EN

“Nə qədər olar - “Baku Fire”, “Neftçi” İK, “Araz-Naxçıvan”...” - “Şuşa” yüksək liqaya iddialı gəlib

Yeni mövsümdən etibarən futzal üzrə yüksək liqada çıxış edən “Şuşa” haqda yazmışıq.

Xatırladaq ki, ötən mövsüm 1-ci liqada yarışan komanda elitada “Record club”u əvəzləyib. Düzü, çempionata yeni qoşulan kollektivin debütdəcə xarüqələr yaradacağını düşünmək sadəlövhlük olardı. Bu üzdən Qarabağ təmsilçisinin ilk üç oyunda böyük hesabla məğlub olması heç kimi təəccübləndirmədi. Diqqətçəkən məqam isə “Şuşa”nın 3-cü turda “Araz-Naxçıvan”a qarşı keçirdiyi matçda nə az, nə çox - 4 avtoqolla yadda qalmasıdı. Belədə komandanın təsisçisi və rəhbəri Ramil Hüseynovla həm bu, həm də başqa məsələlər ətrafında söhbət etməyə ehtiyac duyduq:

“Şuşa”nı dişimizlə-dırnağımızla yaratmışıq. Baş sponsorumuz və bir neçə köməkçi sponsorumuz var. Federasiya yüksək liqada çıxış etməyimiz üçün müraciət edəndə həmin şirkətlərlə danışıq apardıq və bizə dəstək olacaqlarına söz verdilər. Amma iddialı komandalara qarşı mübarizə aparacaq səviyyədə deyilik. Bunun üçün daha böyük maliyyə gücü lazımdı. İndiyə qədər döymədiyimiz qapı qalmayıb. Hətta Milli Məclisin üzvlərindən birinə də müraciət etmişik ki, “Şuşa” adını futzalda yaşada biləcək maliyyə ayırsınlar. Komandanı Fərid Atakişiyevin köməyi ilə formalaşdırdıq. Məqsəd həm də milliyə dəstək olmaqdı. Şükür Allaha, oyunçumuz İlham Alıyev əsas milliyə dəvət alıb. Hazırda yığmamızın düşərgəsindədi. Bu, bizim üçün böyük fəxrdi. İlk həftələrdə belə uğur qazandığımıza görə xoşbəxtik. Futzalı daha yüksək səviyyəyə qaldırmaq istəyirik. Oyunlara rəng qatmaq vacibdi. İllərdi bu idman növüylə məşğuluq. Öyünmək kimi olmasın, amma böyük təcrübəm var. Niyə bu üstünlükdən futzalı inkişaf etdirmək üçün yararlanmayım ki?! Nə qədər olar - “Baku Fire”, “Neftçi” İK, “Araz-Naxçıvan”... Milli komandalarımız beynəlxalq yarışlarda böyük hesabla uduzur. “Araz-Naxçıvan” ölkəmizdə uğurlu olsa da, Çempionlar Liqasında mübarizəni erkən dayandırır. 1-ci liqada çıxış edərkən oyunları izləyirdik. Məğlubiyyətlər bizi çox üzür. Qərar verdik ki, yüksək liqaya gələk və nəyisə dəyişməyə çalışaq. Məşqləri “Olimpik Star”da keçirik. Bir neçə təcrübəli futzalçı da bizimlədi. Hazırda yeganə problem maddi dəstəyimizin az olmasıdı”.

Ramil bəy indiyə qədər qeydə alınan böyükhesablı məğlubiyyətləri belə izah etdi:

“Düzü, elitaya gəlişimiz tələsik oldu. Lazımi səviyyədə təlim-məşq toplanışı keçə bilmədik. Qarşılaşdığımız komandalar, oyunu izləməyə gələn tamaşaçılar bizi tərifləyir. Deyirlər ki, mübariz kollektiviniz var. İlk dəqiqələrdə çox yaxşı oynayırıq. Sadəcə, sonradan rəqibin təcrübəsi, futzalçılarının keyfiyyəti, fiziki və psixoloji hazırlıq kimi amillər önə çıxır və geriləyirik. Yenə də yüksək liqaya rəng qatmaq şansımız çoxdu. Nə qədər 1-ci liqada baş qataq? Burda inkişaf şansımız çoxdu. Diqqət mərkəzində oluruq. Media nümayəndələri maraqlanır, azarkeşlər gəlib oyunumuzu izləyir, həmişə meydanda eyni komandaları görmürlər. Belə məqamlar oyunçularımızda inkişaf istəyini artırır. Düzdü, bu gün qazandığımız nəticələr heç kimi qane edə bilməz. Lakin bizə zaman lazımdı. İnanıram ki, bütün problemlərin öhdəsindən gələcəyik. İndi ruhdan düşməyin, təslim olmağın mənası yoxdu. İmkan vermərik ki, “Şuşa” əzilsin”.

Komandanın rəhbəri inkişaf etməyin yollarını nədə gördüyünü də bizimlə bölüşdü:

“Vaxtilə AZAL-da da çalışmışam. Ümumiyyətlə, həm futzaldan, həm də böyük futboldan anlayışım var. Görürəm ki, yüksək liqada rəqabət yox səviyyəsindədi. İki-üç komanda ağalıq edir. Bizə həm də bir neçə təcrübəli futzalçı lazımdı ki, rəqiblərə yerini göstərək. İndiyə qədər keçirilən oyunlarda pis təsir bağışlamamışıq. Bəzən şanssızlıq olur, ələ düşən fürsətlərdən yararlana bilmirsən... Axı ümumi vəziyyət də ürəkaçan deyil. “Araz-Naxçıvan” daha çox legionerlərin hesabına irəli gedir. Bunun üçün də pul lazımdı. U-19 millimizə baxanda adamın ürəyi ağrıyır. Hər il heyət dəyişir. Oyunçu tam inkişaf etmədən sanki qeybə çəkilir. Başına nə gəldiyini bilmirik. Onun üçün çəkilən əziyyət fayda verdi, ya yox? Bilmirik. Futzalımız illərdi geriləyir. Məncə, minifutbolun yaranması və qısa müddətdə populyarlaşması, həmçinin ordakı maliyyə durumu futzala ciddi zərbə vurdu. Çoxu minifutbola qaçır. Orda həm komandaların sayı çoxdu, həm də maddi qazanc. Oyunları canlı yayınlanır. Camaat sosial şəbəkələr vasitəsilə oyunçuları izləyir. Bunun özü də komandalar üçün xüsusi motivasiya mənbəyidi. Futzalın da gündəmdə qalmasının yolları tapılmalıdı. Bu idman növü lazımi səviyyədə təbliğ edilmir. Biznesmenlər, şirkətlər var ki, heç böyük futbola yaxın durmur, o ki qaldı futzala...”

Ramil bəyin fikrincə, “Şuşa” qısa zamanda toparlanacaq və yaxşı nəticələr qazanmağa başlayacaq:

“İnanıram ki, hər şey yaxşı olacaq. Bu gün millimizin durumu ürəkaçan deyil. Bildiyimə görə, nəhayət, yerli futzalçılara üstünlük verməyə başlayıblar. İlhamın dəvət edilməsi də bununla bağlıdı. Onsuz da “milliləşdirilən” futzalçılar üzündən xeyli vaxt itirmişik. Deməli, həm yüksək liqada uğurlu çıxış etməli, həm də milli üçün oyunçu yetişdirməliyik. Məhz buna köklənmişik. Özüm də savadsız kadr deyiləm. Komandamın nəticələrini yaxşılaşdırması və rəqabətədavamlı səviyyəyə gəlməsi üçün əlimdən gələni edəcəm. Üç ildi “Şuşa” var. Bundan sonra varlığını daha yaxşı şəraitdə davam etdirməsi üçün çalışacam”.

KƏNAN BAHADIR
Chosen
26
football-plus.az

1Sources