EN

Taksilərlə bağlı tətbiq edilən qanunlar ötən dövr ərzində nəyi dəyişdi?

Azərbaycanda iyulun 1-dən taksi fəaliyyətinə icazə üçün yeni tələblər qüvvəyə minib. Ötən dövr ərzində taksi fəaliyyəti istiqamətində müəyyən işlər görülsə də, hələ də bu sahə ilə məşğul olan şəxslərin məcburi əməl etməli olduğu qaydalarla bağlı zaman-zaman vətəndaşlar tərəfindən müəyyən narazılıq və şikayətlər səsləndirilir. 

Bəs yeni qaydalar taksilərin fəaliyyətinə necə təsir etdi? Nəqliyyat ekspertləri ötən dövr ərzində taksi fəaliyyəti ilə bağlı hansı müsbət və mənfi hallar müşahidə edib?

Mövzu ilə bağlı Valyuta.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu gün Bakıda nəqliyyatın sərnişindaşımada əsas apponenti taksi fəaliyyətidir:

"Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün yeni qaydaların tətbiq edilməsi, insanların müəyyən proseslərdən keçməsinin təbliğatı və təşviqatı özlüyündə nəqliyyat vaistələri üçün bir sınaq idi ki, həmin dövrü keçdilər. Sonra isə taksilər üçün müəyyən qaydaların tətbiq olunması - imtahanların keçirilməsi, sürücülərin biliklərinin yoxlanılması, maşınlarla bağlı il tələbinin qoyulması, texniki avadanlıqla təchiz edilmə və s. kimi tələblər taksilərin qiymətinə və sayına təsir etsə də, amma tədricən vəziyyət yerini alaraq oturuşmuş sistemə çevrildi".

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə bağlı qoyulan qaydalarla yanaşı, bu işlə məşğul olan şəxslərin baş verəcək hansısa hadisədən sığortalanması labüd məsələdir. Ona görə də bu və digər formada taksilər üçün müəyyən meyarların tətbiq olunması, onların insanlar tərəfindən istifadəsi özünəməxsus qaydada həyata keçirilir:

"Doğrudur, bu cür addımlar öncə vətətndaşlar tərəfindən müsbət qarşılansa da, sonradan bu prosesin ləng getdiyini müşahidə etdik. Nəzərə almaq lazımdır ki, tətbiq edilən qaydalar bu sektorun inkişafını vacib edən amillərdən biridir". 

Ekspert Rövşən Həsənov isə qeyd edib ki, iyulun 1-dən başlayaraq taksi haqqında yeni qaydalar qüvvəyə minsə də, tətbiq edilməsi gözlənilən yeniliklərlə bağlı vətəndaşların kifayət qədər şikayəti var:

"Bu isə boynuna yük düşüb, məsuliyyəti üzərinə götürən qurumun ciddi nəzarət etməyəcəyi zamana qədər mütəmadi olaraq davam edəcək. Məhz bu qərarın ortaya çıxması həmin qurumların səhlənkar yanaşıb, normal nəzarət etməməsi nəticəsində baş verdi". 

Taksi fəaliyyəti ilə bağlı yeni qaydalar tətbiq olunmazdan öncə bu sahədə baş verən neqativlər, taksi sürücüsü kimi işləyən sürücülük hüququna yeni yiyələnmiş şəxslərin qeyri-peşəkarlığı peşəkar sürücülərdə və sərnişinlərdə kifayət qədər qıcıq yaradırdı. Bu isə həmin taksilərə qoyulan qaydalara nəzarətin daha ciddi olacağı günə qədər davam edəcək.

Bununla bağlı istər sosial şəbəkələrdə, istər televiziya və radiolarda kifayət qədər rezonans doğuran xəbərlər gedib. Bütün bunların nəticəsi olaraq həmin qərarlar ortaya çıxdı. Bu qərarlar ortaya çıxdıqdan sonra isə biz ilk olaraq qiymət artımını və taksilərin sayının azalmasını müşahidə etdik. Nəqliyyat vasitələrinin sayı azaldıqca, qiymətlərdən narazı olan sərnişinlər hər xırda qıcıq oyadan məqamı axtarmağa başladı. Düşünürəm ki, bütün bu narazılıqlar nəticə etibarı ilə nəqliyyat vasitələrinin sayının azalması, qiymətlərin artırılması və nəzarətin həyata keçirilməməsi ilə bağlıdır". 

Davud

Chosen
90
valyuta.az

1Sources