Ermənistan rəsmilərinin son günlər verdiyi bəyanatlar Azərbaycanla sülh müqaviləsinin mətninə dair tam razılığın əldə olunacağına xeyli əminlik yaradır.
Ermənistan Baş nazirinin Aparat rəhbəri Arayik Arutyunyan oktyabrın 30-da parlamentdə çıxışı zamanı sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişin olduğunu deyib. Arayik Arutyunyanın sözlərinə görə, hazırda sülh sazişinin redaktə edilmiş versiyaları hər iki tərəfdə var:
“Yeni düzəlişlər olanda variantlar olacaq, fikir mübadiləsi aparılacaq və yeni görüşə ehtiyac olarsa, bu, baş tutacaq”.
Bundan bir gün sonra xarici işlər naziri Ararat Mirzoyanın parlamentdə çıxışı zamanı Ermənistanla Azərbaycan arasında sülhün yaxın olması barədə açıqlaması tərəflər arasında mübahisəli qalan 3 bənd üzrə razılığın əldə olunduğu kimi başa düşülə bilər: “Ermənistan və Azərbaycan yaxın gələcəkdə sülh sazişi layihəsini tam şəkildə razılaşdıra biləcək”,-Ararat Mirzoyan belə deyib. Parlamentdə ilkin büdcə müzakirələri zamanı Ararat Mirzoyan sülh müqaviləsinin imzalanması ilə bağlı nikbin məlumatlar verib.
“Ehtiyatlı nikbinliklə demək istəyirəm ki, yaxın gələcəkdə biz qalmış olan bir-iki bəndlə bağlı razılığa gələ və tam razılaşdırılmış sülh sazişinə malik ola biləcəyik”, - xarici işlər naziri belə deyib. Yəqin ki, Azərbaycanla əldə olunan razılaşma ilə bağlı yekun sözü büdcə layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan deyəcək.
Lakin Arutyunyanın, Mirozyanın son açıqlamaları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 24-də Kazan şəhərində keçirilən görüşündə mübahisəli məsələlər üzrə ümumi mövqeyə gəlindiyinə dair ehtimalları artırır. Amma Ermənistan rəsmilərinin söylədiklərindən fərqli olaraq, söhbət yekun sülh müqaviləsinin mətnindən deyil, çərçivə sülh sazişindən gedir.
Həmin sənəddə yer alan 16 bəndin 13-ü razılaşdırılsa da, Ermənistan digər 3 əsas prinsipi imzalamaqdan imtina edir. Rəsmi Bakı isə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsinin çıxarılmasını üç vacib şərtdən biri kimi tələb edir. İkinci bənd Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini nəzərdə tutur.
Dörd ildir Paşinyan hökuməti müxtəlif bəhanələr gətirməklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına əngəl yaradır. Nəhayət, üçüncü razılaşdırılmayan bənd Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır.
Doğrudur, tərəflər sərhədlərin delimitasiyası və demarkasiyasına dair əsasnaməni təsdiq edib. Hətta Ararat Mirzoyan delimitasiya üzrə işlərin 2024-cü ilin sonuna və 2025-ci ilə qədər davam edəcəyinə ümid etdiyini bildirib. Yəni, ratifikasiya olunmuş reqlamentlərin qarşılıqlı mübadiləsindən sonra Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi istiqamətində növbəti müzakirələrin başlayacağı gözlənilir.
Ancaq bu məsələdə problem sərhədlərin müəyyənləşməsində hansı dövrün xəritələrinin tətbiq olunması ilə bağlıdır. Tərəflər delimitasiyanın Sovet dövrünə aid xəritələr əsasında həyata keçirilməsi razılaşdırsa da, Ermənistan yalnız 1991-ci il Almatı Bəyannaməsi imzalandığı dövrün inzibati sərhədlərinin bəprasında israr edir. Azərbaycan isə ayrı-ayrı ərazilər üzrə Sovet dövrünün müxtəlif xəritələrinin tətbiq olunmasını vacib hesab edir.
Nikol Paşinyan hökuməti sərhədlər müəyyənləşmədən Azərbaycandan Ermənistanın 29743 kvadrat kilometr ərazi bütövlüyünü tanımağı tələb edir. Halbuki, hansı ölkənin ərazisinin nə qədər olması delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra dəqiq müəyyənləşə bilər. Ona görə də Ermənistanın bu şərti həm də ərazi bütövlüyü məsələsində problem yaradır. Lakin Ararat Mirzoyanın parlamentdəki çıxışı çərçivə sülh sazişinin imzalanacağına ümidlər yaratsa da, konstitusiya islahatı ilə bağlı fikirləri Ermənistanın bu məsələdə növbəti manipulyasiya etdiyini deməyə əsas verir.
Belə ki, Ararat Mirzoyan Ermənistanın konstitusiyasına dəyişiklik etmək niyyətində olmadığını gizlətməyib. “Azərbaycan tərəfinin fikrincə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı müəyyən ərazi iddiaları var. Biz bu tezisi tamamilə əsassız hesab edirik”,-deyə xarici işlər naziri bildirib. Ararat Mirzoyanın qeyd edilən sözləri Paşinyan hökumətinin Ermənistanda konstitusiya referendumu keçirmək istəmədiyinə işarədir.
Belə olan halda, tezliklə sülh sazişinin və ya çərçivə sazişinin imzalanacağına dair İrəvandan verilən bəyanatlar inandırıcı görünmür. Ermənistan hökuməti ən azı növbəti mərhələdə, yəni yekun sülh müqaviləsi imzalanana qədər referendum keçirəcəyinə dair hüquqi öhdəlik götürməlidir. Nikol Paşinyan 2026-cı ildə yeni konstitusiyanın qəbulu üçün ümumxalq səsverməsi keçirəcəyini vəd edir. Lakin bu barədə razılaşma çərçivə sülh sazişinə daxil edilməlidir. Azərbaycan və Ermənistan arasında hüquqi öhdəliklə bağlı razılaşmanın əldə olunduğu da istisna edilmir.
Bu mənada, Mirzoyanın açıqlaması hakimiyyətin müxalifətin təzyiqindən yayınması məqsədini daşıya bilər. Əks təqdirdə, Ermənistan sülhə hazır olmadığını nümayiş etdirəcək. Azərbaycan Zəngəzur dəhlizi məsələsini növbəti mərhələdə müzakirə etməyə hazır olduğunu Ermənistan tərəfinə bildirib. Sərhədlərin delimitasiyası uzunmüddətli proses olduğuna görə, tərəflər bunu mərhələli şəkildə həyata keçirməklə sazişdən sonra həyata keçirmək barədə razılığa gələ bilər. Ancaq Ermənistan konstitusiyası məsələsi Azərbaycan üçün “qırmızı xətt”dir.
Paşinyan hökuməti bu məsələdə güzəştə getməsə, nə saziş, nə sülh olacaq. Bu isə Ermənistanı növbəti zərbə altında qoya bilər.