"Artıq Çindən göndərilən yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə nəql edilməsinə dair razılıq əldə edilib".
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında deyib.
O, bu ilin sonuna qədər Çindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə 300-ə yaxın konteyner blok qatarının göndərilməsinin planlaşdırıldığını bildirib.
Rövşən Rüstəmov onu da qeyd edib ki, orta hesabla, Orta dəhlizlə blok qatarlar Çindən Azərbaycana 8-10 gün ərzində, Gürcüstanın limanlarına isə 12 gün ərzində çatdırılır. Qeyd olunan göstərici təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir.