EN

Xaricdə PhD təhsilin karyeranıza təsiri. Reallıqlar və miflər...

Bu gün haqqında danışacağımız mövzu xaricdə həm oxumaq, həm də eyni zamanda işləməklə bağlıdır. Xaricdə təhsil almağın bir çox üstünlüyü vardır və xaricdə təhsil tamamlandıqdan sonra çalışmağa başlayan insanların sayı da olduqca çoxdur. Bu yazımızda mövzumuz daha çox PhD təhsili ətrafında genişlənəcəkdir.

İlk öncə ondan başlayaq ki, PhD təhsili almaq nə qədər önəmlidir? Doktoranturanı xaricdə təhsil olaraq başlamalıyıqmı? Onun şəxsi həyatımıza və professional karyeramıza təsiri nədir? PhD akademik sahədə mütəxəssis olmaq üçün tamamlanması vacib olan təhsil pilləsidir. Yəni əgər siz özünüzü gələcəkdə akademik sahədə professor, araşdırmaçı, müəllim, akademik ekspert və s. kimi görürsünüzsə, PhD təhsili barədə ciddi düşünməlisiniz. Əslində bu barədə düşünməyə bakalavrdan sonra magistr təhsili almağa qərar verdikdə başlamaq lazımdır. Magistr təhsilinin mahiyyətini bir çox insan düzgün anlamır. Akademik sahənin başlanğıcı əslində magistraturadan başlayır, çünki hazırda fəaliyyət göstərən və biznes yönümlü bütün korporativlərdə magistr təhsili vacib deyil. Ancaq bu o demək deyil ki, magistratura təhsilini sadəcə akademik sahə üçün düşünmək lazımdır. Olduğunuz ölkədən digərinə miqrasiya üçün təhsil almaq ən ideal və nisbətən asan üsuldur. Bu səbəb magistr təhsilinin mahiyyətini daha da artırır, ixtisaslaşmanı önə çəkir və universitetlərin reytinq göstəricilərinə birbaşa təsirini göstərir. Ancaq PhD təhsili magistr təhsilindən böyük ölçüdə fərqlənir. Birincisi ona görə ki, bu təhsil pilləsini başa vurduqda, siz artıq elmi dərəcəyə sahib olursunuz və akademik sahədə fəaliyyət göstərmək üçün sizə lazım olan missiyanı tamamlayırsınız. İkincisi isə əgər PhD təhsilindən sonra özəl sektorda işləmək istəyirsinizsə, bu sizin işləmək imkanlarınızı ciddi surətdə daraldır.

Xaricdə təhsil: Doktorantura (PhD) təhsilinin üstünlükləri

PhD təhsilinin bir sıra üstün cəhətləri var. Birincisi bu pilləni tamamladıqda sizə doktor dərəcəsi verilir və siz artıq cəmiyyətdə bir çox insandan fərqlənirsiniz. Çünki sizə adi adam kimi yox, alim və ya akademik yanaşırlar. Sizə qarşı olan fikirlər də məhz bu amilə görə formalaşır: məsələn sizin hər şeyi bildiyinizi düşünürlər, sözləriniz və danışdıqlarınız daha kəsərli olur və diqqət çəkir. Əgər akademik sahədə adınızı eşitdirə bilirsinizsə, tanınmağınız daha da sürətlənir, dəvət olunacağınız tədbirlər artır, qısacası siz cəmiyyətdə yön verən insanlardan birinə çevrilirsiniz. Əgər araşdırma aparmağı sevirsinizsə, elmə daim yenilik qatmaq həvəsiniz varsa, bu təhsil pilləsi haqqında düşünməlisiniz. Bununla yanaşı bəzi mənfi tərəfləri də var. Bunlardan birincisi özəl sektorda, xüsusilə də biznes yönümlü bütün sahələrdə iş tapmağınız çətinləşir. CV göndərdiyiniz yerlərin çox azından geriş dönüş ala bilərsiniz. Bunun da ən başlıca səbəbi sadalanan faktorlardır. Sizə “over-experienced” kimi yanaşılır, halbuki sizin həmin şirkətlərə qatacaqlarınız çoxdur və onların dedikləri kimi “over-qualified” deyilsiniz. Digər mənfi cəhəti isə əgər başqa işləriniz də varsa, onlara vaxt ayırmağınız artıq çətinləşir. Çünki siz həm araşdırma aparmalı, həm yazı yazmalı, həm konfranslar üçün çalışmalı, həm də jurnallar üçün məqalələr yazmalısınız. Çünki bunları etməsəniz, PhD təhsilini nə tamamlamaq olur, nə də ki, tamamlamağın mənası olur.

