EN

Millimizin sabiq forvardı sürpriz gedişinin detallarını "Sportinfo"ya açıqladı

Albaniyanın “Byulis” klubuna transfer olunan milli komandamızın sabiq hücumçusu Sportinfo.az- müsahibə verib.

- Albaniyaya gedişin gözlənilməz oldu. Yerli komandalarla anlaşacağın gözlənilirdi. Nə baş verdi?

- Azərbaycan klublarından təkliflərim vardı. Həqiqətən, danışıqlar gedirdi. Hətta yekun danışıqlar belə aparıldığını deyə bilərəm.

- Bəs sonda nə oldu ki, ölkə xaricinə getməyə qərar verdin?

- Gözləmədiyim anda zəng gəldi. Açığı, ilk başda inanmadım. Ancaq qısa müddətdə hər şeyi ciddi səviyyəyə keçdi. Vaxt itirmədən biletim alındı. 1 günün içində Albaniyaya getdim və məsələ tam həll olundu.

- İlk dəfə legioner həyatı yaşayacaqsan. Hazırsan buna?

- İnşallah, çətin olmaz. Təcrübəm az deyil. Özümü yaxşı tərəfdən göstərə biləcəyimə inanıram.

- Bu günə qədər legioner həyatı yaşamamağın təklif almamağınla bağlıdır, yoxsa başqa səbəblər var?

- Yox, belə deməzdim. Əvvəllər ölkə xaricindən təklifim çox olub. Amma klublarla müqaviləm olduğu üçün gedə bilmirdim. Azad agent olanda isə şərtlər məni qane etmirdi. Ona görə getmirdim. Qismət bu gün imiş.

- İlk dəfə ölkə xaricinə 31 yaşında getmək gec deyil?

- Hə, bəzən mən də fikirləşirəm ki, yaş ötüb. Amma düşünürəm ki, bu yaş da problem deyil. Hələ bundan sonra 3-4 il oynamağı düşünürəm.

- Hazırsa Zamiq Əliyev "Eqnatiya"da çıxış edir. Albaniyada başqa azərbaycanlı futbolçular da legioner həyatı yaşayıb. Arasında məsləhət aldıqların oldu?

- Açığı, kiminləsə danışığımız olmadı. Çünki buna zamanım qalmadı. Dediyim kimi hər şey bir andaca baş verdi.

- 3 aya yaxın klubsuz qaldın. Premyer Liqa klublarının sənə ehtiyac duymaması Albaniyada özünü sübut üçün əlavə motivasiya ola bilər?

- Əlbəttə, başverənlər məni əlavə motivasiya edir. Özümü yaxşı tərəfdən göstərməyə çalışacam. 3 ay kənarda qaldım. Az vaxt deyil. Düzdü, fərdi olaraq məşq edirdim. Amma təbii ki, komanda məşqləri başqadır. Düşünürəm ki, indiki məqamda klubsuz qalmağa layiq deyildim. Bunu çox adam bilir. Kənarda qalmağımın müəyyən səbəbləri vardı. Bu barədə geniş danışmaq istəmirəm. Hər şey geridə qaldı. Bütün fikrimi buradakı işimə cəmləmişəm.

XANOĞLAN İMANOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
sportinfo.az

1Sources