EN

Emil Mustafayev oynadı, komandası ilk məğlubiyyətini aldı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev Ukraynanın “Polesye” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ukrayna çempionatının (Premyer Liqa) 2024/2025 mövsümünün 12-ci turu çərçivəsində baş tutan “Aleksandriya” ilə matçın iştirakçısı olub.

“Polesye” bu rəqiblə səfərdə qarşılaşıb. Emilin komandası meydanı məğlubiyyətlə tərk edib – 0:1.

Mustafayev bu görüşün 68-ci dəqiqəsində meydana buraxılıb. Emilin sabiq komandası indiki klubunu məhz o meydana çıxdıqdan sonra (83-cü dəqiqədə) məyus edib.

Qeyd edək ki, bu, “Polesye”nin 2024/2025-ci illər mövsümündəki ilk məğlubiyyətidir.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın digər klubu “Aleksandriya”nın yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 22 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 30 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Bu mövsüm keçirdiyi 11 oyuna 22 xal toplamış “Polesye” Premyer Liqanın turnir cədvəlində 16 iştirakçı arasında 4-cü yerdə qərarlaşıb. Emilin komandası 6 qələbə qazanıb, 4 heç-heçə edib və 1 məğlubiyyətlə üzləşib.

Chosen
30
1
arena.az

2Sources