EN

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

19-20 sentyabr tarixlərində Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.

“Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”, – R.Rüstəmov qeyd edib.

ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta Dəhlizin daha bir qolu olaraq Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq, Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir.

“Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhliz ilə TransƏfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da vardır”, – R.Rüstəmov əlavə edib.

ADY sədri çıxışında qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün strukturlu iş aparılmalı, dəhliz konsepsiyası inkişaf etdirilməli, tarif siyasəti formalaşdırılmalı, əməliyyatların effektivliyinin artırılması, daha sürətli və təhlükəsiz daşımalar üçün Orta Dəhliz üzrə rəqəmsal həllərin yeni marşrutda tətbiqi imkanları öyrənilməli və tətbiq edilməlidir.

Tədbirdə “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev dəstəkləyərək bildirib ki, Avropa ölkələrinin Mərkəzi Asiya bazarlarına, xüsusilə Özbəkistan bazarına artan marağı müşahidə olunur. Özbəkistan da Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşıma əməliyyatlarına maraq göstərir.
Sonra tədbirdə çıxış edən Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların böyük potensialı olduğunu qeyd edib. U.Yalçın əlavə edib ki, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xətti də Orta Dəhliz üzrə yükdaşımaların artırılmasına böyük təkan verəcək.

Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) prezidenti Yanq Bin isə ölkəsinin Orta Dəhlizlə yükdaşımaların artmasında maraqlı olduğunu bildirib və qeyd edib ki, CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması bu dəhlizlə yük həcmlərinin artmasına töhfə verəcək.

Chosen
9
6
apa.az

9Sources