EN

Əhməd Əhmədovun tükürpədici İFADƏSİ

Bu gün, oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi davam etdirilib.

 

Əhməd Əhmədovun cinayət işi hakim Səbinə Məmədzadənin icraatındadır. Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, proses qapalı keçirilib.

 

Prosesdən sonra Əhməd Əhmədovun vəkili Sənan Hüseynov mediaya açıqlama verib. Bildirib ki, proses zərərçəkmiş şəxslərin hüquqi varislərinin təhlükəsizliyi ilə bağlı qapalı elan olub. Vəkil deyib ki, iclasda hüquqi varislər və şahidlər dindirilib. O, həmin şəxslərin ifadələri ilə bağlı açıqlama verməyib.

 

Prosesdə hakim Səbinə Məmmədzadə Əhməd Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edilib.

 

Məlum olub ki, Əhməd bir zamanlar barmen işləyib.

 

Əhməd Əhmədov ibtidai istintaqa ifadəsində deyib ki, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşayıb. Baş vermiş hadisə ilə əlaqədar bildirib ki, mərhum Əhmədov Mehman Əhməd oğlu onun atası, mərhum Əhmədova Pikə Bədəl qızı onun anası, mərhum Əhmədova Elmira Mehman qızı onun doğma bacısı, mərhum Əhmədov Məhəmməd Mehman oğlu onun doğma qardaşı, azyaşlı Ülviyyə isə bacısı Elmiranın qızıdır. Atası, anası və qardaşı Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B, mənzil 303-də, bacısı Elmira Əhmədova isə qızı Ülviyyə ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşayıblar. O, dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev alıblar və həmin evdə tək yaşamışdır.

 

Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləyib. Cinayət törədən vaxt heç bir yerdə işləməyib.

 

13.02.2024-cü il tarixdə, saat 10 radələrində atası Mehmanla birlikdə göy rəngli "Hyundai Accent” markalı, Az 10 LY 304 dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində olan evlərinə gediblər və həmin vaxt evdə heç kim olmayıb.

 

Atası yemək hazırlayanda ona hucum edib, öldürüb

 

Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlayıb. O, atasını öldürmək qərarına gəldiyi üçün evin mətbəxindən götürdüyü bıçaqla qəflətən atasına zərbələr vurmağa başlayıb, atası ağır xəsarətlər alaraq yerə yıxılıb və o, avtomobilin açarını və atasını vurduğu bıçağı götürərək evdən çıxıb.

 

Maşına minib bacısının evinə getdi, bacısını da, azyaşlı qızını da öldürdü

 

"Hyundai Accent” markalı, Az 10 LY 304 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunda yaşayan bacısı Elmiragilə gedib. Bacısı qapını açıb və o, Elmiraya öz üzərində olan bıçaqla zərbələr vurmağa başlayıb və Elmira yerə yıxılıb.

 

Həmin vaxt evdə olan bacısı qızı Ülviyyə ağlayırmış, o, sonuncuya da bıçaqla zərbələr vurarkən bıçaq əlində qırılıb. Daha sonra mətbəxə keçmiş və oradan başqa bıçağı götürərək onların ikisinə də həmin bıçaqla yenidən zərbələr vurub. Bıçaqların ikisini də orada qoyub, Anası Əhmədlə küçədə rastlaşıb, "çıx get, bəsdir, ailəmizi çox incidirsən” deyib "Hyundai Accent” markalı avtomobil ilə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən binanın həyətinə qayıdıb və avtomobili orada saxlayıb.

 

Təxminən saat 15 radələrində məhəllədə olan "AL marketə” girib və siqaret almaq istəyib. Lakin, əlində qan olduğunu gördükləri üçün ona siqaret satmayıblar. Marketdən çıxarkən görüb ki, anası Pikə və qardaşı Məhəmməd yaşadıqları evə gedirlər. Anası ilə sözlü mübahisə etdikdən sonra anası ona deyib ki, "çıx get, bəsdir, ailəmizi çox incidirsən”.

 

Əlində balta anası ilə qardaşını mənzilin qapısında haqladı

 

Anası Pikə qardaşı Məhəmməd ilə birlikdə öz yaşadıqları binaya tərəf gedib, o da 1001 xırdavat mağazasına girib 20 manata balta alıb və onların arxasınca yaşadıqları binaya tərəf gedib. Baltanı belinə qoyub anasıgil yaşayan bloka daxil olub. Həmin vaxt anasıgil lift ilə öz yaşadıqları mənzilə qalxırmışlar. O da digər lift ilə həmin mənzilə qalxıb. Liftdən çıxan kimi belindəki balta ilə qapını açmaq istəyən anasını vurmağa başlayıb.

