EN

Müasir tələblərə uyğun dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub

Dövlət sərhədindən hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin artmasını nəzərə alaraq, etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə cənab Ali Baş Komandanın 5 iyun 2017-ci il tarixli müvafiq Fərmanı ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığı yaradılmışdır.

“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev bildirib.

Onun sözlərinə görə, Sərhəd Nəzarəti Komandanlığının əsas vəzifələri dövlət sərhədindən buraxılış məntəqələrindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət sərhədindən buraxılışı, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınmasından ibarətdir.

Dövlət sərhədindən buraxılış məntəqələrinin şöbə və bölmələrinin xidməti fəaliyyəti müasir tələblərə cavab verən ümumi sahəsi 1000 kvadrat metrdən ibarət olan 5 mərtəbəli inzibati binada yerləşən Sərhəd Nəzarəti Komandanlığı tərəfindən idarə edilir. Dövlət sərhədindən buraxılış məntəqələrində şöbə və bölmələrin xidmətinin təşkili və aparılmasına nəzarətin təmin edilməsi Sərhəd Nəzarəti Komandanlığında yaradılmış müasir tələblərə cavab verən videomüşahidə sistemləri vasitəsilə fasiləsiz olaraq həyata keçirilir.

Sərhəd Nəzarəti Komandanlığının əsasını qərargah və bütün dövlət sərhədindən buraxılış məntəqələrində xidmət edən şöbə və bölmələr təşkil edir. Dövlət sərhədlərində mövcud olan 40 dövlət sərhədindən buraxılış məntəqəsinə 16 avtomobil və piyada yolu, 10 dəniz limanı, 9 beynəlxalq hava limanı, 5 dəmir yolu daxildir.

E.Verdiyev qeyd edib ki, dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin artımını nəzərə alaraq müasir tələblərə uyğun dövlət sərhədindən buraxılış məntəqələri inşa edilərək sərhəd infrastrukturu yaradılıb: “Vətəndaş məmnuniyyətinin təmin edilməsi, mümkün problemlər barədə operativ məlumatların əldə olunması və vaxtında aradan qaldırılması məqsədilə Sərhəd Nəzarəti Komandanlığında yaradılmış 16-58 nömrəli qaynar xətdə 100 mindən artıq vətəndaş müraciəti daxil olmuş və müvafiq qaydada cavablandırılmışdır.

Sərhəd Nəzarəti Komandanlığında xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığı və hərbi qulluqçuların xarici dil səviyyəsinin təkmilləşdirlməsi ilə əlaqədar DSX Akademiyasında və Sərhəd Nəzarəti Komandanlığının nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində mütəmadi olaraq kurslar təşkil olunur”.

Chosen
82
22
poliqon.az

10Sources