EN

Qadının işləməsinin qazancı təkcə pul deyil...

Nərgiz Hacıyeva Dr.

Siyasi alim, Miçiqan Universiteti

İlk olaraq qeyd edim ki, bir qadının işləməsi yalnız maddi gəlir əldə etməkdən ibarət deyil. Bu, onun şəxsiyyətini gücləndirən və özünə inamını artıran vacib addımdır. Qadının maddi azadlığı ona həyatını idarə etmə gücü verir, daxili hüzur yaradır, sosial çevrəsini genişləndirir. İşləyən qadın, iş həyatında qazandığı təcrübə və bacarıqlar ilə həm özünü inkişaf etdirir, həm də ailəsinə dəstək olur.

Tədqiqatlar göstərir ki, aktiv iş həyatına qoşulan qadınların beyin yarımkürələri, hər iki yarımkürənin sinxron fəaliyyəti nəticəsində daha aktiv və çevik olur. Yəni işləyən, daimi fiziki və zehni fəaliyyətə qoşulan qadınların beyinləri həm fiziki, həm də emosional olaraq gümrah qalır. Case Western Reserve Universitetinin araşdırmasına görə işləyən qadınların beynindəki bağlantılar daim stimullaşdırıldığı üçün onların yaddaşı güclənir və idrak qabiliyyətləri inkişaf edir. Bu, həm də işgüzar qadınların yaşlandıqca belə gənc və dinamik qalmasına kömək edir.

İşləyən qadınlar daha balanslı həyat qururlar

Alice Eagly sosial psixoloq və gender tədqiqatları üzrə tanınmış mütəxəssisdir. O, qadınların iş həyatında liderlik və özünə inam səviyyəsi ilə bağlı bir çox tədqiqat aparıb və iş həyatında olan qadınların sosial dəstək şəbəkələrini daha aktiv yaratdıqlarını vurğulayıb. Onun işləri göstərir ki, işləyən qadınların liderlik bacarıqları artır və ailə daxilində də onların fikirləri daha çox nəzərə alınır. Dr. Susan Pinker psixologiya üzrə mütəxəssis və iş həyatında qadınların fiziki və zehni sağlamlığına dair bir çox araşdırmanın müəllifidir. O, qadınların iş həyatında fəaliyyət göstərməsinin onların beyin fəaliyyətinə müsbət təsir etdiyini vurğulayır və bunun qadınların uzunömürlülüyünə də təsir etdiyini bildirir.

Harvard Universitetinin apardığı araşdırmalar göstərir ki, işləyən qadınlar stress və gərginliklə daha effektiv mübarizə aparır və daha balanslı həyat tərzi qururlar. Daim fiziki və intellektual fəaliyyət göstərən qadınlar, həyatdan məmnuniyyətlərini artırır və özlərini daim inkişaf etdirirlər. İş həyatının dinamikliyi, qadının həm sosial mühitdə, həm də ailədə özünü müstəqil bir şəxs kimi təsdiqləməsinə kömək edir.

Bir qadının işləməməsinin iqtisadiyyata təsiri 

Bir qadının işləməməsi yalnız ailə büdcəsinə deyil, həm də ölkə iqtisadiyyatına əhəmiyyətli təsir edir. İşləyən qadınların gəliri ailənin maliyyə sabitliyini artıraraq, uşaqların təhsilinə ayrılan xərclərin artmasına, onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Harvard Universitetində aparılan tədqiqatlara görə, işləyən anaların övladları həm akademik, həm də sosial cəhətdən daha güclü inkişaf edir, çünki işləyən qadınlar ailə büdcəsinə maddi töhfə verməklə yanaşı, övladlarına müsbət nümunə olur və onların gələcək karyera hədəflərini genişləndirir.

Dünya Bankının 2023-cü il hesabatına əsasən, qadınların iş gücündə iştirak etməsi ölkə iqtisadiyyatlarına böyük töhfələr verir. Hesabatda qeyd olunur ki, qadınların iqtisadi aktivliyini artırmaqla qlobal ÜDM 6%-ə qədər arta bilər. Hazırda qadınlar dünya üzrə ümumi illik istehlak xərclərinin təxminən 20 trilyon dollarını idarə edir və bu rəqəmin 5 il ərzində 28 trilyon dollara çatacağı gözlənilir. Həmçinin, qadınların illik gəliri 13 trilyon dollardan 18 trilyon dollara qədər arta bilər. Bu rəqəmlər qadınların dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrildiyini göstərir.

