EN

Avrasiya təhlükəsizliyi üzrə II Minsk konfransı: Nələr müzakirə olundu?- Ölkəmizi təmsil edən ekspertdən AÇIQLAMA

“Avrasiya təhlükəsizliyi üzrə II Minsk beynəlxalq konfransı kifayət qədər nüfuzlu tədbirdir. Burada həm yüksək səviyyəli qonaqların iştirakı ilə açılış mərasimi, eləcə də panel sessiyalarında səslənən fikirlər qlobal təhlükəsizlik arxitekturasının qorunması, eləcə də inkişafına yönəlmişdir. Bu gün bütün dünyada biz görürük ki, təhlükəsizlik sistemi dağılmış vəziyyətdədir. Ayrı-ayrı münaqişələr, müharibələr, eskalasiyalar getdikcə güclənir. Bunun nəticəsində humanitar fəlakətlər, böhranlar, miqrasiya problemləri və bu kimi proseslər cərəyan edir. Ona görə də həm rəsmi şəxslərin, həm beyin mərkəzləri nümayəndələrinin, ekspertlərin, analitiklərin, iqtisadçı və hərbçilərin əsas məqsədi qlobal nizamın formalaşmasına dəstək vermək və eləcə də məhz siyasi, dinc yolla bütün münaqişələrin həllinə nail olmaqdır”.

Bu fikirləri Editor.az-a Belarusun paytaxtı Minsk şəhərində Avrasiya təhlükəsizliyi üzrə II Minsk konfransında ölkəmizi təmsil edən siyasi ekspert İlyas Hüseynov deyib.

Ekspert 46 dövlətdən 600 iştirakçının toplaşdığı II Minsk konfransının açılış mərasimini Belarusiyanın prezidenti Aleksandr Lukaşenkonun etdiyini deyib:

“Onun proqram xarakterli nitqində bir sıra mühüm məsələlər yer alırdı. Bu gün dünya artıq bir qütblü deyil, müxtəlif güc mərkəzləri yaranmaqdadır. Bu reallığı isə Qərb qəbul etməlidir. Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS sammiti də göstərdi ki, artıq dövlətlər yeni alternativ ideyalar istəyir. Lukaşenko həm də dünya səviyyəli böyük siyasətçi kimi bütün məsələlərin sülh yolu ilə həllinə dair çağırışlar etməklə yadda qaldı. Eyni zamanda, Serbiyanın baş naziri müavini Aleksandr Vulin də öz çıxışında mühüm məqamlara toxunaraq Balkan regionunda baş verən proseslərə diqqət çəkdi. Digər tərəfdən kifayət qədər böyük diqqətləri özünə cəlb edən Macarıstanın xarici siyasət və ticarət naziri Peter Siyarto söylədiyi fikirlərlə uzun müddət Belarusiyada informasiya gündəmində qaldı, eyni zamanda digər ölkələrdə də fikirləri tirajlandı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz çıxışında Avrasiya təhlükəsizliyinin aspektlərinə diqqət çəkdi. Bununla yanaşı, həm də MDB-nin baş katibi və KTMT-nin baş katibi, digər yüksək vəzifəli şəxslərin fikirləri həm də ondan sonrakı dövr üçün panel sessiyalarında əsas müzakirə obyektinə çevrilmişdi. Mən də üçüncü paneldə çıxış etdim. Bu panel daha çox Avrasiya təhlükəsizlik xartiyasının formalaşması üçün təklifləri nəzərdən keçirdir. Öz çıxışımda mühüm təkliflər səsləndirdim. Eləcə də yeni geosiyasi reallıqlar kontekstində Cənubi Qafqazda cərəyan edən proseslər, ölkəmizin sülh təşəbbüsləri, COP29 tədbirinin keçirilməsi ilə bağlı həyata keçirilən geniş miqyaslı fəaliyyət və eyni zamanda, hazırda ölkəmizə qarşı olan bəzi dairələrin çirkin təbliğatının ifşası istiqamətində fikirlərim böyük auditoriyanın diqqətini cəlb etdi. Belarusiyanın birinci televiziyasına müsahibə verdim və ən tanınmış analitik verlişdə qonaq oldum. Ümumilikdə bu tədbirdə Azərbaycan nümayəndə heyətinin fəallığını da çox uğurlu hesab edirəm. Bu cür beynəlxalq tədbirlər ölkəmizin haqq səsini geniş auditoriyaya çatdırmaq üçün bizə geniş imkanlar yaradır, ona görə də azərbaycanlı ekspertlər bu tip tədbirlərdə daha fəal iştirak etməlidirlər”.

//Gülnarə Abasova, Editor.az

Chosen
42
editor.az

1Sources