PhD təhsilini ümumiləşdirmək olmaz, çünki proqres hər zaman fərdidir, ancaq qarşıdakı 3-4 ili doktorantura dissertasiyasına həsr etməyi gözə almaq lazımdır. Bu müddət bəzi insanlar üçün az, bəziləri üçü də çox görünsə də, ortalama müddət sayılır. Buna əlavə olaraq “texniki-nəzəri” araşdırmalar, konfranslarda iştirak, məqalələr yayımlamaq, universitetə və ya elmi rəhbərə hesabat vermək və s. kimi akademik fəaliyyətlər də eyni zamanlı olaraq daxildir. PhD təhsilini effektiv tamamlamaq üçün zehni səy və vaxt baxımından böyük öhdəlik tələb edir. Əgər doktorantura təhsili ikinci pillədə gəlirsə, əldə edilən nəticə də istənilən kimi olmur. Ona görə PhD təhsili zamanı şəxsi həyat, iş və doktorantura fəaliyyətləri arasındakı balansı düzgün qurmaq lazımdır. Xüsusilə də doktorantura təhsilini tamamladıqdan sonra əldə etdiyiniz dərəcəni yayımladığınız keyfiyyətli məqalələr və aktiv konfrans iştirakları tamamlamalıdır.

Tam zamanlı oxuyaraq işləmək arasındakı ən böyük təhlükələrdən biri lazımi qədər və davamlı səy göstərmədən irəliləyişin mümkün olmamasıdır. Yəni əgər dissertasiya prosesi ləngisə və ya fikrinizdən yayınsa, üstəlik işlədiyiniz sahə tədqiqat işinizə uyğun deyilsə, çox asan şəkildə ayların və ya illərin sürətlə keçməsinə göz yumursunuz. Statistikalara görə PhD təhsilini tamamlama dərəcəsi 50%-dir. Yəni dünyada hər iki insandan biri PhD təhsilini tamamlamır və ya uzun müddətlik fasilə götürür. Tam zamanlı işləyərkən PhD təhsili almaq bütün ehtimalları sizə qarşı edir. Ancaq bu ehtimalları öz xeyrinizə dəyişmək sizin səyinizdən asılıdır.

Effektiv sistemi necə qurmalı?

İxtisas və sahədən asılı olaraq PhD təhsili alarkən eyni zamanda işləmək çox effort tələb etsə də, mümkündür. Əsas məsələ budur ki, seçdiyiniz ixtisasi və mövzunu sevməlisiniz. Buna əlavə olaraq isə bir sıra metodları tətbiq etməliniz:

Həftəlik hədəflərin yaradılmasıHəm iş yerində, həm də universitetdəki həmkarlarla daim ünsiyyətdə olmaqÖzünüzə vaxt ayırmaq (məsələn hər həftənin bir günü və ya hər ayın 4-cü həftə sonu)Motivasiya azalanda və stress artanda bunu başqaları ilə bölüşməkYuxu, yemək və idman rejimlərini tətbiq etməkDostlarınıza və ailənizə vaxt ayırmaqNə oxumaq istədiyinizi və / və ya daha sonra kiminlə çalışmaq istədiyinizi bilmək üçün kifayət qədər araşdırma aparıb tam dəqiqləşmiş fikrə sahib olmaq. Nə istədiyinizi anlamağa çalışmaq kifayət qədər zaman tələb edə bilər, ancaq sonda alacağınız doktorluq dərəcəsi üçün buna dəyər.

Əlavə olaraq isə bəzi bacarıqlarınızı inkişaf etdirməlisiniz: vaxt və resurs idarəetməsi, tədqiqat bacarıqları, stress nizamlama və s.

