EN

Mütəxəssis: Fastfud sağlamlıq üçün ən təhlükəli qidalardan hesab edilir

ABŞ-də məktəbli ancaq fastfudla qidalandığı üçün kor olub.
Oxu.Az bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verib.
Belə ki, Massaçusets ştatından 12 yaşlı uşaq uzun müddət həyati əhəmiyyətli qida maddələrindən məhrum olduğu üçün görmə qabiliyyətini itirib.
Uşağın valideynləri bildiriblər ki, övladları autizmdən əziyyət çəkdiyindən müxtəlif teksturlu yeməklərdən qorxub, ona görə də uşaq ancaq burger, kartof qızartması, dönər və şirə içə bilib. Beləliklə, bir müddətdən sonra uşaq kor olub.
Həkimlər uşağın orqanizmində A, C və D vitaminlərinin, həmçinin mis və sinkin ciddi çatışmazlığını aşkar ediblər.

Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, fastfud qidalanma vərdişləri arasında sağlamlıq üçün ən təhlükəli olan qidalardan hesab edilir: 

“ABŞ-də yalnız fastfudla qidalanan bir məktəblinin görmə qabiliyyətini itirməsi ilə bağlı hadisə qidalanmanın insan sağlamlığına uzunmüddətli təsirini göstərən açıq nümunələrdən biridir. Çox fastfud yemək nəinki görmə qabiliyyətinə, həm də ürək-damar sistemi, mədə-bağırsaq funksiyaları və psixoloji sağlamlığa ciddi zərər verə bilər. Fastfud məhsulları adətən doymuş yağ və trans yağlarla zəngindir. Bu yağlar qan damarlarını tıxayaraq ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilir. Həmçinin fastfudlarda çox miqdarda duz olur. Çox duz istifadəsi qan təzyiqinin yüksəlməsinə səbəb olur. Nəticədə isə böyrəklərə və ürəyə zərər verə bilir. Fastfudların əsas tərkibi karbohidrat və yağdan ibarət olur. Bu cür qidalanma ilə orqanizm üçün vacib olan vitaminlər (məsələn, A, D, E, K vitaminləri) və minerallar (məsələn, dəmir, kalsium, sink) kifayət qədər alınmır. Bu isə immunitetin zəifləməsinə, sümüklərimizin  sağlamlığının təhlükə altına alınmasına və hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Çox güman ki, ABŞ də baş verən hadisədə məhz bu amillər əsas rol oynayıb".

Mütəxəssis əlavə edib ki, fastfudlar rafinə edilmiş karbohidratlarla zəngindir:
"Bu cür karbohidratlar qan şəkərinin sürətlə yüksəlməsinə və sonra tez bir zamanda azalmasına səbəb olur. Bu hal  insulin müqaviməti, şəkərli diabet və piylənmə riskini artırır. Diabet də öz növbəsində gözlərimizə  mənfi təsir göstərir. Fastfud qidalarında lif çox azdır. Lif həzm üçün vacibdir, onun çatışmazlığı isə həzm problemləri, qəbizlik və bağırsaq sağlamlığı ilə bağlı digər problemlərə səbəb olur. Həmçinin fastfudun yüksək kalorili tərkibi çəkinin sürətlə artmasına səbəb olur və piylənmə riskini artırır”.

Ekspert vurğulayıb ki, hər kəsin orqanizmi fərqlidir və qidalanmanın təsiri də insandan insana dəyişə bilər. 
“Lakin ümumi tövsiyələrə görə, fastfud istehlakını mümkün qədər azaldaraq, ayda bir və ya iki dəfə yemək nisbətən təhlükəsiz sayıla bilər. Gündəlik və ya həftəlik fastfud qəbulu isə uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Fastfudun zərərlərinə baxmayaraq, insanlar bəzən vaxta qənaət etmək və ya əlverişlilik səbəbindən onu seçə bilər. Bu zaman fastfudu daha sağlam etmək üçün müəyyən dəyişikliklər etmək mümkündür. Daha böyük porsiyalar daha çox kalori və yağ deməkdir. Kiçik ölçülü yeməkləri seçmək zərərləri bir qədər azalda bilər. Sandviç və ya burqerin  içinə daha çox tərəvəz (pomidor, kahı və s.) əlavə edərək lif və vitaminləri artırmaq olar. Qızardılmış kartof əvəzinə buxarda bişirilmiş tərəvəzləri və ya salatları seçmək daha ağıllı seçimdir. Qazlı və ya şəkərli içkilər əvəzinə su, sadə limon suyu və ya şəkərsiz çay içmək orqanizmi artıq şəkərdən və kalorisindən qoruyur.Mütəmadi  fastfud istifadəsinin yaratdığı riskləri nəzərə alaraq, bu cür qidalardan tamamilə uzaq durmaq ən yaxşı seçimdir. Lakin həyat tərzi, sosial faktorlar və şəxsi seçimlər bəzi hallarda fastfud yeməyi qaçınılmaz olur. Bu hallarda sağlamlıq üçün balanslaşdırılmış yanaşma seçmək, fastfudu mümkün qədər nadir hallarda yemək vacibdir. Fastfud çox istehlak edildikdə orqanizmin müxtəlif orqan və sistemlərinə mənfi təsir göstərir. Həmçinin balanslaşdırılmış qidalanma və sağlam həyat tərzinin qorunması fastfudun təsirlərini minimallaşdırmağa kömək edə bilər” .
Chosen
84
50
sherg.az

10Sources