EN

“Yeriyən akademiya”nın Sabir Rüstəmxanlıya məktubu: Təlatüm içində… - VİDEO

Oktyabr ayının Azərbaycan mətbuat və ictimai fikir tarixində önəmli bir yeri var. 35 il bundan öncə, 1989-cu ilin payızında, “əkim” ayında böyük Həsən bəy Zərdabinin “Əkinçi”sinin yolunda yeni bir ulduz parladı, çağdaş, müstəqil, demokratik mətbuatımızın ilk qaranquşu olan “Azərbaycan” qəzeti oxucularla görüşə gəldi; elə ilk sayından yüz minlərlə insanın qapısını döydü və qısa müddətdə qeyri-adi bir ümumixalq məhəbbəti qazandı.

20-ci əsrdə 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dövründə buraxılmış birinci, 1945-1946 cı illərdə Təbrizdə buraxılmış ikinci “Azərbaycan” qəzetlərindən sonra biz üçüncü “Azərbaycan”ı meydana çıxartdıq, Milli Hökumətin rəsmi mətbuat orqanını milli qəzet şəklində bərpa olundu. İki il sonra 1991-ci ilin oktyabrında həmin cümhuriyyətin özünü də bərpa etdik.

“Azərbaycan” qəzeti erməni işğalı ilə, Moskvanın riyakar siyasəti ilə, Azərbaycan rəhbərliyinin bivec vurnuxmaları ilə üz-üzə qalmış xalqın fəryadı idi və az sonra qəzetin tirajı yarım milyona çatdı. Bəziləri qəzetinin statusunu kiçiltmək məqsədi ilə onun Qarabağ Xalq Yardımı Komitəsinin orqanı olduğu fikrini ortaya atırlar. Əslində isə, Qarabağa Xalq Yardımı Komitəsini “Azərbaycan” qəzetinin ətrafındakı insanlar yaratmışdılar. Komitənin işçilərinin əmək haqqı da qəzetin gəliri hesabına verilirdi.

“Azərbaycan” qəzetində sonralar mətbuatımızda liderlik etmiş bir sıra görkəmli jurnalist yetişdi. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, qəzetin tarixi ənənəsinə uyğun olaraq, Milli Məclisin rəsmi qəzeti kimi fəaliyyət göstərməsini təklif etdim və “Həyat” qəzetinin yerinə “Azərbaycan” qəzeti parlamentin əsas mətbuat orqanı oldu.

Mən qəzetin baş redaktoru olaraq, tez-tez “Redaktordan” başlığı altında yazılar yazırdım. Fəaliyyətimizin bir ayı tamam olmamışdı ki, görkəmli ədəbiyyatşünas alim, Səməd Vurğunun “Yeriyən Akademiya” dediyi Əkrəm Cəfərdən bir açıq məktub aldım. Bu məktub həm mənim, həm də qəzetin fəaliyyətinə verilən böyük qiymət idi. Lakin Əkrəm müəllimin təkidlərinə baxmayaraq “mən haqqımda yazılan bu tərifləri öz qəzetimdə çap edə bilmərəm” deyərək məktubu qəzetdə vermədim. Alim dostumun inciyəcəyini bilsəm də... İndi Əkrəm müəllim haqq dünyasındadır. “Azərbaycan”qəzetinin ictimai fikrimizdə nə qədər ciddi rol oynadığını göstərmək üçün Əkrəm müəllimin özünə xas böyük ürəklə yazdığı bu məktubu qəzetin 35 illik yubileyi günlərində oxucularımıza təqdim edirəm. Ruhun şad olsun, ustad!

Sabir Rüstəmxanlı,
Oktyabr, 2024


Əkrəm Cəfərdən “Azərbaycan” qəzetinin baş redaktoru Sabir Rüstəmxanlıya açıq məktub

“Azərbaycan qəzetinin 19.10.89-cu il tarixli nömrəsində səhifə 1-də “Redaktordan” başlıqlı məqaləni oxuyuram, amma istəmirəm bunu oxuyub bitirim. Yavaş-yavaş və aramla, yubana-yubana oxuyuram. Ortasına çatmışam. Bir az dayanıram. Amma qurtarmasın bu məqalə. Uzansın, bir kitaba dönsün bu məqalə. Mən ha oxuyum-oxuyum, amma o bitməsin, sona çatmasın, deyirəm. Bitsə, sona çatsa, yenidən başlayaram bunu oxumağa təkrar-təkrar, içimdəki bu hissiyyat dalğalarını yenidən dalğalandıraram bu təlatüm içində. Bu kədərlərdən axıb gələn zövqü itirmək mənə dərd olar.

Oxu, Əkrəm oxu, yenə oxu, amma qurtarma. Belə ürək çalxalanmasını, hissiyyat daşqınlığını indiyə qədər mən yalnız dahi türk şairi Əbdülhəq Hamidin “Məqbər” adlı əsərinin müqəddəməsini oxuyarkən duymuşam. Belə ruhi həyacan məndə bir də Şekspirin və sevdiyim Viktor Hüqonun əsərlərini oxuduğum zaman olmuşdur.