 

Ona mane olmaq istəyən qadına "bas bayıra" dedi, qardaşını da öldürdü

 

Bu zaman arxadan qadın cinsli bir şəxs anasını nə üçün vurduğunu soruşduqda, ona "bas bayıra” deyərək qışqırıb. Sonra həmin balta ilə qardaşı Məhəmmədi də vurub və onları da öldürdükdən sonra qapını açaraq evə girib. Baltanı şkafla eyvanın divarı arasında olan hissədə olan 2 ədəd su borusunun arxasında gizlədib, paltarlarını dəyişərək evdən çıxıb. Piyada binanın həyətində yerləşən "AL market’’in qarşısına gəlmiş və orada olan polis işçiləri özünü şübhəli apardığı üçün onu saxlayıb və Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə gətiriblər.

 

Daxilimdəki səs sanki deyirdi ki, ailə üzvlərini öldürməliyəm

 

O, verilən suallara cavab olaraq göstərib ki, hadisə baş vermiş Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B-nin 1-ci mərtəbəsində quraşdırılmış təhlükəsizlik kamerasının görüntülərində 13.02.2024-cü il tarixdə, saat 15:43-də şalvarının kəmərinə balta keçirmiş kişi cinsli şəxs o özüdür. Atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymamaları, ona diqqət göstərməmələri və ondan ayrı yaşamaq istəmələri səbəbindən onda ailə üzvlərinə qarşı böyük nifrət yaradıb. Qardaşı Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynləri kimi olacaqları üçün onların hər birini öldürüb ki, rahatlıq tapsın. Eyni zamanda daxilimdəki səs sanki deyirdi ki, ailə üzvlərini öldürməliyəm və o, bunu edib.

 

Cinayət hadisəsi zamanı sağ əlinin iki barmağının kəsilməsi xəsarətini alıb. Hadisənin şahidi qonşuluqdakı mənzildə yaşayan adını bilmədiyi qadın cinsli şəxs olub. Hadisə baş verən vaxt əynində qara rəngli qolsuz gödəkçə və göy rəngli cins şalvar olub.

 

Hadisə zamanı bədən səthi üzərində və paltarlarında qan ləkəsi olub. Odur ki, paltarlarını anası və atası yaşayan mənzilin hamam otağında dəyişib çölə çıxıb.

 

Ruhi və psixi xəstə deyiləm

 

Qeyd edib ki, o, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmir, heç vaxt narkotik vasitə qəbul etməyib, hərdən bir spirtli içki içmişdir. Cinayət törədən zaman spirtli içkinin təsiri altında olmayıb.

 

Xatırladaq ki, ölkədə geniş rezonans doğuran cinayəti Əhməd Əhmədov bu il fevralın 13-də törədib. O, 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədovanı, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyevanı və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu qətlə yetirib.

 

Prokurorluqdan məhkəməyə göndərilən qərara görə Əhməd Əhmədovun uşaqlıqdan psixoloji durumu normal olmayıb, şizofreniyadan əziyyət çəkib. Orta məktəbdə 9-cu sinifə kimi təhsil alan Əhmədov hərbi xidmətə yararsız hesab edilib.

 

Yaxınlarının köməyi ilə Moskva şəhərində universitetlərdən birində ali təhsil alıb. Əhməd Əhmədov istintaqa ifadəsində ailə üzvlərini öldürməsini ailədə onu heç kimin saymaması, ona diqqət göstərməməsi ilə izah edib. Ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayıb. İstintaq sənədlərinə görə, o, tək yaşadığı üçün ailə üzvləri ilə münasibətləri normal olmayıb. Amma hadisə günü atası Mehman Əhmədov onu öz evinə gətirib. Əhməd atası səhər yeməyi hazırlayan vaxt qəfil onu öldürmək fikrinə düşüb. Qatil oğul evdə atasını tək olanda öldürüb. Atası öləndən sonra onun avtomobilinin açarını götürərək evdən çıxıb və maşına minib birbaşa bacısı Elmiranın evinə gedib. Elmira qapını açan kimi Əhməd əlindəki bıçaqla onu da öldürüb. Əhməd azyaşlı bacısı qızını öldürmək istəyərkən əlindəki bıçaq qırılıb. Buna baxmayaraq evin mətbəxindən başqa bıçaq götürərək uşağı da öldürüb. O, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib. Marketdən çıxdıqdan sonra anası Pikə və qardaşı Məhəmmədin evə gəldiyini görüb. Yaxınlıqdakı mağazadan 20 manata balta alan Əhməd ana və qardaşını həmin balta ilə öldürüb. İstintaq materiallarına görə, balta ilə əvvəl anasını sonra da qardaşını öldürüb. İşini bitirdikdən sonra baltanı evin şkafında gizlədib. Qeyd olunub ki, dəhşətli qətllərin törədildi ərazidə polis əməkdaşları olub. Orada olan Əhmədin özünü şübhəli aparması nəticəsində saxlanılıb. Dəhşətli qətllərin üstü açılıb. Qeyd edək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Əhməd Əhmədovun hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmasına, həmçinin cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

 

Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsinə yerləşdirilib.

 

Əhməd Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

 

Proses oktyabrın 10-da davam etdiriləcək.

Tarix: 8 Oktyabr 2024, 17:57   
Chosen
23
13
pravda.az

10Sources