlobal enerji ehtiyatlarını artırmaq vədləri daxildir. COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev sammitdə iştirak edən 200-ə yaxın ölkəyə müraciətində bu təşəbbüslərdən ətraflı bəhs edib.

Azərbaycanın təklif etdiyi ən mühüm məsələ qazıntı yanacağı istehsal edən ölkələrin və şirkətlərin ianələri hesabına inkişaf etməkdə olan ölkələr üçün vəsait toplamaq məqsədi daşıyan fondun yaradılmasıdır. İran ilə Rusiyanın arasında yerləşən və neft-qaz istehsalçısı olan Azərbaycanın İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna ilk töhfəsini verəcəyi gözlənilir”.

Yazıda diqqətə çatdırılıb ki, bu fondun işə salınması üçün ianəçi qismində 1 milyard dollar və 10 ölkə lazımdır. “COP sammitləri zamanı könüllü təşəbbüslər bu konfransların diqqətəlayiq xüsusiyyətidir, lakin onlar Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə konsensus yolu ilə əldə edilmiş məcburi razılaşmalar yaradan uzunmüddətli danışıqlardan fərqlidir. Bu il Bakıda keçiriləcək konfransda inkişaf etməkdə olan ölkələrin qlobal istiləşməyə nə qədər uyğunlaşmalı olduqları və bu məqsədlər üçün maliyyə vəsaitinin təmin edilməsi ilə bağlı razılıq əldə olunacağı gözlənilir”, -deyə müəllif qeyd edib.

Məqalənin sonunda vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı avqustun sonunda maliyyə sazişinin yeddi variantını əks etdirən sənəd layihəsini dərc edib və bu kontekstdə ölkələr arasında ziddiyyətli mövqelər ortaya çıxıb. Amma Bakıda bu məsələ ilə əlaqədar konsensus əldə ediləcəyi ilə bağlı böyük ümidlər var.

AZƏRTAC

Chosen
2
1
herbiand.az

2Sources