Magistr təhsili ilə PhD arasındakı təməl fərq asılı olmamaq və bunun nəticəsində yaranan izolyasiyadır. Yəni PhD solo fəaliyyətdir, burada sadəcə sizə və işiniz var. PhD təhsili zamanı etdiyiniz işin doğru olub olmadığına sadəcə siz qərar verə bilirsiniz, buna görə də PhD “idarəoluna bilinən” və ya “hər kəsin bacaracağı iş” kimi təsnif edilə bilməz. Ona görə də öncəlikləri dəyərləndirmək və müəyyənləşdirmək lazımdır. Çünki bütün nəzərdə tutulan işləri tamamlamaq olmur, ona görə də onların arasından prioritetlər müəyyənləşdirilməlidir. Bu prioritetlər həm PhD, həm də iş həyatınızı asanlaşdıracaq. Əlavə olaraq həm PhD, həm də iş arasındakı zamanı düzgün tənzimləmək lazımdır. Məsələn həftədə 5 gün 8 saat olmaqla işləyirsinizsə, həftənin 4 gününü iş üçün (gündə 10 saat olmaqla, şirkətdən asılı olaraq) və 1 gününü isə PhD üçün vacib məsələlərə ayırmaq olar. Həftəsonu isə sadəcə PhD işinə fokuslanmaqla tamamlanması lazım olan bütün tapşırıqların öhdəsindən gəlmək olar. PhD təhsili ilə tam ştat olaraq işləmək asan deyildir, ancaq özünüzü səmərəli şəkildə buna həsr etsəniz, prioritetlərinizi müəyyənləşdirsəniz və zamanınızı düzgün tənzimləsəniz həyatı özünüz üçün daha da asanlaşdıra bilərsiniz.

PhD təhsilinə başlamadan öncə diqqət edilməsi lazım olan beş əsas nüans

Doktoranturaya başlamaq istəyən şəxslər ilk düşündüyü məsələlər bir neçə illik gəlirinin olmaması və tələbatlarını ödəyəcək qədər təqaüd ala bilməmə qorxusudur. Bu səbəbdən tam ştat və yarım ştat olaraq işə başlayan şəxslər həm praktiki təcrübə qazanır, həm xərclərini qarşılamaq üçün gəlir əldə edir, həm də sonradan akademik sahə optimal yol olmasa, professional sahədə fəaliyyətlərini davam etdirə bilirlər. Nəticədə PhD təhsili zamanı zamanı idarə etmə bacarıqlarına yiyələnirsiniz və özünüzü araşdırmalarınıza həsr etdiyiniz üçün sistem/plan bacarıqları daha da inkişaf edir. Bir çox hallarda PhD və iş həyatı asan görünsə də, əslində bir o qədər çətinliyi var. Ancaq bu sahədə olmamışdan öncə nəzərə almağınız lazım olan bir neçə nüans var:

1. İxtisas proqramınızı bilin

Nəyi araşdıracağınız haqqında dərin biliyiniz olduğu təqdirdə, mövcud ədəbiyyat və medodologiya ilə tanışsınızsa PhD-ni idarə etmək və bitirmək daha da asanlaşır. PhD proqramları sadəcə təhsil almaq və ya nəsə yazmaq üçün deyil. İngiliscədə bunu ifadə etmək üçün passion sözündən istifadə olunur, yəni PhD tamamlamaq üçün passion mütləq olmalıdır.

2. İşinizi bilin

Əgər işiniz təhsil sahənizlə əlaqəlidirsə və işəgötürənlər doktorantura təhsilinizin tələblərini anlayışla qarşılayıb dəstəkləyərsə, önünüzdəki bir neçə il ərzində daha az stresli olacaqsınız. Buna görə də edilməsi vacib olan ilk şey işəgötürənlə bu məsələləri razılaşdırmaqdır. Bunu etməyin ən effektiv yolu sizin araşdırmalarınızın nə ilə əlaqəli olacağını, peşə inkişafınıza və iş olaraq onlara necə fayda gətirəcəyinizi izah etməkdir. Təhsil aldığınız müddət ərzində işlərinizi axsatmayacağınıza onları əmin etmək, sizin üçün çox faydalı olacaqdır.

