Bakı, 20 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir. Agentlik tərəfindən bu ilin 8 ayında 184 min 122 gənc müxtəlif məşğulluq tədbirlərinə cəlb olunub.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 39 min 427 gənc münasib işlərlə təmin edilib, 1048 gənc üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb.
Digər bir istiqamət olaraq 5 min 647 gənc əmək bazarının aktual istiqamətləri üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Əsasən gənclərdən ibarət 138 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilib.