EN

Araşdırmaçı-jurnalist: "Tərtər işi" cəmiyyət üçün qapalı saxlanılır

Əsas informasiyalar qeyri-rəsmi mənbələrdən əldə olunanlardır
 
 "Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxsin - Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barələrində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb. Qeyd edilir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər. Xatırladaq ki, 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.
 Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülüb.

 Araşdırmaçı-jurnalist, Jurnalistlərə Hüquqi və texniki yardım İctimai Birliyinin sədri Asəf Quliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, "Tərtər işi", ümumiyyətlə, cəmiyyət üçün qapalı saxlanıldığından açıq informasiyalar demək olar, çox cüzidir: 

- Əsas informasiyalar qeyri-rəsmi mənbələrdən əldə olunanlardır. “Tərtər işi”nin bir özəlliyi var ki, ilkin istintaq zamanı ittiham olunan və haqqında hökm çıxarılan şəxslərin hamısının cinayəti ya  “səmimi etiraf”, ya da kimlərinsə onların üzünə durması ilə sübuta yetirilmiş oldu. Məndə olan məlumata görə, başqa əməliyyat hərəkətləri ilə bu cinayətlərin sübutu yox idi. Bəlkə də, belə əməliyyat hərəkətləri olub. Amma açıqlanmayıb. Əgər iş bu qədər səs-küy yaradıbsa, bu sübutlar mütləq ictimaiyyətə təqdim olunmalı idi. Buna görə də ilkin məhkum olunanlar və bu gün məhkum olunanların əməlləri və onlara verilən cəzanın adekvatlığı barədə birmənalı rəy bildirmək çətindir. O ki qaldı ilkin istintaqa cəlb olunanların işgəncə ilə qətlə yetirilməsində iştirak edənlərə, onlara ən ağır cəza verilməlidir. Bu, birmənalıdır.
Chosen
49
22
sherg.az

10Sources