Daha möhkəm komanda qururlar

Qadınlar öz bacarıqlarından istifadə edərək effektiv ünsiyyət qurur, güclü münasibətlər idarə edir və daha möhkəm komandalar qururlar. Onlar komandaları daha effektiv idarə edirlər ki, bu da təşkilat üçün daha faydalıdır. Harvard Business Review-un araşdırmalarına görə, qadınlar daha sakit və daha tolerantdır, bu da idarəetmədə daha yaxşı nəticələr verir. Ümumilikdə qadınlar Çin və Hindistan bazarlarından daha böyük, hətta ikiqat böyük bir artım bazarını təmsil edirlər. Bu rəqəmləri nəzərə aldıqda, qadın istehlakçıları görməzdən gəlmək və ya az qiymətləndirmək ağılsızlıq olardı.

Finlandiya və digər Skandinaviya ölkələri qadınların iş gücündə ən yüksək nisbətlə təmsil olunduğu ölkələrdəndir və onların ÜDM-ə verdiyi töhfə əhəmiyyətlidir. Finlandiyada qadınlar iqtisadi fəaliyyətlərinin böyük hissəsini idarə edir, xüsusilə rəhbər vəzifələrdə qadınların sayı yüksəkdir. Bu, yalnız iqtisadiyyata töhfə vermir, həm də cəmiyyətdə sosial bərabərliyi və innovativ inkişafı gücləndirir. Belə bir model göstərir ki, qadınların iş gücündə aktiv iştirakı ölkə iqtisadiyyatının dayanıqlığını artırır və ümumi rifahı yüksəldir. Bu müsbət təsir, qadınların gələcək nəsillərə dəstək verərək cəmiyyətin daha sağlam inkişafına zəmin yaratmasını təmin edir

Övladları daha məsuliyyətli olur

Yüksək təhsilli və işgüzar qadınların övladları sosial, psixoloji və akademik baxımdan digərlərindən fərqlənir. Harvard Universitetinin bir araşdırmasına görə, işləyən anaların övladları daha çox özünə inamlı, açıqfikirli və məsuliyyətli böyüyürlər. Təhsilli analar övladlarına erkən yaşlardan intellektual stimullar verərək onlarda tənqidi düşüncə qabiliyyətlərini formalaşdırır. Bu uşaqlar analarının işgüzarlığını və müstəqilliyini müşahidə etdikcə, öz həyatlarında məqsədlər qoymağa və onlara çatmaq üçün çalışqan olmağa meyilli olurlar. Araşdırmalar göstərir ki, belə anaların övladları təhsildə daha yüksək göstəricilər əldə edir, sosial adaptasiya və emosional intellekt səviyyələri də yüksək olur.

Böyük Britaniyanın Lancaster Universitetinin araşdırmaları göstərir ki, yüksək təhsilli anaların övladları daha sosial məsuliyyətli olurlar və cəmiyyətin inkişafına müsbət töhfə verirlər. Bu, ananın təhsili ilə bağlı investisiyanın yalnız ailənin iqtisadi vəziyyətinə deyil, həm də uşaqlarının intellektual və emosional inkişafına təsir etdiyini göstərir.

Ana ilə başlayan təhsil ailədə formalaşan ilk tədris prosesidir və bu proses ömür boyu davam edir. Hacı Zeynalabdin Tağıyevin "Təhsillə qadın, təhsillə ailə, təhsillə gələcək və təhsillə nəsil formalaşır" fikri, ananın təhsilinin bütün ailəyə, hətta gələcək nəsillərə təsirini vurğulayır. Bir çox psixoloq və təhsil eksperti, ananın təhsilli olmasının uşağın təlim-tərbiyə prosesinə təsirini önəmli hesab edir. Belə ki, təhsilli ana övladını daha effektiv öyrədərək onun maraqlarını dəstəkləyir və inkişafını yönləndirir. Təhsilli anaların uşaqların inkişafına təsiri ilə bağlı bir neçə tanınmış psixoloq vardır. B. F. Skinner və Jean Piaget kimi klassik psixoloqlar da uşaqların öyrənmə prosesində anaların rolunu vurğulayıblar. Lev Vygotsky sosial inkişafın əhəmiyyətini vurğulayaraq, anaların uşaqlarının öyrənməsində aktiv rol oynamalarının vacibliyini qeyd edib. Albert Bandura isə modelləşdirmə teorisi ilə anaların davranışlarının uşaqların öyrənməsindəki rolunu izah edir

