EN

ABŞ-də liderlik savaşı: Bu seçki qlobal siyasətdə də mühüm təsirə malik olacaq

Bu gün ABŞ-də növbəti prezident seçkiləri keçirilir.

Ölkənin siyasi səhnəsində mübarizə getdikcə daha da qızışır. Bu mübarizə sadəcə iki siyasi şəxsiyyət arasında deyil, həm də ABŞ-nin gələcək istiqamətləri arasında əsl ideoloji savaşdır. Kamala Harris və ya Donald Trampın prezidentlik kürsüsünə qalxması ölkənin müxtəlif sahələrdə - daxili siyasət, sosial ədalət, iqtisadiyyat və xarici siyasət kimi fərqli kurslar tutmasına səbəb ola bilər. Hər iki namizədin fərqli platformaları ABŞ-də prezidentliyin növbəti dövründə hansı fundamental dəyişikliklərin baş verə biləcəyini göstərir. Bu seçkilər yalnız ABŞ üçün deyil, eyni zamanda, qlobal siyasətdə də mühüm təsirə malik olacaq.

Bəs ayrı-ayrılıqda proseslər təhlil edilərsə, məsələyə yanaşma necə olmalıdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, hər iki şəxsin idarəçiliyi dövrü müxtəlif fərqlərlə müşahidə ediləcək:

"Donald Trampın yenidən prezident seçilməsi ABŞ-nin siyasətində radikal dönüş nöqtəsi yarada bilər. Trampın rəhbərliyi altında "America First" şüarına əsaslanan sərt millətçi yanaşma yenidən hakimiyyətdə olacaq. Bu yanaşma, ilk növbədə, ölkənin xarici siyasətini ciddi şəkildə dəyişdirəcək. ABŞ-nin beynəlxalq təşkilatlarda lider rolunu azaltması, NATO və digər müttəfiqlərlə əməkdaşlığı minimuma endirməsi, ticarət əlaqələrində isə daha sərt və proteksionist addımlar atması ehtimal olunur. Bu kursla Tramp ABŞ-nin milli maraqlarını daha güclü müdafiə etmək və ölkə iqtisadiyyatını qorumaq məqsədilə ticarət məhdudiyyətləri, yüksək tariflər və sərt immiqrasiya siyasəti tətbiq edə bilər".

Politoloqun fikrincə, daxili siyasətdə Trampın yenidən hakimiyyətə qayıtması ilə vergi güzəştlərinin yenilənməsi və korporativ sektora dəstəyin artırılması gözlənilir. Bu isə varlı təbəqə və iri bizneslər üçün əlverişli şərait yaradacaq. Onun sözlərinə görə, sosial məsələlərə, iqlim dəyişikliyi və sosial bərabərlik kimi mövzulara dair Trampın səlis və konservativ baxışı, ölkənin müxtəlif təbəqələrində yeni gərginliklərə səbəb ola bilər. ABŞ daxilində liberal ideologiyanın azaldılması və Trampın idarəçiliyi altında güclü hüquq-mühafizə tədbirlərinin tətbiqi, ölkənin sosial-siyasi mühitində dəyişikliklərə gətirib çıxara bilər.

Kazım Kazımov qeyd edib ki, Kamala Harrisin prezident seçilməsi ABŞ siyasətində daha proqressiv və inklüziv bir dövrün başlanğıcına işarə edə bilər:

"Harrisin rəhbərliyi altında hazırkı administrasiyanın prioritet verdiyi sosial ədalət, insan hüquqları və iqlim dəyişikliyi ilə mübarizə mövzuları daha da güclənə bilər. Onun proqramı, xüsusilə, ABŞ daxilində təbəqələrarası bərabərliyi təmin etmək üçün təhsilə, səhiyyəyə və sosial rifaha daha çox investisiya yönəltməyi nəzərdə tutur. Harrisin xarici siyasət baxışları qlobal əməkdaşlıq və ABŞ-nin beynəlxalq təşkilatlardakı liderliyini möhkəmləndirmək üzərində qurulub. Müttəfiqlərlə münasibətlərin yenidən qurulması, NATO-nun gücləndirilməsi və iqlim dəyişikliyi ilə bağlı qlobal sazişlərə dəstəyin artırılması onun xarici siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, Harrisin immiqrasiya siyasəti daha şəfqətli və inklüziv bir yanaşmanı təmsil edəcək. Bu isə ölkəyə gələn immiqrantlara qarşı daha çox dəstək və hüquqi müdafiə mexanizmlərinin yaradılması ilə nəticələnə bilər".

Kazım Kazımov: Trampın bəzi baxışları ölkənin müxtəlif təbəqələrində yeni gərginliklərə səbəb ola bilər

Son olaraq mütəxəssis vurğulayıb ki, Harrisin proqressiv yanaşmaları iqtisadiyyat və sosial siyasət sahəsində yeni təşəbbüslərə yol açaraq, ölkənin daxili birlik və bərabərlik prinsipinə sadiqliyini artırmağa xidmət edə bilər.

Beləliklə, mütəxəssis fikirləri və cəmiyyətin mövqeyini nəzərə alaraq demək olar ki, hər iki namizədin ABŞ prezidentliyinə gətirəcəyi fərqli mövqe ölkə üçün əhəmiyyətli dönüş nöqtəsi olacaq. Trampın yenidən hakimiyyətə gəlməsi milli maraqları qlobal əməkdaşlıqların üzərində tutan və sərt millətçi baxışlarla idarə olunan bir ABŞ yaradacaq. Bu, qısa müddətdə ABŞ iqtisadiyyatını stimullaşdıra bilər, lakin sosial ədalət və beynəlxalq münasibətlər sahəsində yeni gərginliklərə yol açma ehtimalını da gücləndirir. Digər tərəfdən Harris daha proqressiv və inklüziv bir yanaşma ilə ölkə daxilində bərabərlik və sosial rifahı gücləndirmək, qlobal səhnədə isə ABŞ-ın imicini yeniləmək istəyir. Onun rəhbərliyi altında beynəlxalq əməkdaşlıqlar yenidən qurularaq ABŞ-nin liderlik mövqeyi gücləndirilə bilər.

Seçkilərin nəticəsi həm daxili, həm də xarici siyasətdə ABŞ-nin hansı kursla irəliləyəcəyini müəyyən edəcək. Baş verənlər yalnız ABŞ xalqının deyil, eyni zamanda, qlobal siyasətin gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır.

Əli Hüseynov

Chosen
27
50
bakivaxti.az

10Sources