EN

Materatsi: “Qızıl top” böyük bir məna kəsb etmir”

İtaliya yığmasının və “İnter”in keçmiş müdafiəçisi Marko Materatsi ən nüfuzlu fərdi futbol mükafatı “Qızıl top” haqda fikrini bildirib.

Arena.az xatırladır ki, ötən mövsümün yekunlarına əsasən, “Qızıl top” İspaniya milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib.

Təşkilatçıların müvafiq qərarı futbol dünyasını iki cəbhəyə ayırıb. Bir qisim Rodrinin ən nüfuzlu fərdi futbol mükafatını almasını qəbullansa da, digər cəbhə təşkilatçıları ədalətsizlikdə suçlayaraq, “Qızıl top”un “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora təqdim edilməli olduğu qənaətindədir.

“Mən UEFA Çempionlar Liqasını və Avropa çempionatını qazanmış Rodridən və ya Dani Karvaxaldan şikayətçi ola bilmərəm. Amma Lautaro Martines də “İnter” və Argentina yığması ilə qənimətlər qazanıb. O, daha da artığını gözlədiyini söyləyəndə haqlıdır. Deyək ki, bəzən münsiflər heyətinin üzvləri qəribə qərarlar verirlər, hoqqa çıxarırlar.

Düşünürəm ki, “Qızıl top” böyük bir məna kəsb etmir. Əsl dəyəri birlikdə qənimətlər qazandığınız klublar müəyyən edirlər. Mən isə deyərdim ki, Lautaro lap yaxşı vəziyyətdədir. O, “İnter” və Argentina yığması ilə qalibiyyətlər qazandı, o cümlədən bir Dünya Kuboku və iki Amerika Kubokunu, sonuncusunda isə ən sərrast qolçu ünvanına sahib oldu. Vacib olanı da budur. Mən bunu sizə, Fransa yığmasına qarşı finalda qol vurmuş və 2006-cı ildə “Qızıl top”un ilk 50-liyinə belə, düşməmiş Dünya Kubokunun qalibi olaraq deyirəm”, deyə Marko Materatsi vurğulayıb.

Chosen
42
arena.az

1Sources