EN

"Şagirdlərdən sui-istifadə etmək yolverilməzdir" - Şura sədri

Sentyabrın 16-da İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva ilə icra nümayəndəsi arasında mübahisə yaranıb. Bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. 

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilib ki, Leyla Nəcəfquliyeva 16 sentyabr 2024-cü il tarixində saat 08:00 radələrində sinif rəhbəri olduğu IIIb sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

 

Leyla Nəcəfquliyevanın həmin gün məktəbin həyətinin giriş qapısı qarşısında şagirdləri yerdə əyləşdirərək dərs keçməsi onun şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib. Onun “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğu da vurğulanıb. Buna görə də müəllimlə bağlınmış əmək müqaviləsinə 17 sentyabr 2024-cü il tarixdə xitam verilib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, ölkəmizdə yararsız vəziyyətdə olan məktəb binaları mütəmadi olaraq təmir edilir və yaxud inşa edilir:

 

“Bu yeni nəslin daha yüksək səviyyəli mühitdə təhsil alması məqsədi ilə həyata keçirilir. Belə vəziyyətlərdə təhsil ocağının şagirdləri təhsillərini davam etdirmək üçün müvəqqəti olaraq yaxın ərazidə yerləşən yararlı məktəb binalarına köçürülürlər.  Bu təhsil prosesinin fasiləsizliyinin təmin edilməsi üçün həyata keçirilir”.

 

Sədr bildirib ki, belə hala etiraz etmək məqsədəmüvafiq deyil:

 

“Müəllim Leyla Nəcəfquluyeva buna etiraz əlaməti olaraq şagirdləri məktəb həyətinə toplayıb və dərs keçib. Onun etirazının predmeti aydın deyil. Bu addım həm məktəbin, həm məktəb rəhbərliyinin, həm də müəllimin nüfuzuna xələl gətirməklə bərabər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edimiş “Təhsilverənlərin Etik Davranış Qaydaları”na ziddir. Çünki bu müəllimin xidməti fəaliyyətindən kənar davranış hesab edilir. Qaydalarda bildirilir ki, “Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.” 

 

H.Əlizadə sözlərinə görə, Qaydaların 3.3. maddəsində qeyd edilir ki, “Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur:

 

“Leyla müəllim qaydaların bu tələbinə zidd fəaliyyət göstərmişdir. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. Müəllim bu məsələyə də diqqət etməmiş və qanuni göstərişləri yerinə yetirmədən bu addımı atmışdır. Beləliklə, onun fəaliyyəti “Təhsilverənlərin Etik Davranış Qaydaları” nın kobud şəkildə pozulması ilə nəticələnmişdir”.

 

Hikmət Əlizadə sonda vurğulayıb ki, təhsil kimi ciddi sosial mühitdə belə addım atmaq, həm də təhsilalanlardan qanunsuz fəaliyyət naminə sui istifadə etmək yolverilməzdir.

Chosen
29
modern.az

1Sources