Zəngəzur dəhlizinə Azərbaycan və Ermənistan nəzarət edəcək.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Zəngəzur dəhlizi məsələsi sülh müqaviləsindən çıxarılaraq həlli sonrakı mərhələyə saxlanılıb. Yəni sülh müqaviləsi bağlandıqdan sonra tərəflər bununla bağlı razılaşma əldə edə bilərlər. Hazırda məsələni gündəmə gətirən Rusiyadır. Bununla bağlı Rusiya və Ermənistan arasında siyasi müzakirələr davam edir. Nikol Paşinyan Rusiyanın bu yola nəzarət etməsində maraqlı deyil”, - ekspert qeyd edib.
Əsədullazadənin fikrincə, bütün səylərinə baxmayaraq, dəhlizə nəzarət Rusiyada olmayacaq:
“Yekunda Zəngəzur dəhlizi açılacaq və bu yola iki dövlət – Azərbaycanla Ermənistan nəzarət edəcək. Hələlik bu, sülh müqaviləsinin bağlanmasından sonrakı mərhələyə saxlanılıb. Hazırda Bakı və İrəvan sülh sazişinin qalan bəndələrini razılaşdırmaqla məşğuldur. Yekun sənədə imzaların atılması üçün İrəvan bu bəndləri qəbul etməlidir. Bunlardan ən əsası Azərbaycana qarşı ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılması ilə bağlıdır. Yekun müqavilə bundan sonra imzalanacaq”.