3. Olduğunuz vəziyyəti anlayın

Əgər fəaliyyət sahəniz davamlı olaraq məqalələr yayımlamağı tələb edirsə və ya digər araşdırmaçılarla əlaqələr qurmağı gərəkdirirsə, o zaman işlədiyiniz zaman onların gözləntilərini qarşılamağınız böyük ehtimalla mümkün olmayacaq.

4. Elmi-rəhbərinizlə əlaqələrinizi möhkəm tutun

PhD təhsili zamanı ən önəmli məsələlərdən biri elmi rəhbərin tələbə ilə münasibətidir. Dünyanın bir çox universitetində onlar tələbkar olurlar, eyni zamanda da PhD təhsili boyunca öz dəstəklərini də əsirgəmirlər. Belə olduğu halda onlar sizin iş fəaliyyətinizlə PhD təhsili arasında balans yaratmağınıza da kömək ola bilərlər. Yaxşı elmi rəhbər öz dəstəyini sadəcə bir sahədə göstərmir. Onlar tələbələrini akademik çevrəsi ilə tanış edə bilir, mövzu ilə bağlı mövcud ədəbiyyata və informasiyalara çıxışınızı təmin edə bilir, araşdırma bacarıqlarınızın inkişafına kömək olur, eyni zamanda da zehni və duyğusal dəstək göstərir. Yeri gəldikdə uğurlu olduğunuzu sizə göstərməli, mövzulara baxış bucağınızı genişləndirməli, konfranslarda və ya iş yerində fürsət yarandıqda sizin işlərinizi digər şəxslərlə bölüşməlidir.

5. Özünüzü tanıyın

Ən mütəşəkkil insanlar da PhD təhsili zamanı yaranan iş yükünə hazır olmurlar. Burada ən önəmli nüans özünüzə qarşı dürüst olaraq zamanınızı həm araşdırma, həm də iş yükünə uyğun olaraq bölməkdir. İxtisas və mövzudan asılı olaraq doktorantura işi həftədə ən az 15-20 saat tələb edir və bu tələbatı digər iş saatınızla, istirahət və ailəniz üçün ayırdığınız zamanla harmanlamalısınız.

Doktorantura proqramına davam edərkən eyni zamanda işləmək üçün bir çox səbəb vardır. Böyük tələbatları olan doktorantura təhsilini həftəlik 40 saatlıq tam ştat iş ilə balanslaşdırmaq əslində çox çətin deyil. Ancaq bir çox insan bunu bacara bilmir, onların arasından bəziləri isə sistemi tənzimləyərək böyük uğurlara imza ata bilirlər. Ona görə ən əhəmiyyətli sual budur: başqa sahədə tam ştat işləyərkən eyni zamanda doktorantura proqramında təhsil almaq hər kəsin izləyə biləcəyi bir yoldurmu?

Niyə doktorantura təhsili? Ən yaxşı zaman nə vaxtdır?

Doktorantura proqramları ilə maraqlanmadan öncə özünüzdən soruşmalı olduğunuz birinci sual hazırda ali təhsil dərəcəniz varkən, niyə doktorantura dərəcəsi əldə etmək istədiyinizlə bağlı olmalıdır. Bir çox insan özünü “Doktorantura təhsili almağa dəyərmi?” sualının cavabını axtararkən tapır və konkret cavab tapmaqda çətinlik çəkirlər. Reallıq budur ki, hər karyera sahəsi fərqlidir və sizin istiqamətiniz bunlara uyğun olaraq dəyişə bilər. Məsələn, əgər siz karyeranızı sadəcə akademiyada davam etdirmək istəyirsinizsə, o zaman doktorantura dərəcəsinin sizin gələcək istiqamətinizdə böyük təsiri olacaq.

Bunu nəzərə alaraq, magistr təhsilinizi bitirdikdən dərhal sonra doktorluq dərəcəsi üçün müraciət etmək cəlb edici görünə bilər. Ancaq bu iki təhsil dərəcəsi arasında fasilə vermək daha yaxşı olar. Bu fasilə dönəmində isə bir sıra suallara mütləq şəkildə tam cavab verə bilmək üçün zaman ayırmalısınız.

