EN

Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

Rusiya və Ukrayna arasında davam edən müharibə ciddi narahatlıq doğurur.  Elə bu səbəbdən məsələnin mümkün qədər tez həlli xüsusi aktuallıq kəsb edir. İndiyə qədər vasitəçilik cəhdləri olsa da, ciddi nəticə verməyib.

 

İki ölkə ilə də əlaqələri güclü olan  Azərbaycanın vasitəçiliyi bu fonda maraq doğurur.

 

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını da cavablandırarkən Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.

 

“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - deyə dövlətimizin başçısı bildirib.

 

Qeyd edək ki, Azərbaycan yalnız siyasi səviyyədə deyil, QHT, media sahəsində hər iki ölkə ilə yaxşı əlaqələrə malikdir.

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, münaqişə tərəfləri arasında danışıqların davam etməsini istəməyən qüvvələr var:


“Azərbaycan vasitəçilik missiyasını öz üzərinə götürə bilər. Azərbaycanın Rusiya ilə olduqca yaxşı münasibətləri, sıx əlaqələri var. 2022-ci ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Rusiya ilə Azərbaycan arasında razılaşma sənədi imzalanıb və Rusiya ilə Azərbaycan olduqca konstruktiv dialoqa sahibdirlər. Amma nəzərə almalıyıq ki, Qərb bu müharibənin dayanmasında maraqlı deyil. Qərb Ukrayna dövləti və xalqı hesabına Rusiyanın zəiflədilməsini istəyir. Ukrayna təslim olmasın, müharibə davam etsin. Türkiyə Ukrayna ilə  Rusiya arasında vastəçiliyi öz üzərinə götürsə də, Qərb tərəfindən danışıqlar prosesi pozuldu. Bu yöndə Azərbaycan vasitəçi rolunda çıxış edə bilər.

 

Bu gün aşkar görürük ki, Ukraynanı Amerika Birləşmiş Ştatları və Avropa ölkələri hər tərəfli dəstəkləməkdədirlər. Silahdan və maliyyə dəstəyindən tutmuş, hətta döyüşçülərin göndərilməsinə qədər Ukrayna Qərbdən dəstək almaqdadır. Ona görə də Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi təkcə bir başa münaqişə subyektlərindən asılı deyil. Burada Qərbin də mövqeyi həlledici olacaq”.

Ukraynalı politoloq Oleq Starikovun sözlərinə görə də, Azərbaycan vasitəçi rolunda çıxış edə bilər:

 

“Azərbaycan Ukrayna ilə yaxşı münasibətlərə sahibdir. Belə olan halda Azərbaycanın hər iki tərəflə kommunikasiya qurmaq və tərəflərin öz arasında kommunikasiyanı formalaşdırmaq imkanı mövcuddur. Ümumiyyətlə, vasitəçinin atacağı ilk addım ondan ibarət olmalıdır ki, tərəflər arasında məsələni müzakirə etmək üçün bir kommunikasiya kanallarını açsın  Azərbaycan iki tərəflər arasında kommunikasiya kanallarını yarada bilər. Bunun üçün Azərbaycanın kifayət qədər həm beynəlxalq nüfuzu var, həm də ayrıca olaraq hər iki münaqişə tərəfinin yüksək etibarına və etimadına da sahibdir”.

Chosen
6
50
modern.az

10Sources