EN

Ermənistan 12 döyüş təyyarəsi alır - Bakıya qarşı müharibə hazırlığı

Ermənistan Hindistandan 8-12 ədəd döyüş təyyarəsi almaq üçün danışıqlara başlayıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Avions Legendaires” hərbi portalı yazıb.

Portal qeyd edir ki, Ermənistan oktyabrın sonlarında Su-30MKİ Flanker-H qırıcılarını, eləcə də xüsusilə silahların partiyasını əldə etmək üçün Hindistanın təyyarə istehsalçısı olan HAL (Hindustan Aircraft Limited) şirkəti ilə danışıqlara başlayıb. Buna paralel olaraq, Ermənistan 5 ildir təxirə salınan Su-30SM Flanker-C təyyarələrinin sifarişini ləğv etmək niyyətindədir.

“Bu, Hindistanın öz Su-30MKİ təyyarələrini ixrac etməsi üçün ilk müqavilə olacaq. Ermənistanın hərbi hava qüvvələri 2019-cu ilin yazında Rusiyadan alınan 4 ədəd Su-30SM Flanker-C və təxminən 15 ədəd köhnə Su-25 K-lardan ibarətdir. Lakin 2019-cu ildə 4 ədəd Su-30 aldıqdan sonra Ermənistan daha 8 ədəd Su-30SM sifariş etmək qərarına gəlib. Müqavilənin 70 faizi ödənilsə də, o vaxtdan heç bir təyyarə gətirilməyib. Səbəb sadədir: Rusiyanın təyyarə şirkəti “Sukhoi” heç bir yeni təyyarə istehsal etmədi və hazırda mövcud olan Su-30-lar rusların öz ehtiyacı üçün istifadə edilir. 5 ildən sonra deyəsən ermənilərin səbri tükənib. Rusiya təkcə müştərisini yox, həm də müttəfiqini itirə bilər. Ermənistan HAL şirkəti ilə 8-12 ədəd Su-30MKİ-nin tədarükü haqda danışıqlara başlayıb. Şirkət bunu təmin etməyə hazırdır, lakin bir şərtlə ki, “Sukhoi” ilkin ödənişi etsin və hazırda mövcud olan 4 ədəd Su-30SM-i Su-30 MKİ standartına yüksəltsin. Bu, passiv elektron skan edilmiş massiv radarının aktiv Uttam radarı ilə əvəz edilməsinə imkan verəcək. Danışıqlar “Astra 12 uzaqmənzilli “hava-hava” raketləri, “Rudram 1” anti-radar raketləri və SAAW idarəolunan bombaların təmin edilməsi üzərində aparılır. Bunlar Hindistanda dizayn edilib və istehsal olunur”, - portal yazır.

Hindistandan döyüş təyyarələrinin alınması ilə bağlı danışıqların aparılması Ermənistanın sürətlə silahlanmasının bir hissəsidir. Fransa başda olmaqla Qərb ölkələri, o cümlədən, rəsmi Parisin lobbiçiliyi ilə Hindistan Errmənistan ordusunu ağır texnika və hücum silahları ilə təchiz edir. Bu, sülhdən danışan rəsmi İrəvanın ritorikasına uyğun gəlmir. Sürətlə silahlanma Ermənistanın həm regiondakı şərtləri dəyişmək, həm sülh danışıqlarında maraqlarını önə çıxarmaq məqsədilə Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı təhlükəsini ön plana çıxarır.

Chosen
64
10
axar.az

8Sources