Qarşıdakı 4 və ya 5 il ərzində harada yaşamaq istədiyinizi bilirsinizmi?Davamlı olaraq ən az 8-9 il ərzində akademik sahədə işləmək istədiyinizə əminsinizmi və ya istəklisinizmi?Doktorantura mövzunuz getdikcə daha da spesifik və resurs tələb edən tədqiqata çevriləcək. Buna emosional, mental, psixoloji və fiziki olaraq hazırsınızmı? Yoxsa mövzunu daha da inkişaf etdirmək üçün zamanamı ehtiyacınız var?Doktorantura (PhD) təhsili ilə eyni anda işləməyin üstünlükləri nələrdir?Doktoranturada (PhD) tam gün işləyərkən tam zamanlı işin ilk və ən açıq üstünlüyü, doktoranturanı yalnız yarım gün oxuduğunuzdan daha az vaxtda bitirməyinizdir.İşləri tədqiqatlarla tarazlaşdırmağın ikinci açıq üstünlüyü, maaş və müavinətlərlə – ya da ən azı ardıcıl qazancla bir işi saxlamağınızdır. Çox güman ki, davamlı bir əmək haqqına etibar edə bilmək, dəyərli bir rahatlıq təmin edir.Doktorantura (PhD) dərəcənizi əldə edərlən karyeranı inkişaf etdirmə barədə əgər bacarıqlısınızsa, o zaman başqa bir üstünlük daha var. Araşdırma edərək və mövzunuzu yazaraq əldə etdiyiniz təcrübələri çox rahatlıqla karyeranızda daha yaxşı performansa dönüşdürə bilərsiniz. Hər iki təcrübə bir birindən fərqli olsa belə sizin özünüzə baxış tərzinizi dəyişdirir və öz intizamınızı daha da gücləndirir.Doktorluq Tədqiqatınızı Karyera ilə Balanslaşdırma üçün bəzi ipucları

Xaricdə təhsil alarkən, ümumiyyətlə təhsilinizi davam etdirərkən həyatınızdan balanslaşdırma yaratmaq o qədər də çətin deyil. Bununla birlikdə, həm karyeranızın həm də doktorantınızın tələb etdiyi zehni sağlamlığınızı və tələb olunan tempinizi qorumaq, özünüz üçün doğru gözləntiləri təyin etmək və doğru düşüncəyə sahib olmaq deməkdir. Xaricdə təhsil alarkən özünüz üçün xüsusi sistemlər qurmalısınız ki, müəyyən müddətdən sonra motivasiyanı azalmasın.

1. Rutin yaradın

Tədqiqatınızın hansı sahədə olması, işinizin və dissertasiyanızın nə olduğu vacib deyil. Tarix boyu bir çox uğurlu insanlar, özləri üçün fərdi və rahat rutinlər yaradaraq uğurlarını tapıblar. Gün ərzində müəyyənləşdirilmiş vaxtı məhsuldar keçirmək üçün doğru düşüncə tərzini formalaşdırmaq lazımdır. Bu sizə gün ərzində produktiv olmaqla yanaşı, görəcəyiniz işlərdən daha çox zövq və ilham almağınıza səbəb olacaq. Yəqin ki, filmlərdə görmüsünüz, böyük iş adamlarının bütün görüşləri, tədbirləri və fəaliyyətləri əvvəldən planlaşdırılmış şəkildə onların təqvimində olur. Bu cür filmlər əslində insanlarda bir düşüncə yaradır: işi çox olmayan, sadə insanlar bu cür planlama edə bilməz, etmək istəsə bu qədər görüş, tədbir və s. olmur. Ancaq bu belə deyil. Planlı yaşamaq elə həyatımızdakı kiçik detallardan başlayır. Hər bir şəxsin özünün fərdi təqvim planı olmalıdır, hətta gün ərzində görəcəyi işlər olduqca az olsa belə. Beləliklə siz gələcəkdə işləriniz artıqda artıq bu vərdişə yiyələnəcəyiniz üçün gününüzü, həftənizi, hətta ayınızı planlamağınız çətin olmayacaq. Təqvimdən yola çıxaraq sadalaya biləcəyimiz metodlar çoxdur, ancaq bu metodları digər yazılarımızda izah edəcəm

