Xəbər verdiyimiz kimi Qırmızı
Ürəklər Fondu ölkənin birinci bankı Kapital Bank-ın 150 illik yubileyi münasibətilə
"Sıfır Tullantı” həmrəylik marafonuna start verib. 2 ay davam edən marafon Gəncə-Daşkəsən,
Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala və Bakı iqtisadi rayonlarını əhatə
edib. 25 rayonda yerləşən Kapital Bank filiallarında çalışan əməkdaşlardan ibarət
181 könüllü ümumilikdə 2494 kq tullantı toplamağı bacarıb.
Marafonun finalı isə 14
sentyabr 2024-cü il tarixində, Bakı şəhərinin Bilgəh qəsəbəsində təmizlik
aksiyası ilə yekunlaşıb. Ekosistemə daxil olan Kapital Bank, "PashaPay” MMC və
"Competo” MMC şirkətlərinin əməkdaşlarının, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının
və ekologiya könüllülərinin iştirakı ilə keçirilən aksiyaya 70-ə yaxın iştirakçı
qoşulub. Layihə Ekologiya və Təbii Sərvətlar Nazirliyinin dəstəyi ilə baş
tutub.
Marafonun keçirilməsində məqsəd
cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın daha da
artırılmasıdır. Eyni zamanda sahilyanı,
dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, bu ərazilərin məişət
tullantıları ilə zibillənməsinin qarşısını almaq, hər kəsi təbiətə qarşı daha məsuliyyətli
davranmağa təşviq etmək marafonun əsas hədəflərindəndir.
Eyni zamanda layihənin "Yaşıl
dünya naminə həmrəylik” ilində və ölkəmizdə baş tutacaq COP29 kimi dünya əhəmiyyətli
tədbir ərəfəsində keçirilməsi planetin ekosisteminə töhfə verən bu kimi layihələrin
dəstəklənməsinin göstəricisidir. Qırmızı Ürəklər Fondu hər kəsi təiətin
qorunmasına yönələn bu təşəbbüsə dəstək olmağa çağırır.
www.anews.az