EN

Zəngəzurla bağlı ilk anlaşma: Həll yolu belə tapıldı

ReAl Partiyasının sədri Natiq Cəfərli Ermənistan-Azərbaycan sülh prosesi və Ermənistan-Türkiyə normallaşması ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, yaxın gələcəkdə sülh müqaviləsinin razılaşdırılmamış bəndləri üzrə razılığa gəlmək mümkün olacaq, bundan sonra saziş imzalanmağa hazır olacaq. Rəsmi Bakı da indiyədək bəyan edirdi ki, bütün bəndlər tam razılaşdırılsın, sənəd sonra imzalansın, İrəvan isə yarımçıq müqavilənin imzalanmasında təkid edirdi. Mirzoyanın açıqlaması onu göstərirmi ki, İrəvan Bakının bu israrlı tələblərindən sonra geri çəkilib, tam sülhə getmək qərarına gəlib?

- Sülh müqaviləsi ilə bağlı həddindən çox informasiya axını var. Yaxınlarda ABŞ prezidenti Azərbaycan və Ermənistan liderlərinə məktub göndərdi, Britaniya baş naziri publik çıxışlarından birində bu mövzuya toxundu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxınlarda məsələnin həllinə ümid etdiyini söylədi və sair. Yəni hansısa bir proses gedir.

Həmçinin Azərbaycanın haqlı arqumentləri yavaş-yavaş beynəlxalq aləmdə anlaşılır. Azərbaycan bu məsələyə birdəfəlik nöqtə qoyulması, yeni səhifə açılması və hansısa iddianın gələcəkdə münasibətlərdə xələl gətirməməsini təklif və tələb edir. Doğru yanaşmadır.

Ermənistanın isə yanaşması beləydi ki, nə razılaşdırmışıqsa, onu imzalayaq, qalan məsələləri də qarşıdakı mərhələdə həll edək. İndi görünən budur ki, bir ortaq məxrəc axtarılır. Məncə, hansısa sənəd imzalanacaqsa, bu, sülh müqaviləsi yox, çərçivə sazişi olacaq. Yekun sülh müqaviləsi də Azərbaycanın şərtləri daxilində imzalanmalıdır. Bunlar da haqlı və beynəlxalq hüquqa uyğun şərt və tələblərdir.

Düşünmürəm ki, yaxınlarda sürpriz şəkildə hansısa sənədlər imzalansın. Ermənistan Konstitusiya Məhkəməsinin delimitasiyanın əsasnaməsi ilə bağlı bir qərarı oldu. Bu, növbəti addımı atmağa əsas yaradır. Həmçinin bu əsasnamənin Bakı və İrəvanda ratifikasiyasını da gördük. Bundan sonra çərçivə sazişi və delimitasiya-demarkasiyanın prinsipləri ilə bağlı bir sənədin imzalanması mümkündür. Bunlar da ikitərəfli münasibətlərin normallaşmasında ciddi rol oynaya bilər.

- Mirzoyan nəqliyyat dəhlizilərinin açılması barədə də müsbət açıqlama verib. Erməni nazir Bakıya bununla bağlı göndərilmiş təkliflərin müsbət qarşılandığını, bu yöndə müsbət ab-havanın olduğunu iddia edir. Sizcə, söhbət hansı təkliflərdən gedir və bu məsələ necə çözüləcək?

- Əslində, Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı ciddi bir problem yox idi. Burada əsas problem yola nəzarət məsələsidir, Ermənistanla Rusiya bu mövzuda anlaşa bilmir. İranın da müdaxiləsi yola Ermənistanın nəzarət etməsinə yönəlikdir. Tehran əvvəllər bunu şifrələnmiş şəkildə deyirdisə, axır vaxtlarda açıq formada bəyan edir.

İranla sərhəd-keçid məntəqəsində erməni sərhədçiləri və gömrüyünün olması ilə bağlı Rusiya ilə bir razılaşma oldu. Həmin anlaşmaya görə, Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədində qalacaq, amma sərhəd-keçid məntəqələrinə nəzarət İrəvanda olacaq. Belə bir qarşılıqlı güzəşti gördük.

