EN

Xronika: “Azərbaycanlılara qarşı ən böyük soyqırımı Zəngibasarda törədilib”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti verilişdə Milli Məclisin deputatı İlham Məmmədov İrəvan xanlığının 1111 kəndindən cəmi 62-də gəlmə ermənilərin yaşadığını bildirib.

"Far.Az" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi olan deputat ata-baba yurdu Zəngibasar mahalından söhbət açıb.

Bildirib ki, Qərbi Azərbaycanın bu dilbər guşəsi ilə bağlı uşaqlıq xatirələri var. O, babalarının və digər qohumlarının ötən əsrin əvvəlində baş verən birinci deportasiya zamanı Zəngibasar və Üçkilsə rayonlarından, o cümlədən Uluxanlı qəsəbəsindən, Rəncbər kəndindən köçərək Yevlaxda, əsasən də Səmədabad kəndində məskunlaşdığını diqqətə çatdırıb. Ermənilər o dövrdə azərbaycanlılara qarşı ən böyük soyqırımı məhz Zəngibasarda törədiblər. Deputatın sözlərinə görə, məcburən öz evini tərk edən, qətliamlara məruz qalan soydaşlarımız bir neçə ildən sonra tarixi torpaqlarımıza, qədim yurd yerlərimizə təkrar qayıdıblar. Lakin təəssüf ki, onlar 1948-1953-cü illərin deportasiyasında yenidən doğma evlərini, ocaqlarını tərk etmək məcburiyyətində qalıb, didərginlik həyatı yaşayıblar.

İ.Məmmədov Qərbi Azərbaycanda tarixən soydaşlarımızın yaşadığını xatırladıb. Qeyd edib ki, İrəvan xanlığı dövründə 1111 kənddən yalnız 62-də gəlmə ermənilər yaşayıblar. O, 1828-1920-ci illər ərzində Qərbi Azərbaycanda cəmi 3 kəndin adının dəyişdirildiyini vurğulayıb. Deyib ki, Sovet Ermənistanı dövründə toponimlərimizə qarşı dövlət səviyyəsində soyqırımı törədilib, azərbaycanlılara məxsus yer adları kütləvi şəkildə dəyişdirilib.

1988-ci il deportasiyasından danışan İ.Məmmədov bildirib ki, o dövrdə azərbaycanlıları müdafiə edən, onların problemini SSRİ rəhbərliyi qarşısında qaldıran, qətiyyət nümayiş etdirən rəhbər şəxs olmayıb. Buna görə də azərbaycanlılar böyük maddi və mənəvi ziyanla üzləşib, doğma el-obalarından zorla qovulublar.

Milli Məclisdə Yevlax seçicilərini təmsil edən İ.Məmmədov deyib ki, bu rayonun İrəvanlı qəsəbəsinin sakinləri vaxtilə Qərbi Azərbaycanın ən müxtəlif yaşayış məntəqəsindən deportasiya olunan soydaşlarımızdır. O, həmin sakinlərlə tez-tez görüşdüyünü xatırladıb. Deyib ki, Qərbi azərbaycanlılar ata-baba torpaqlarına qayıtmaq istəyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutların, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 14-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.

Chosen
157
21
far.az

10Sources