Türk Akademiyasının elmi nəşrlərinin təqdimatı keçirilib — FOTOLAR
Astanada Lev Qumilyov adına Avrasiya Milli Universitetində (AMU) “Dil və ədəbi irs – birliyin əsası” adlı elmi seminarı çərçivəsində Beynəlxalq Türk Akademiyasının nəşrlərinin təqdimatı keçirilib.
Demokrat.az-ın məlumatına görə, mərasimdə Türk Akademiyasının vitse-prezidenti Asxat Kəsikbayev, AMU-nun prorektoru Ardak Beisenbay, Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoglanov, Qırğızıstanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Dastan Dyuşekeyev, Türkmənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Batır Rəcəbov, Türkiyənin Qazaxıstandakı səfiri Ömər İnan, digər diplomatik nümayəndəliklərin və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Təqdim olunan əsərlər arasında Krım tatar şairi və türkoloq Bəkir Çobanzadənin qazax dilinə ilk dəfə tərcümə edilmiş "Tiltutka" adlı seçilmiş əsərləri toplusu xüsusi diqqət mərkəzində olub. Kitabda müəllifin türkşünaslıq üçün əhəmiyyətli olan əsas tədqiqatları yer alıb.
Təqdimatda həmçinin Türk Akademiyasının "Türk dillərinin terminoloji lüğətləri"nin yaradılması layihəsi çərçivəsində hazırlanmış iqtisadiyyat, tibb və hərbi məsələlərə aid lüğətlər də nümayiş etdirilib. Bu nəşrlər elmi terminologiyanın standartlaşdırılması istiqamətində mühüm addım idi.
Nəşrlər arasında Axmet Buranın böyük türkmən şairi Maktımkulı Pıraqinin 300 illik yubileyinə həsr olunmuş “Maktumkuli” monoqrafiyası və Azər Turanın türk dünyasının ən görkəmli simalarından birinə həsr olunmuş “Əli bəy Hüseynzadə” kitabları təqdim olunub.
Şairlər Məhəmməd Hüseyn Şəhriyar və Bulud Qaraçorlu Səhədin əsərlərinin yer aldığı “Saqınış sazdarı” (Özləm tərənnümləri) Azərbaycan əsərləri toplusu qonaqların marağına səbəb olmuş, mədəni əlaqələrin möhkəmləndirilməsində ədəbi irsin əhəmiyyətini vurğulamışdır.
Türk Akademiyasının vitse-prezidenti Asxat Kəsikbayev çıxışında Akademiyanın prezidenti Şain Mustafayevin adından salamlama sözlərini çatdıraraq qeyd edib ki, Akademiyanın hər yeni nəşr təkcə elmi iş deyil, həm də elmin möhkəmləndirilməsi işinə mühüm töhfədir. Bu türk xalqlarının elmi inteqrasiyasıdır.
Tədbir iştirakçıları Türk Akademiyasına türk xalqlarının mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsinə mühüm töhfəsinə görə minnətdarlıqlarını bildirmiş, belə nəşrlərin vahid elmi məkanın yaradılmasına, alimlər arasında bilik mübadiləsi imkanlarının genişləndirilməsinə töhfə verdiyini vurğulamışlar.