EN

“Lənkəran”ın amerikası: “Bakıda memarlıq həqiqətən heyrətamizdir” - MÜSAHİBƏ

“Lənkəran”ın amerikalı basketbolçusu Filmon Gebriyhit klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, komandanın və özünün çıxışını dəyərləndirib, Azərbaycanla bağlı fikirlərini açıqlayıb.

- “Sumqayıt”la oyunda ilk qələbənizi qazandız. Bu komandadakı ab-havaya necə təsir etdi?

- Komanda olaraq qazandığımız birinci qələbəmiz idi və yeni yaranmağımıza baxmayaraq inam hissi ilə “biz də burdayıq” dedik.

- “Sumqayıt”la oyunda komandanın ən məhsuldar ikinci basketbolçusu oldun. 2 matçdan sonra çıxışından razısan?

- Mövsüm çox uzundur, yaxşı və ya pis keçən bir oyunun əhvalıma təsir etməsinə icazə verməməyə çalışıram. Qələbələrə davam üçün yaxşı vərdişlər vacibdir.

- Sərbəst atışları maraqlı yerinə yetirmək tərzin var. Atışdan əvvəl mərkəz xəttinə qədər gedib daha sonra atış nöqtəsinə gəlirsən. Bu sənin üçün bir ritualdır?

- Bunu gənc yaşlarımdan edirəm. Müəllimlərimdən biri mənə bu üsulu öyrətdi. Bu mənə fikirlərimi cəmləmək, dərindən nəfəs almaq və sərbəst atışlara fokuslanmaq üçün fürsət yaradır.

- Lənkəranda olmaq necə hissdir? Ən çox nələri sevirsən və şəhərə alışmısan?

- Lənkəran basketbola həqiqətən fokuslana biləcəyiniz bir yerdir. Ətrafda diqqəti yayındıran şeylər yoxdur və bunu sevirəm. Buradakı insanlar çox qonaqpərvər və mehribandırlar. İstər şəkil çəkdirmək, istərsə sadə söhbətləri, çox səmimi qarşılayırlar. Burada xoşuma gələn bir yemək də tapmışam, bu, dönərdir. Bu uzun müddətdir yediyim ən dadlı yeməkdir.

- Bakı və Sumqayıtda da olmusan. Bu 3 şəhərdən ən çox hansını fərqləndirərdin?

- Üç şəhəri də sevdim. Amma Bakıda mənzərə və memarlıq həqiqətən heyrətamizdir.

- Qubaya qarşı səfər matçından gözləntin nədir? İkinci qələbənizə inanırsan?

- Quba güclü komandadır və onu ciddiyə almaq lazımdır. Məşqçinin bizim üçün hazırladığı oyun planını izləsək, uğur qazanacağımıza və ikinci qələbəmizi əldə edəcəyimizə inanıram.

İdman.biz

Chosen
66
1
idman.biz

2Sources