Afiyəddin Cəlilovun nəvəsinin yeni skandal videosu yayılıb.
Musavat.com xəbər verir ki, o, indi də avtobusda insanları şoka salan hərəkətlər edib və bunu da videoya çəkdirib.
Sosial şəbəkələrdə özü tərəfindən yayılan videodan da göründüyü kimi, yeniyetmə Əli-Afiyəddin Cəlilov xarici ölkələrdən birində telefonuna “bulutuz”la qoşduğu səsgücləndiricidən toyuq səsləri çıxararaq insanların reaksiyasını yoxlayır. Bu da öz növbəsində avtobusdakı sərnişinlərin narazılığına səbəb olur. Onlar yeniyetmənin qeyri-adekvat hərəkətindən və toyuq səsindən şok yaşayırlar.
Qeyd edək ki, Paytaxtın Səbail rayon sakini olan Əli-Afiyəddin Nihad oğlu Cəlilov sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınır. O, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsidir. Atası Nihad Cəlilov isə Bakıda tanınmış biznes adamlarından sayılır. “Armada Distrubition” şirkətinin rəhbəri olan Nihad Cəlilov Bakı bulvarı ərazisində iaşə obyektinə də sahibdir.
Nəvə Cəlilov sonuncu dəfə Bakının mərkəzində yaşlı qadını qucağına alaraq onu narahat etməsi ilə gündəmə gəlmişdi. Ümumiyyətlə, o, ictimai nəqliyyatda, küçədə qeyri-adekvat hərəkətlər edərək videolar paylaşır. Bir müddət əvvəl sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilmişdi.
Atası Nihat Cəlilov oğlunun davranışlarına görə ictimaiyyətdən üzr də istəmişdi: “Son zamanlarda olan bu hadisələr təbii ki ailəmizi çox sarsıtdı. Oğlumun etdiyi hərəkətlərin kiməsə mənəvi zərəri olubsa, hamıdan üzr istəyirəm. Bu hələ yeniyetmədir. Afiyyədin Bakıda tibb müəssisələrinin birində müalicəsini davam etdirir. Hər kəsə anlayışına görə təşəkkür edirəm”.
Görünən budur ki, gənc Afiyəddin müalicəsini “uğurla” bitirib, ata-anasının başını “uca” etməkdə davam edir.