Bakı şəhəri Qaradağ rayonundakı 288 nömrəli tam orta məktəb 1993-cü il 9 yanvar tarixində ilk pedaqoji şurasını keçirmiş və bununla da fəaliyyətə başlamışdır. Az müddətdən sonra məktəb kollektivinin təşəbbüsü ilə bu, böyük təhsil ocağına tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun adı verilmişdir.
Birtipli inşa edilmiş məktəb 1296 yerlik nəzərdə tutulsa da onun fəaliyyətə başladığı ilk illərdə şagirdlərin sayı 3000-ə yaxın olmuşdur. Təbii ki, bu şagird kontingentin yerləşdirməsi ilə bağlı müəyyən problemlər yaratmışdır. Məktəbin rəhbərliyi ilə aparılan söhbətdən məlum oldu ki təhsil ocağı 2006-cı ildə əsaslı təmir edilsə də hazırda yenidən əsaslı təmirə ehtiyac var və növbəti illərdə yenidən təmir olunması nəzərdə tutulmuşdur.
Hazırda məktəbdə 3015 nəfər şagird 100 sinifdə yerləşdirilmişdir. 6 günlük iş rejimində fəaliyyət göstərən məktəbin 153 müəllim kollektivi və 34 nəfər texniki işçi heyəti var, 6 nəfər laborant vəzifəsində çalışır. Məktəbdə dərslər ikinövbəlidir. Təhsilverənlərin sertifikatlaşdırma imtahanında 5 fənn üzrə 82 müəllimdən 80-i uğur qazanmış və onlardan 33-ü 50 baldan yuxarı bal toplamışdır.
Məktəbin pedaqoji kollektivi fəaliyyətə başladığı gündən buğunadək Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində bilik və bacarıqlarını tətbiq edərək, uğurla çalışmağı qarşılarına məqsəd qoyaraq mühüm nailiyyətlərə imza atmışdır. Bunun nəticəsidir ki, hər il tədris ilinin sonunda məzunların əksəriyyəti ölkənin ən nüfuzlu ali məktəblərinin tələbəsi adını qazanırlar. Bu il məktəbi bitirən 164 nəfər şagirddən 112 nəfər ali təhsil müəssisələrinin tələbə adına layiq görülüb. 205 nəfər IX sinif məzunundan 5 nəfərinə ümumi orta təhsil haqqında fərqlənmə attestatları təqdim olunub.
Bundan başqa, 2020-2021-ci tədris ilində məktəbin şagirdi Hüseynəli Hüseynov Respublika Fənn Olimpiadasında biologiya fənni üzrə bürünc, 2021-2022-ci tədris ilində isə şagird Elçin Gülməmmədov Respublika Fənn Olimpiadasında tarix fənni üzrə gümüş medallarla layiq görülmüşlər. Bu il Asiya Beynəlxalq riyaziyyat Olimpiadasında məktəbin 3a sinif şagirdi Fərid Hüseynzadə uğur qazanaraq qızıl medala və SASMO beynəlxalq riyaziyyat olimpiadaslnda gümüş medala layiq görülmüş, “Technoxian-Dünya Robot Çempionatı” Azərbaycan final mərhələsində Robosoccer kateqoriyası üzrə 9c sinif şagirdi Uğur Şəfiyev ikinci yeri tutmuşdur.
2023-2024-cü tədris ilində məktəbin idmançıları də böyük uğurlar qazanmışdır. Budo döyüş növləri üzrə açıq respublika turnirində 9b sinif şagirdi Nurlan Məmmədzadə və 6d sinif şagirdi Tunar Məmmədzadə birinci yer, 2z sinif şagirdi Tunar Akifli ikinci yeri tutmuşdur. Bakı şəhəri 11 nömrəli UGİM-in uşaq gənclər basketbol liqasının 2023-2024-cü il mövsümündə məktəbin 8c sinif şagirdi İnarə Əhmədova II yer tutaraq diplom və medalla təltif olunmuşdur. Rayon məktəbləri arasında Zəfər Gününə həsr olunmuş mini-futbol yarışında məktəbin şagirdləri birinci, atletika yarışında isə ikinci yeri tutmuşlar.
288 nömrəli məktəbdə həyata keçirilən kütləvi tədbirlər, təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə yönəldilir.
Keçən ilin payızında şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında məktəbin həyətində çox sayda həmişəyaşıl ağaclar əkilib. Məktəbin bütün işçi heyəti və şagirdlər bu aksiyada həvəslə iştirak ediblər. Bu ildə də həyətyanı sahədə təbiətə qulluq tədbirlər davam etdirilir. Burada qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən məktəbin II-XI siniflərində 2024-2025-ci tədris ilin ilk dərsi ”Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr edilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2024-cü ilin yayında paytaxtın təhsil müəssisələrinin iştirakı ilə “Məktəblinin yay mütaliəsi” adlı layihənin icrası əlaqədar məktəbdə müvafiq işlər aparılmışdır. Layihənin əsas məqsədi şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili, mütaliəyə maraqlarının artırılması, kitab mübadiləsi mədəniyyətinin genişləndirilməsi, oxu bacarıqlarının inkişaf etdirilməsi və nitq vərdişlərinin təkmilləşdirilməsindən ibarət olmuşdur. Layihə çərçivəsində şagirdlərin oxuduğu kitabları əks etdirən fotoşəkilləri, yaxud oxuduqları əsər və onun müəllifi ilə bağlı fikirlərinə dair videogörüntülər məktəbin sosial şəbəkə hesablarında paylanmışdır
1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad olunması ilə əlaqədar bu günlərdə YAP Qaradağ rayon təşkilatının təşəbbüsü ilə partiyanın fəalları məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirmişlər.