Azərbaycanın da bu mövzuda bir xoş niyyət və jesti oldu. Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov avqustda bəyan elədi ki, əgər Zəngəzur dəhlizi məsələsi danışıqlarda irəliləyişə maneə yaradırsa, biz bunu kənara qoyub ayrıca bir müqavilə ilə də tənzimləyə bilərik. Bu, Azərbaycanın xoş niyyətinin göstəricisidir. İndi görünən budur ki, bu xoş niyyətə cavab olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sadələşdirilmiş üsulla sürətli keçidlə bağlı Ermənistan razılığa gəlib.

Beynəlxalq yüklərə gəlincə, çox güman ki, bu yöndə beynəlxalq qaydalara uyğun prosedurlar uyğulanacaq. Yəni tranzit xərcləri hesablanacaq, yüklər yoxlanılacaq və sair. Bu, yalnız beynəlxalq yükdaşımalarına aid ola bilər. Azərbaycanın əsas hissəsi ilə digər hissəsi arasındakı daşımalar isə sadələşdirilmiş üsulla həyata keçiriləcək, görünən budur ki, İrəvan buna razılıq verib. Məncə, Azərbaycan tərəfindən müsbət qarşılanan məqam da budur.

- İrəvanın Türkiyə ilə əlaqələrin normallaşmasına dair son açıqlamaları belədir ki, yaxın gələcəkdə sərhədlərin açılması, Qars-Gümrü dəmir yolu və diplomatik əlaqələrin bərpasına dair irəliləyişlər olacaq. İrəvanın bu nikbinliyi nədən irəli gəlir? Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-İrəvan münasibətlərinin normallaşmasının Azərbaycanla sülh müqaviləsinin imzalanmasına bağlı olduğunu açıqlamışdı. Ankara öz şərtində qalırmı?

- Diplomatik danışıqlar və ya hər şey kameralar önündə baş vermir. Bu, normal prosedurdur. Məsələlər həllini tapdıqdan və təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanır. Zatən, Azərbaycan və Türkiyə xarici siyasət və təhlükəsizliklə bağlı koordinasiyalı şəkildə hərəkət edir. Bayaq dediyim kimi, artıq çərçivə sazişi imzalanmaq üzrədir, bu baş verikdən sonra Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı gəlişmə görə bilərik. Yəni Türkiyə verdiyi sözü tutacaq. Çərçivə sazişi və ya hansısa anlaşma imzalanmadan Türkiyə-Ermənistan sərhədinin açılması mümkün deyil. Belə görünür.

Müharibə dörd ildir bitib, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyünü bərpa edib, amma Türkiyə ilə Ermənistan arasında hələ də danışıqlar gedir və irəliyə doğru bir praktiki addım atılmayıb. Çox güman ki, Türkiyə tərəfinin şərt və gözləntisi də yerinə yetiriləcək. Bu, Bakı və İrəvan arasında hansısa bir anlaşmanın imzalanmasından sonra olacaq. Artıq bu məsələ yekunlaşmaq üzrədir ki, hər iki tərəfdən kifayət qədər pozitiv bəyanatlar gəlir.

- Ermənistanda hələlik Azərbaycanda keçiriləcək COP29 sammitinə qatılmaq barədə qərar verilməyib. İrəvan niyə bu məsələni çək-çevirə salır, yaxud Bakıya gəlsələr, nə olacaq, gəlməsələr, nə olacaq?

- Sadəcə Ermənistan bu məsələdən istifadə edib müəyyən üstünlüklər qazanmaq istəyir. Mətbuata sızan məlumatlardan görürük ki, ən azı bu yöndə Azərbaycanda həbsdə olan bəzi şəxslərin (separatçılar) təhvil verilməsi ilə bağlı gözləntiləri var. Əlbəttə, Azərbaycan istəyər ki, Ermənistan nümayəndə heyəti gəlsin, bu, beynəlxalq aləmə də müsbət mesaj olardı. Amma gəlməsə də, dünya dağılmayacaq, bir problem yaşanmayacaq.

Ermənistan da düşünür ki, məqamıdır, Azərbaycandan hansısa kiçik bir güzəşt alıb, yerli ictimaiyyətin qarşısında Bakıya gəlişlərinin bir əsasını yaratsın. Bütün hallarda Ermənistandan bir nümayəndə heyətinin gələ biləcəyini güman edirəm. Mümkündür ki, Baş nazir Nikol Paşinyan olmasın, amma hansısa yüksək səviyyəli bir nümayəndə heyəti olsun.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
120
50
teleqraf.com

10Sources