Vətən həsrəti, yurd nisgili qeyrətli oğullar kimi Aqil Quliyevi də narahat edirdi. Əslən Qərbi Azərbaycandan olan Aqil ermənilərin onlara qarşı etdiyi haqsızlığı, zorla dədə-baba torpaqlarından çıxmağa məcbur qalmaqlarını qəbul edə bilmirdi. Bütün bunlar qəhrəmanın qəlbində xain düşmənə qarşı böyük nifrət hissi yaratmışdı. Aqil bu haqsızlığa qarşı haqq səsini duyuracağı, qisas alacağı günün zamanını gözləyirdi…
Milli Qəhrəman Aqil Quliyev 1963-cü ildə Sisyan rayonunun Urud kəndində anadan olub. Orta təhsilini müvəffəqiyyətlə bitirən Aqil Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə qəbul olur. Ali təhsilinin 3-cü kursunda o, hərbi xidmətə çağrılır. Əsgəri xidmətini qüsursuz başa vuran Aqil geri qayıdaraq təhsilinə Xarkov Ali Milis Məktəbinə daxil olaraq davam edir. Təhsilini fərqlənmə diplomu ilə bitirən Aqil Quliyev həmin məktəbdə müəllim olaraq əmək fəaliyyətinə başlayır. İki il burada müəllimlik edən qəhrəman ölkədəki gərgin vəziyyətdən xəbər tutan kimi vətənə qayıdır. “Qərbi Azərbaycan torpaqlarına və Qarabağa təcavüzkar hücumlar edən ermənilərə layiqli cavab vermək lazımdır”,- deyib ailəsini Bakı şəhərinə köçürür. Sonra qardaşı ilə birlikdə yeni yaranan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Leytenant rütbəsi ilə Aqil və 45 nəfər könüllü Ağdam rayonuna göndərilir. Burada iki hissəyə bölünən döyüşçülərdən Aqil və qardaşı 34 nəfər olmaqla, Xocalıya gəlirlər.
1991-ci ilin sonu idi… Aqil Xocalı Hava Limanının rəisi Əlif Hacıyevin müdafiə batalyonuna qatılaraq Xocalının müdafiəsində dayanır. Mühasirəyə alınan rayonu düşmən işğalından azad etməyə çalışan Aqil Quliyev "Xocalı" taborunun komandiri Tofiq Hüseynovla görüşüb döyüş mövqeyini möhkəmlətməyə səy göstərir. Ancaq onların təchizatı və iqtisadi təminatının olmaması vəziyyəti çətinləşdirir. Aqil hərbi biliyi və təcrübəsinə görə rota komandiri təyin edilir. Qardaşı Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edir. 1992-ci ilin fevralın 18-dən 25-nə qədər düşmən hücumunun qarşısını almağa çalışan Aqil və bölüyü qeyri-bərabər döyüşdə son damla qanlarınacan vuruşurlar. O, döyüşün sonuncu günü - "Qaz kontoru" deyilən yerdə hər iki ayağından yaralanır. Yoldaşları Aqili xilas etmək üçün döyüş meydanından çıxarmağa çalışsalar da, bu mümkün olmur. Ürəyinə tuşlanan qəfil güllə onu şəhidlik zirvəsinə ucaldır. Qəhrəmanımız mart ayının 2-də Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilir.
Vətən torpaqlarının qorunması uğrunda rəşadət göstərib hərbi hissə qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən şəhid adını qazanan leytenant Aqil Quliyev Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Xatirəsi əziz tutulan qəhrəmanın adı Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə verilib və yaşadığı binanın önündə xatirə lövhəsi vurulubdur.
Qəlbi yurd həsrəti ilə köz-köz yanan qəhrəman, ruhun şad olsun! Düşmənlərdən almaq istədiyin qisası Müzəffər Ordumuzun əsgər və zabitləri layiqincə aldı. 44 günlük Vətən müharibəsində düşmən məğlub edilərək geri çəkildi. Quldur ermənilərdən azad etmək istədiyin vətən torpaqları artıq dörd ildir ki, azadlığına qovuşub. Üçrəngli ay-ulduzlu dövlət bayrağımız bu torpaqların zirvəsində qürurla dalğalanır.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.