EN

Üç ölkə birgə hərbi hava təlimlərinə başladı

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın yeni “Hwasong-19” qitələrarası ballistik raket buraxılışına cavab olaraq Koreya yarımadasından cənubda birgə hərbi hava təlimlərinə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Hər üç ölkədən qırıcıların və “B-1B” bombardmançı təyyarələrinin cəlb olunduğu təlim zamanı şərti hədəflərə hücum ssenariləri icra edilib.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada, “Üç ölkə arasında təhlükəsizlik əməkdaşlığının tədricən genişlənməsi fonunda, biz Şimali Koreyanın təhdidlərinin qarşısını almaq və onlara birgə cavab vermək üçün koordinasiyanı gücləndirəcəyik” bildirilib.

Bu, cari il ərzində tərəflərin ikinci birgə hərbi hava təlimidir.

Xatırladaq ki, Şimali Koreya oktyabrın 31-də qitələrarası ballistik raket buraxıb. Ölkənin rəsmi informasiya agentliyi KCNA buraxılışı ölkənin lideri Kim Çen Inın yerində izlədiyini bildirir. Yaponiyanın Müdafiə Nazirliyi raketin uçuşunun 1 saat 26 dəqiqə çəkdiyini, bunun Şimali Koreyanın indiyədək ən uzun məsafəyə uçan ballistik raketi olduğunu açıqlayıb. Raketin təxminən 7 min kilometr yüksəklikdən 1000 kilometr məsafə qət etdiyi bildirilir.

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın raket buraxılışını pisləyib.


Müəllif: Teleqraf.com
Chosen
36
6
teleqraf.com

9Sources