EN

Suverenlik Günü müasir Azərbaycan tarixinin ən parlaq səhifəsini tərənnüm edir – Məlahət İbrahimqızı

20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı tarixi əhəmiyyət kəsb edir. Bu son 200 illik tariximizdə ərazi bütövlüyü və suverenliyimizlə bağlı güclü Azərbaycan dövlətinin, xalqımızın birliyinin, hərbi siyasi rəhbərliyin sarsılmaz iradəsinin açıq tərənnümüdür. Azərbaycan xalqı 90-cı illərin əvvəllərində yenicə müstəqillik qazandığı dövrdə təsadüfi adamların siyasi hakimiyyətə gəlməsi nəticəsində böyük acılar, fəlakətlər yaşadı. Xalqımız soyqırımlar, etnik təmizləmələrə məruz qaldı. İşğalçı Ermənistan məhz Azərbaycanda mövcud olan pərkəndəlikdən, hakimiyyətsizlikdən istifadə edərək ərazilərimizi işğal etdi. Bu işğal bütün beynəlxalq hüquq normalarına zidd olaraq 30 ilə yaxın davam etsə də Azərbaycan xalqının əzmini, iradəsini, ona məxsus olana gec-tez sahib olmaq arzusunu sarsıda, sındıra bilmədi. Ulu Öndər Heydər Əliyevin strategiyası ilə doğru yolda irəliləyən Azərbaycan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyinə qovuşdu.

Bunu açıqlamasında VI çağırış Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, müasir tarixdə ancaq Azərbaycan dövləti məhz cənab Prezident İlham Əliyevin strateji dühası ilə ərazi bütövlüyünə qovuşa bilib: “Qloballaşan dünyada, çətin kataklizmlərin baş verdiyi bir ortamda ərazi bütövlüyü və suverenliklə bağlı qəti iradə nümayiş etdirmək ancaq yüksək səviyyəli strateqlərə, sarsılmaz iradəyə malik şəxslərə malik bir xüsusiyyətdir. Azərbaycan xalqı xoşbəxtdir ki, məhz bir yumruq kimi ətrafında birləşdiyi ulu öndər Heydər Əliyev ideyaları onun sabahına işıq saçır. Torpaqlarımız 30 illik erməni işğalından azad edilib. Bu gün Azərbaycan ərazisində uzun on illiklər hökm sürmüş qanunsuz xunta rejimi, separatçılar yoxdur”.

Millət vəkili bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib: “İşğalçı ölkə hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilib. Ölkəmizin təbii resursları talan olunub. Dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilib”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək tarixi Zəfər qazanıb: “Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır”.

Chosen
56
1
yenigundem.az

2Sources