EN

Bəxtiyar Vahabzadə və "ayain @ ayain" - Ana dilinə hörmətsizlik, yoxsa biznes maraqları?

Kulis.az Gülyaz Əliyevanın "Xəmir" adlı yeni yazısını təqdim edir.

Müstəqillik. Necə də qürurverici və əzəmətli səslənir. İllərlə uğrunda can verdiyimiz, qəlbimizdə bəslədiyimiz arzularımız, zaman-zaman qanımızla suvardığımız azadlıq çiçəyimiz, nəhayət ki, çiçəklədi. Üçrəngli Azərbaycan bayrağı Bakıda – Qız qalası üzərində dalğalandı… Bundan gözəl təsəvvür olardımı ki, artıq həyata keçib?!…

Müstəqilliyimizdən artıq 30 ildən çox vaxt keçir. Azərbaycan qüdrətlənib, bölgədə öz sözünü deyən, Qarabağına sahib çıxan, düşməni və onun havadarlarını yerində oturdan bir dövlət olub. Bakı küçələrində bu düşüncələrlə gəzirəm. Amma payızın ilıq nəfəsi duyulan küçələrdə ətrafa baxdıqca gördüyüm mənzərələrdən ürəyim isinmir, sıxılır.

Niyə?

Çünki Bakıda Azərbaycanın yiyəsi ana dilinin hökmranlığını, qüdrətinı, çiçəklənməsini görmürəm. Əksinə, mağazaların, obyektlərin adlarında, reklamlarda şəstlə, əzəmətlə ucalan, işıq saçıb par-par parıldayan gəlmə dillər bərq vuraraq, sanki bir-iki yerdə kustar üsulla, səhv-sühv yazılaraq künclərdə köşklərə sığınan ana dilimə yanıq verir. Baxın küçələrə. Dörd bir tərəf möhtəşəm, çilçıraqlı, təmtəraqlı şəkildə işıqlandırılan keyfiyyətli lövhələrdə ingilis dilində yazılarla bəzədilib. Küçələrin adlarına baxırsan: “İstiqlal”, “Azərbaycan”, “Abbas Mirzə Şərifzadə”, “Məhəmməd Füzuli”, “Bəxtiyar Vahabzadə”, “Şıxəli Qurbanov”… və küçələrdəki obyekt və reklam yazılarına baxırsan:

CHARLİNVOFFEE

GLORİA JEAN’S

COFFEES

LİBRAFF

A BOOK İS A GİFT

YOY CAN OPEN

ayain @ ayain

CHURRO

vresh hot E tosty

GLORUA JEANS COFFEES

TPUSSARDİ

TİSSOT

COOKSHOP

–Сыроварня

…WAKEUP

Coffee – oddiction

The bagee bar

GOFFEE HORESE

SECOND CUP

FR DAY

WORLDTELECOM

PAUL RESTAURANT

MOA

LABISI beautychargere…

Nizami küçəsi ilə irəliləyirəm.”Tarqovı” küçəsi, Nizami küçəsinin bir hissəsi bura düşür. Yenə oxuyaq, görək Bakılıq, Azərbaycanlıq bir yazı görəcəyikmi?!

Bax, bu da Natəvanın heykəli! Qarabağda öz xeyirxanlığı, nəcibliyi ilə seçilən Xurşud Banu Natəvan. Yanındakı hündür binanın üstündəki yazını oxuyuram:

HARD ROCK CAFE BAKU

Bura ”İstiqlaliyyət” küçəsidir. Hələ ki, gözümə bir dənə də olsun anadilli reklam və ya obyekt adı dəyməyib.

…STARBUSKS

COFFEE

CHEF BAKU

RESTAURANT

Bu böyük geniş küçələrdə bir küncə qısılmış, zirzəmidə yerləşən, yuxarıda yox, ayaqlarımızın bərabərində yazılan “Xəmir xörəkləri” adındabir yeməkxana adından başqa bir ana dili kəlməsinə rast gəlmədim. “Xəmir” – bu doğma söz necə də təklənmiş görünür…

Əzəmətli bəzənmiş xarici yazıların kölgəsində bir yazı boylanır ətrafa: “Xəmir xörəkləri”…

Yadıma anamın xəmir yoğuranda gördüyü hazırlıqlar düşür… Anam xəmir yoğuranda üzünü, əllərini, biləklərini dirsəyəcən sabunlayıb yuyar, sonra salavatlayardı. Hər şey təmiz olmalı idi. Sonra sürtülüb yuyulmaqdan ağappaq ağarıb, par-par parıldayan xəmir teştini götürərdi. Teşt lap yuxarı qoyulardı, uşaqların əlləri dəyməyən yerə. Biz heç vaxt o teştə tozlu əllərimizi vurmazdıq. Çörək müqəddəsdir, onu harda görsək, öpüb gözümüzün üstünə qoyardıq. Belə öyrətmişdi nənəm bizə. O çörəyin hasil olduğu xəmirin yoğrulduğu teştə də əl vurmazdıq,bərəkəti qaçar deyə… Anam tərtəmiz yuyulub-ütülənmiş ağ qıyqacla başını çalardı ki, saçının tükü düşməsin. Duvağa, üzlük qabına, təndir şişinə uşaqların yaxın durmağa, əllərini vurmağa ixtiyarı yox idi. Təkcə təndir ağarandan sonra külfəni bağlamaq sevincini yaşayardıq ki, anamız bizə külfəni bağlamağa icazə verdi…

Ayağımın bərabərində yazılmış “Xəmir” sözünə baxıram və başımda bu xatirələr ayaqlarımı sürüyərək gedirəm… Beynimdəsə qırıq val kimi ancaq bu söz fırlanır: “…Ancaq Vətən çörəyi sizlərə qənim olsun!…”

Chosen
88
1
kulis.az

2Sources