Bu məqalə, bu həyat mənzərələri qəlbimdə bir zəlzələyə səbəb oldu. Böyük Sabirin dili ilə desəm, naxələf nabəşüurların, bivicdan, bimürvətlərin kefli ruhlarında bu zəlzələ, bu vəlvələ yaradırmı? Yoxsa onlar yenə Sabir demiş: “Ay alan, məmləkəti-Rey satıram” –ı xatırlayaraq: Ay alan, vicdan, qeyrət satıram! Ay alan, millət, vətən satıram,- deyirlər.

Görəsən Sabir Rüstəmxanlının bu əzəmətli pomfletinə bir nəzirə yaza bilən adam, yazıçı, şair tapılarmı bizdə? Bu böyük vəzifəni ifa etməyin öhdəsindən əgər dirilsəydi və bizim indiki dövr tariximizi görüb yaşasaydı yalnız böyük Hophop gələ bilərdi.

Görəsən xalqı, milləti, bu müsibətlərdən xilas edəcək bir şəxs, bir qəhrəman, bir dahi, bir peyğəmbər zühur edəcəkmi?

Mən Sabir Rüstəmxanlıya bu açıq məktubu yazandan sonra məqaləsini bir də oxudum. Əvvəl mənə belə gəldi ki, bu məqalə müəllifin “Ömür kitabı” –nın davamıdır. Sonra huşa gəldim, gördüm ki kitab bizə tarixi müqəddəratımızı öyrədir, məqalə isə müasirliyimizdən acı şikayətdir. Öz-özümü yoxlamaq istədim. “Əks-sədam ədalətlidirmi?” deyərək öz özümə sual və öz-özümə cavab verdim: “Bəlkə bir başqa adam bu məqaləni –“bu sənin xalqındır” fəryadlı məqaləni məndən daha yaxşı, daha yüksək qiymətləndirərdi, amma mən bundan güclü yaza bilmədim, çünki bu məqalə, bu məqalədə aşkarlıq və gördüyüm acı həqiqətlər məni sarsıtmışdır. Eşq olsun müəllifinə! O, xalqın, milyonların ruhuna qəlbinə bu qədər doğru, bu qədər ədalətli və həqiqi yolla nüfuz etmişdir. Öz özümə yenə bir sual: Görəsən Sabir Rüstəmxanlı bu xəlqpərəstliyindən yanacaqmı? Bu suala özüm də özümə Nazim Hikmətdən ilham alaraq cavab verdim: “Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?”

Üstümüzə peydərpey yağan yalanlar, böhtanlar, təhqirlər, hədələr yağışının qabağını kim alar? Necə qələbə çalar ədalət məzalimə, həqiqət iftiraya? İnanıram ki, bütün oxucular və oxuyanı dinləyənlər Sabir Rüstəmxanlının bu məqaləsinin altına qol çəkmiş, ondakı fikirlərin doğru, ədalətli olduğunu ürəklə təsdiq etmişdir.

-Kimdir bu fəlakətlərimizin günahkarları? Bu cinayətləri törədənlər kimlərdir?
-Mənəmlik sahibləri! Şəxsi mənfəət zərbəçiləri!

Görün S.Rüstəmxanlı nə deyir: Doğum evindən qəbristana kimi dəhşətli bir alver gedir. Dünyaya gəlişinə də pul alırlar, qəbir yerinə də. Torpağı talayanlar millətin ruhunu da talamağa çalışıblar. Adımız da, əlifbamız da, sərvətimiz də, əldən gedib. Birokrat idarə aparatı ürəklərə köləlik toxumu səpib...Allah heç düşməni də bizim süründürməçilikdə tayı-bərabəri olmayan idarələrimizə möhtac eləməsin. Öz paytaxtımız özümüzə yad olan bir şəhərə çevrilib.

Dil! Hələ dilimiz. Ən yaman dərd dilimizin göz görə xəstələnməsi, iflicə uğramasıdır. Dilin xəstəliyi millətin xəstəliyidir. Dilin ölməyi millətin ölməyidir. Ana dilinə xor baxanlar doğma analarına xor baxmış olurlar, bu cinayətlərin ən böyüyüdür.

Bəhey, oyanın! Siz də bu millətin oğlusunuz. Açın bu bağlı qağıları! Açın iş və qəbul qapılarınızı! Ürəklərinizin və vicdanlarınızın qapılarını açın. Bu qapıların arxasında ömrü çürüyən sizi dünyaya gətirmiş doğma xalqımızdır.

Əhsənlər sənə, ey bu məqalənin, bu dərdlərin müəllifi!
Afərinlər sənə, ey bu həqiqətlərin, bu iztirabların carçısı!

Tarixin dialektikası göstərir ki, insan böyüdükcə onun dostları da artır, düşmənləri də. Sənin millətin, xalqın istəyir ki, getdikcə sənin dostların çoxalsın, düşmənlərin kor olsun.

Əkrəm Cəfər.
28.10. 89.



Chosen
47
bakupost.az

1Sources