2. İşlərinizi kiçik tapşırıqlara bölün və zaman əldə edin

Doktorantura təhsiliniz zamanı və ya professional karyeranız boyunca daha səmərəli olmaq üçün layihə və araşdırmalarınızı kiçik tapşırıqlara bölmək sizin zamanınızı tənzimləmənizə çox yardımçı olacaqdır. Bu sizə əlavə bacarıqlar qazandıracaqdır. Bu bacarıqlar isə daha sonra həm dissertasiya zamanı, həm də layihələrin həyata keçirilməsi zamanı sizin istədiyiniz nəticəni əldə etməyinizə səbəb olacaqdır.

3. Elmi rəhbəriniz sizin bələdçinizdir

Elmi rəhbəriniz doktorantura təhsili boyunca sizin ən yaxın bələdçinizdir. O, sadəcə dissertasiyanızı istiqamətləndirmir, həmçinin sizin şəxsi və professional həyatınızda qərarlar almağınıza yardımçı olur. Ona görə də təhsiliniz boyunca mütləq elmi rəhbərlə əlaqələri yüksək tutmaq lazımdır.

4. Mental sağlamlığınızın qeydinə qalın

Lazım gəldikdə özünüzü kitablardan kənarlaşdırmağınız məsləhətlidir və hətta özünüzü buna təşviq edin. Tam ştat iş və doktorantura təhsili çox hallarda həm stress yaradır, həm də sizi tələbkar yola çıxarır. Beləliklə siz daim “özümə vaxt ayırmalıyam” fikrinə qapılırsınız. Buna görə də bəzən sadəcə özünüzə vaxt ayırmalısınız; hər həftə özünüz üçün yemək bişirin, idman salonunda müntəzəm məşq edin, ailə və dostlarınızla vaxt keçirin. gün ərzində enerji və motivasiyanı qorumaq üçün düzgün yuxu rejimi şərtdir.

Bütün bunlara əlavə olaraq onu qeyd edim ki, iş və təhsil sistemi bütün Qərb ölkələrində təxminən eynidir. Mütləq şəkildə bürokratiya mövcuddur və üzvü olduğunuz cəmiyyətlərdəki hiyerarxiyalara hörmət etməyiniz tələb olunur. İnsanlar həyatlarını harada yaxşı yaşaya bilirlərsə, ora onlar üçün vətənlərindən sonra ən doğma məkana çevrilir. Buna görə də əlinizdəki imkanları dəyərləndirərkən sadəcə qarşınızdakı 1-2 ili yox, 10-15 hətta 20 ilin planını qurub, düşünmək lazımdır. Xaricdə yaşamaq və işləməklə bağlı gözləntilərinizi həm öz bilik və bacarıqlarınız, həm də həmin ölkənin əmək bazarında iştirak edən digər namizədlərə görə müəyyən etmək lazımdır. Gözləntiləri çox yüksək tutub xaricə üz tutduqda qarşıya çıxa biləcək çətin problemlər sonradan ruh düşkünlüyü də yarada bilər və sizi tamamilə hədəflərinizdən uzaq sala bilər.

Son olaraq isə xaricdə təhsil almaq, yaşamaq və ümumiyyətlə bu cür təcrübə toplamaq əvəzsiz və böyük təcrübədir. Bu təcrübə insanların dünyagörüşünü daha da genişləndirir, hadisələrə baxış tərzini dəyişdirir, həyata hazırlayır və ən əsası gələcəyi haqqında düşünüb qərar vermə bacarıqlarını aşılayır. İnkişaf üçün daim araşdırmaq, sual vermək, cəhd etmək və nəticələrdən dərs çıxarıb daha düzgün strategiyalar qurmaq lazımdır. Belə olan halda həm işləmək, həm də oxumaq həyatın bir parçasına çevrilir və insan öz həyatı ilə bütünləşir. Ümid edirəm, bu yazı bir çox insanda xaricdə təhsil ilə bağlı müəyyən təsəvvür yaratmağa yardımçı olar.

Chosen
56
48
tehsil.biz

10Sources