Bunun əyani misalı olaraq, Stanford Universitetində aparılmış bir araşdırmaya əsasən, işləyən anaların övladları daha geniş düşüncə çərçivəsinə sahib olurlar, çünki onların evdə gördükləri nümunə həm əmək bazarında, həm də sosial çevrədə təmsil olunmanın önəmini göstərir. Belə uşaqlar gələcəkdə daha yüksək liderlik qabiliyyətləri ilə seçilir və təhsil həyatında uğur qazanmaq ehtimalları yüksəlir.

Həm özünə, həm ailəsinə, həm də cəmiyyətə faydalı olur…

İş mühiti, sosial əlaqələrin qurulması üçün mühüm platformadır. İşləməyən qadınlar, yeni insanlarla tanışlıq və sosial dəstək sistemlərini inkişaf etdirmək imkanından məhrumdurlar. Bu, onların emosional sağlamlıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, sosial əlaqələrin olmaması, depressiya və anksiyete riskini artırır. Sosial izolyasiyaya məruz qalan qadınlar, yalnızlıq hissi ilə qarşılaşır və bu da onların psixoloji vəziyyətini pisləşdirir. Sosial həyatdan kənarda qalma, qadınların emosional vəziyyətinə təsir edə bilər. İstirahət imkanlarının azlığı, qadınların stress səviyyələrini artırır, bu da aqressiv davranışların ortaya çıxmasına səbəb olur. İş mühitində sosial bacarıqların inkişafı, qadınların konfliktləri həll etmə və emosional tənzimləmə qabiliyyətlərini artırır. Araşdırmalar, iş mühitində aktiv iştirak etməyən qadınların daha çox aqressiv və emosional reaksiya verdiklərini göstərir. İşgüzar mühitdə iştirak etməyən qadınlar, uşaqlarına müstəqillik və iş etikası haqqında müsbət mesajlar verə bilmir. Uşaqlar, analarının iş mühitindəki rolunu və müstəqil qadınların cəmiyyətdəki yerini görmədikdə, gələcəkdə öz müstəqil karyeralarını qurmada çətinliklərlə qarşılaşa bilərlər. Araşdırmalar uşaqların iş dünyasında aktiv olan valideynlərin yanında daha güclü rol modelləri gördüklərini və bunun onların öz inkişaflarına müsbət təsir etdiyini göstərir.

İşləyən qadın həm özünə, həm ailəsinə, həm də cəmiyyətə faydalı olur, onu hər hansı bir məhdud çərçivədə saxlayan mənfi vərdişlərdən uzaq dayanır. Çünki bizim qədim sözümüz var: "İşin varsa, dildən düşməzsən." İşgüzar qadınlar "it gəldi, örkən apardı" söhbətləri ilə vaxt itirməzlər. Onların diqqəti öz hədəflərinə və ailəsinə yönəlib, cəmiyyət üçün dəyərli nəsə yaratmaq niyyətindədir.

Qadınlar işləməlidir - istər maddi vəziyyəti yaxşı olsun, istərsə də ehtiyac içində. Çünki iş qadına öz hüquqlarına sahib çıxmaq, cəmiyyətdə öz səsini ucaldatmaq və haqqını tələb etmək üçün ən güclü vasitədir. Qadın azad olduqda, işin verdiyi güc və müstəqilliklə daha yüksək hədəflərə doğru gedir. Mən həmişə azad və cəsur yaşamağa çalışmışam və mənim kimi olan qadınlara da dərin mənalı bir həyat arzu edirəm.

Məqsədsiz insan limansız gəmi kimidir - yəni, həyat onu müxtəlif istiqamətlərə sürükləyir. Buna görə qadınların həyatlarını mənalı hədəflərlə zənginləşdirməsi vacibdir. Hər bir qadın öz azadlığını, məqsədini tapmalı və cəmiyyətə töhfəsini verməlidir. İşgüzar, məqsədyönlü və öz səsinin sahibi olan qadınlar cəmiyyəti dəyişdirən güclərdir.

“Bir qadının ambisiyası elm və biliklə qidalanır. O nə qədər çox öyrənirsə, o qədər yüksək sıçrayışa hazırlaşır”.

Chosen
33
valyuta.az

1Sources