EN

COP29-a ev sahibliyi etmək Azərbaycana hansı iqtisadi faydalar gətirəcək?

COP29-a
Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyətin bu problemlə bağlı məlumatlılığını artırmaq məqsədilə silsilə məqalələr hazırlayır. Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, Paris İqlim Sazişi, dünyanın iqlim dəyişmələrinə necə uyğunlaşdığı, enerji keçidinin əhəmiyyəti və icrası, ölkələrin beynəlxalq öhdəlikləri və nailiyyətləri, COP28, COP29 və COP30 üçlüyü, eləcə də bu sammitin Azərbaycana gətirəcəyi siyasi faydalar barədə bəhs etmişdik.
COP29-a ev sahibliyi etmək Azərbaycan üçün yeni iqtisadi imkanlar açacaq mühüm mərhələdir. Bu hadisə “yaşıl” enerjinin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə və ölkənin dayanıqlı iqtisadi gələcəyini təmin edə bilər. Aşağıda sammitə ev sahibliyi etməklə Azərbaycanın əldə edə biləcəyi əsas üstünlüklər barədə söhbət açacağıq. Dünya liderləri və maliyyə mərkəzləri ilə əlaqələrin möhkəmləndirilməsi COP29 Azərbaycana dayanıqlı enerji keçidində mühüm rol oynayan aparıcı ölkələr və maliyyə institutları ilə daha sıx əlaqələr qurmaq üçün unikal imkan yaradacaq. Emissiyaların azaldılması və bərpa olunan enerji mənbələrinə keçid üzrə öhdəliklərin yerinə yetirilməsi üçün beynəlxalq dəstək və investisiyalar çox böyük əhəmiyyət kəsb edir. Sammit potensial tərəfdaşlar, investorlar və donorlarla birbaşa dialoq üçün platformaya çevriləcək. Bərpa olunan enerji sektoruna investisiyaların cəlb edilməsi Azərbaycanda, xüsusilə də ölkənin sahilyanı və dağlıq bölgələrində günəş və külək enerjisi böyük potensiala malikdir. COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq investorların diqqətini cəlb edəcək və maliyyə kanallarını açacaq ki, bu da böyük enerji layihələrinin həyata keçirilməsinə imkan verəcək. Bu, ölkənin Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatlar üçün cəlbediciliyini artıracaq. Qabaqcıl texnologiyaların transferi Sammit çərçivəsində Azərbaycan “yaşıl” enerji sahəsinin liderləri ilə əməkdaşlıq qura biləcək ki, bu da qabaqcıl texnologiyalara çıxışı təmin edəcək. Müasir həllərdən istifadə bərpa olunan enerjinin inkişafını sürətləndirməyə və ənənəvi enerji sektorunu modernləşdirməyə kömək edəcək. Bu, dayanıqlı enerji mənbələrinə keçid prosesində səmərəliliyi artırmağa və xərcləri azaltmağa imkan verəcək. Servis xidməti və birgə istehsal üçün şəraitin yaradılması Yeni texnologiyaların enerji sektoruna inteqrasiyası yüksək texnoloji avadanlıqların təmir və texniki xidmətinə tələbat yaradacaq. Uzunmüddətli perspektivdə Azərbaycan avadanlıqlara texniki xidmət üzrə regional mərkəzə çevrilə və xarici şirkətlərlə birgə istehsalı təşkil edə bilər. Bu, iqtisadiyyatın şaxələndirilməsini təmin edəcək və yeni iş yerləri yaradacaq. Təlim proqramlarının inkişafı və kadr hazırlığı “Yaşıl” enerji sahəsində beynəlxalq liderlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanda ixtisaslaşmış təlim proqramlarının və təhsil mərkəzlərinin yaradılması üçün stimul rolunu oynayacaq. Bu, müasir texnologiyalarla işləmək və innovativ layihələri idarə etmək qabiliyyətinə malik yerli mütəxəssislərin hazırlanmasına kömək edəcək. Peşəkar kadrların formalaşması sektorun gələcəkdə dayanıqlı inkişafını təmin edəcək. Yeni iş yerlərinin yaradılması və yerli ekspertlərin inkişaf etdirilməsi “Yaşıl” enerjinin tətbiqi və texnologiyaların transferi əmək bazarına müsbət təsir göstərəcək. Yeni müəssisələr və layihələr mühəndislər, ekoloqlar, layihə menecerləri və texniki mütəxəssislər üçün iş yerləri yaradacaq. Bu, məşğulluq səviyyəsini artıracaq və yerli ekspertlərin inkişafını gücləndirəcək ki, bu da öz növbəsində ölkə iqtisadiyyatını möhkəmləndirməyə imkan verəcək. Biznes üçün yeni imkanlar və xərclərin optimallaşdırılması Dayanıqlı enerji mənbələrinə keçid böyük müəssisələrdən tutmuş startaplara qədər hər ölçüdə biznes müəssisələri üçün yeni imkanlar yaradacaq. Enerji cəhətdən səmərəli texnologiyaların tətbiqi şirkətlərin əməliyyat xərclərini azaltmağa, bununla da onların daxili və xarici bazarlarda rəqabət qabiliyyətini artırmağa imkan verəcək. COP29-un Bakıda keçirilməsi sadəcə nüfuzlu hadisə deyil, həm də iqtisadiyyatı inkişaf etdirmək üçün strateji imkandır. İnvestisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi Azərbaycan üçün “yaşıl” enerjiyə dayanıqlı keçidi təmin edəcək. Sammit həmçinin ölkənin qlobal iqlim problemlərinin həllində etibarlı tərəfdaş kimi beynəlxalq imicini gücləndirəcək. Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək. Bu məqalə hazırlanarkən açıq mənbələrdən götürülmüş məlumatlardan istifadə edilib.

Leyla Məmmədova

Chosen
107
50
1news.az

10Sources