EN

"Qarabağda torpaqları həm yerli əhali, həm də kənar insanlar icarəyə götürə biləcəklər" - Millət vəkili

"Xocalıda torpaqları yerli camaata icarəyə vermirlər. Adam var Xocalıda hektarlarla torpaq icarəyə götürüb, amma Xocalıdan deyil". Bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin ötən iclasında deyib.

Bəs azad olunmuş ərazilərdə torpaqlar niyə yerli əhaliyə icarəyə verilmir?

Bu barədə Cəbrayıldan olan millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, vaxtilə həmin ərazilər işğalda olduğu üçün orada torpaq islahatı aparılmayıb:

"Rayonlar işğaldan azad olunduqdan sonra bu ərazilərdə torpaqların icarəsi üçün hüquqi bazanın yaradılmasına ehtiyac var. Yəni söhbət çox böyük əraziləri əhatə edən torpaqların icarəsindən gedir. Burada ermənilərin özlərinin əkdiyi çoxlu sahələr var. Bu ərazilərin icarəyə verilməsi üçün mexanizmlər hazırlanmalıdır və bunun üçün də dövlət tərəfindən belə bir addım atıldı. Əsas hədəf və məqsəd dediyimiz məsələ torpaqların icarəyə verilməsi prosedurunun hazırlanmasıdır. Bu qanun qüvvəyə mindikdən sonra həm yerli əhali, həm də kənar insanlar həmin ərazilərdən torpaqları icarəyə götürüb rahat şəkildə istifadə edə biləcəklər".

Millət vəkilini qeyd etdi ki, torpaqlar azad olunandan sonra ermənilərin əkdiyi çoxlu ərazilər vardı:

"Bu ərazilər icarəyə verildi və insanlar bir müddət bu ərazilərin boş qalmaması üçün əkməyə, biçməyə və ondan istifadə etməyə  başladılar. Hesab edirəm ki, dəyişiklikdən sonra insanlar üçün bu prosedur daha da asanlaşacaq".

Sevinc İBRAHİMZADƏ

Chosen
52
1
redaktor.az

2Sources