Məktəbin direktoru Aygün Hüseynova 2023-2024-cü dərs ilinin yekunları ilə əlaqədar aparılmış təhlillərin nəticələri ilə bağlı bildirmişdir ki, tədris ocağında Fəaliyyət planına uyğun olaraq işlər görülsə də, bəzi hallarda nəzərdə tutulan məsələlərin icrasında müəyyən problemlər yaranmışdır. Məktəbin pedaqoji heyəti bunları yaxşı bilir və onların aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Hazırda təlim-tərbiyə ocağında təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, gənc nəslin müstəqil həyata hazırlanması yeni dərs ilində 288 nömrəli tam orta məktəb müəllimlərinin qarşısında duran ən mühüm vəzifələrdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti və qüdrətli ordumuzun Zəfəri sayəsində 30 il həsrətində olduğumuz doğma torpaqlarımız işğaldan azad edildi. Hazırda Qarabağda quruculuq işləri sürətlə davam edir. Lakin düşmənin həmin ərazilərə basdırdığı çoxlu sayda hərbi sursatlar bu gün də əhali üçün ciddi təhlükə yaradır. Bununla bağlı Azərbaycan Respublikası elm və təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” in təsdiq edilməsi barədə” əmrinin icrası çərçivəsində 288 nömrəli məktəbdə şagirdlərlə mina təhlükəsinə qarşı müntəzəm marifləndirmə tədbirləri keçirilir, mina təhlükəsindən qorunmaq üçün müvafiq vasitələr və əyani vəsaitlər də istifadə olunur, təhlükə zamanı atılmalı olan tədbirlər barədə mütəmadi olaraq videoçarxlar nümayiş etdirilir. Belə maarifləndiriçi tədbirlər zamanı də Qarabağ müharibəsi iştirakçıları şagirdlərə keçdikləri döyüş yollarından söhbət açır, eyni zamanda dəyərli məsləhətlər verirlər
Kollektivin qarşısına duran digər vacib vəzifələrdən biri də “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” Nazirliyin 18.07.2023-cü il tarixli əmrinin icrası ilə bağlıdır. Bu çərçivədə hazırlanmış Tədbirlər planına uyğun olaraq məktəbdə təlimlər keçirilmiş, müvafiq videoçarxlar nümayiş etdirilmiş, suda boğulma hallarının qarşısının alınması barədə mütəmadi söhbətlər aparılır.
Eyni zamanda, carı ilin sentyabrın 19-da Azərbaycan Respublikası Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə hazırladığı ‘‘Yaddaş-təlimat kitabçası”nda qeyd olunan tövsiyələrdən irəli gələn vəzifələrin icrası ilə əlaqədar məktəbin müəllimləri ilə fikir mübadiləsi aparılaraq, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkilinin önəmini vurğulanıb. Həmin tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndələri fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumat veriblər.
Müzakirə edilən məsələlər barədə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva və digərləri fikirlərini bölüşüblər. Çıxışlarda Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirilmə işlərinin aparılması, fövqəladə hallar zamanı ilkin tədbirlər görülməsi ilə bağlı ümumi təhsil müəssisələrində treninq-müşavirələrin keçirilməsi tövsiyə olunub əlavə tədbirlər barədə müzakirələr aparılıb. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev suda boğulma təhlükəsinə qarşı maarifləndirilmə işlərinin fasiləsiz təmin olunmasını tövsiyə edib, həmçinin təhsilalanların və təhsilverənlərin yarana biləcək fövqəladə hallara daim hazır olması, belə vəziyyətlərdə davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsninin vacibliyini diqqətə çatdırıb.
Aparılan müzakirələrdə ölkədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu söylənilib, genişmiqyaslı islahatların təhsil sektoruna müsbət təsirlərindən danışılıb, xüsusi diqqət məktəbin pedaqoji kollektivinin 2024-2025-ci tədris ilinin təşkili barədə elm və təhsil nazirinin müvafiq əmrində nəzərdə tutulan məsələlərin icrasına yönləndirilib. Məktəbəqədər təhsil və ibtidai təhsil arasında varislik və fasiləsizliyin təmin olunmasının üstünlükləri vurğulanıb.
Eyni zamanda qeyd olunub ki, məktəbdə əsl vətənpərvər ruhlu vətəndaşlar yetişdirilməli, onlar milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməlidir. Bu kontekstdə Elm və Təhsil Nazirliyinin əməkdaşı R.Ağayev bildirib ki, neftçi Qurban Abbasovun 2026-cı il 26 oktyabr tarixində anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar R.Ağayev onun adı verilmiş məktəbdə xatirə guşəsinin yaradılması, ad günündə ağac əkilməsi kampaniyasının təşkil edilməsi, rayonun neftçi-veteranları ilə məktəblilərin görüşlərinin keçirilməsi və digər tədbirlərin təşkil olunması barədə təklif verib. Həmçinin məktəblilərin neftçi Qurban Abbasovun oxuduğu qocaman təhsil ocağı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimləri ilə maarifləndirici görüşlərinin təşkil olunması təklif olunub.
Görüşün sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev məktəb kitabxanasına Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitabları, həmçinin yazıçının son illərdə çap olunmuş kitablarını və tanınmış ziyalıların ədəbi-publisistik əsərlərini hədiyyə edib.
R.Ağadədəbəyov