2023-cü il 19-20 sentyabr tarixində Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatını digər əməliyyatlar ilə müqayisə etmək olmaz. Çünki onlar hansısa terrorçuya qarşı deyil, terror yuvasına, özünü dövlət elan etmiş separatçılara qarşı yönəlmişdi.
NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.
O, antiterror əməliyyatının etik çərçivədə, müharibə qanunları pozulmadan keçirildiyini bildirib:
“Əsas məsələ odur ki, biz beynəlxalq qanunlara uyğun antiterror əməliyyatı keçirdik. Azərbaycan Ordusu, bütün güc strukturları, müharibə qanunlarına və etik normalara uyğun vuruşub. Terror dəstəsinin üzvü olmayan şəxsə qarşı hər hansı təcavüz, yaxud qəsdən öldürmək aktı baş verməyib”.
A.Nağıyev separatçı dəstələrin Azərbaycan daxilində yeni dövlətin qurulmasına zəmin yaratmağı planlasalar da, bunun qarşısının ədalətli şəkildə alındığını qeyd edib:
“Bizim məqsədimiz qarşı tərəfin tərk-silah olması və ərazimizdən çıxması idi. Məqsədimizə çatdıq və Azərbaycan özünün ərazi bütövlüyünü tam bərpa etdi. Paralel olaraq ərazini tərk etmək istəyənlərə müvafiq şərait də yaradıldı. Dəhlizlər vasitəsilə onlar ərazini tərk etdilər. Lakin müqavimət göstərən terrorçulara qarşı ən ciddi addımların atılmasından da çəkinmədik. Artıq onların rəhbər heyəti həbs edilib”.
Milli Məclisin VI çağırış deputatı bildirib ki, bir ilə yaxın vaxt keçsə də, silah-sursatın yığılması hələ də davam edir.
“İşin məğzini bilmədən bizə irad tutanlar olsa da, Azərbaycanın heç kimin ərazi bütövlüyündə gözünün olmadığı ortadadır. Biz sadəcə suverenliyimizi bərpa etməyə çalışırdıq”, – o bildirib.
A.Nağıyev Azərbaycanın ümumiyyətlə beynəlxalq qanunlara zidd heç bir addım atmadığını xüsusilə vurğulayıb.
“Regionda vəziyyət stabil olsa da, Qərb Ermənistana silah daşımağa çalışır. Müəyyən qədər buna nail olsalar da, Azərbaycan öz suverenliyini artıq bərpa edib, delimitasiya və demarkasiya prosesi başlayıb. İki dövlətin danışığı əsasında 13 km delimitasiya prosesi başa çatıb. Ümid edirəm ki, bu proses davam edəcək. Qərb bu gün müharibəni yenidən alovlandırmağa çalışsa da, Azərbaycan bütün addımlara adekvat cavab verməyə hazırdır. Ordumuzun, xüsusi xidmət orqanlarımızın gücü buna kifayət edir. Buna görə də Azərbaycan xalqından suverenliyini və ərazi bütövlüyünü geri almaq mümkün olmayacaq”, – o bildirib.