EN

Türkiyə Energetika Nazirliyi “Siemens”i etibarsız təchizatçı adlandırdı

Türkiyə Energetika naziri Alparslan Bayraktar “Siemens” şirkətini "Akkuyu" AES layihəsi üçün avadanlıq təchizatı ilə bağlı müqavilə öhdəliklərini pozduğuna görə etibarsız təchizatçı adlandırıb.

Valyuta.az bu barədə TASS-a istinadla xəbər verir.

"Siemens tərəfindən edilən ən böyük səhv etibarlılıqla bağlıdır. <...> Onlara necə güvənmək olar? Bu, böyük bir sual işarəsidir", – deyə Bayraktar "Milliyet" qəzetinə verdiyi açıqlamada müqavilənin pozulması ilə bağlı vəziyyəti şərh edib.

Onun sözlərinə görə, "Siemens avadanlıqlarının 99%-i layihədə istifadə olunmayacaq. Artıq çox gecdir, biz Çin istehsalı olan avadanlıqlardan istifadə edəcəyik", – deyə Bayraktar əlavə edib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak daha əvvəl Siemens-in Türkiyədə inşa edilən AES üçün avadanlıq təchizatı ilə bağlı öhdəlikləri pozduğunu və danışıqların nəticəsiz qaldığını bildirmişdi. Onun sözlərinə görə, bütün zəruri komponentlər artıq Rusiyaya dost ölkələrdən təmin edilib və obyektə çatdırılıb.

Türkiyə Energetika naziri isə daha əvvəl “Siemens”ə qarşı tədbirlər görüləcəyini açıqlamışdı.

"Akkuyu" AES – Türkiyədə ilk atom elektrik stansiyasıdır və Rusiya "Rosatom" Dövlət Korporasiyası tərəfindən inşa edilir. "Akkuyu" layihəsi, hər biri 1,2 min MVt gücə malik, Rusiya dizaynı olan III+ nəsil VVER reaktoru ilə təchiz olunmuş dörd enerji blokunu əhatə edir. Hökumətlərarası razılaşmaya əsasən, AES-in ilk enerji blokunun istismara verilməsi üçün bütün icazələr alındıqdan yeddi il sonra baş tutmalıdır. İlk enerji blokunun tikintisi üçün lisenziyanın 2018-ci ildə verilməsi nəzərə alınaraq, bu müddət 2025-ci ilə təsadüf edir.

Nicat

Chosen
67
valyuta.az

1Sources