EN

Milli varlığımızın telegüzgüsü

 6 Noyabr  Azərbaycan Televiziya və Radio İşçiləri Günüdür

…Düz 98 il əvvəlin Bakısı. Noyabrın 6-da respublikamızda ilk dəfə radio verilişlərinin yayımına başlandı. O gün ölkə paytaxtının küçə və meydanlarında qurulmuş, dirəklərdən asılmış reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi ətrafa yayıldı. İllər boyu camaatın meydanlara toplaşıb radioya qulaq asması o dövrlərin kinokadrlarında öz əksini tapıb.    

Azərbaycan televiziyası yaranandan sonra isə 6 noyabr tarixi, ümumilikdə, teleradionun yaranması günü kimi qeyd olunmağa başlayıb. Radionun 30 yaşı olanda Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. Ekranda gözəl aktrisa Nəcibə Məlikova görünüb və çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb.  

Radionun binasına qalxıram. İndi çoxu həyatda olmayan qayğıkeşlərimi,    müəyyən illərdə çiyin-çiyinə çalışdığım ağsaqqal həmkarlarımı xatırlayıram. Azərbaycan efirinin “Bulaq”, “Axşam görüşləri”, “Yurd yeri” və onlarca başqa cəlbedici proqramları könülləri oxşayıb. Burada səslənən bir sıra ifadələr tezliklə zərb-məsəllərə çevrilib: “Agsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar. Tanrı hər birimizi agsaqqallı, agbirçəkli eləsin…” və sair. Bütün bunlar həm də canlı ana dilimizin saflığının qorunub saxlanmasına xidmət nümunələri olub. 

Hüseyn Mehrəliyev, Aqşin Babayev, Nadir Yusifli, Mürsəl Cavadov, Oqtay Şamil, Mailə Muradxanlı, Qaçay Köçərli, Ibrahim Göyçaylı, Hidayət Səfərli, Sabir Axundov, Ayətxan İsgəndərov, Akif Səməd, Möhbəddin Səməd, Mövlud Süleymanlı, Camal Yusifzadə, Zakir Sadatlı kimi tanınan imzalar həm də məhz radionun adına şərəf-şan gətiriblər.  

Onlardan biri də Sərhəd Qasımovdur. Həmkarlar ittifaqı komitəsinin sədri olsa da, uzun illər radionun binasında əyləşdiyi üçün onu buranın əsl ağsaqqalı sayırıq. Hazırda təqaüddə olan 83 yaşlı Sərhəd müəllimə zəng edib təbriklərimi çatdırdım. Çox sevindi. Yeri gəlmişkən, vaxtilə onunla bir kollektivdə çalışan yüzlərlə redaktor, müxbir, rejissor, kino və televiziya operatoru, sürücü və digər peşə sahibləri Sərhəd müəllimin təmənnasız xeyirxahlıq və yaxşılıqlar daşıyıcısı kimi xətrini əziz tuturlar. Xatirələrə dalan Əməkdar mədəniyət işçisi teleradioda fasiləsiz olaraq çalışdığı 50 ilin hədər getmədiyini, bu gün də ürəyinin dogma kollektivlə bir döyündüyünü söylədi. Onunla ən sıx əlaqə saxlayanların Akif Cabbarlı və Mübariz Süleymanlı olduğunu bildirdi.

Televiziyanın yaranması da işıqlı bir tarixdir. İlk veriliş günü diktorun məşhur “Diqqət, göstərir Bakı!” sözlərindən və respublikada müntəzəm yayımın başlanmasını bildirməsindən sonra Mehdi Hüseyn, Süleyman Rüstəm və TV-nin rəhbərlərindən olan Teymur Elçin xalqa təbriklərini çatdırıblar. Ardınca Sara Qədimovanın qısa muğam konserti olub. Kibrit qutusundan bir az böyük ekranda “Bəxtiyar” filmi göstərilsə də, həmin gün texniki səbəblərdən kinonun səsi çıxmayıb. İlk efir sınağında studiyada kamera arxasında mühəndis Sərvər Quliyev, rejissor pultu arxasında isə Kamil Rüstəmbəyov dayanmışdı. Teleqüllənin inşası sona yetmədiyi üçün studiya antennası 44 metrlik adi neft buruğuna bağlanmış və bu üzdən səs siqnallarının ötürülməsində nasazlıq meydana çıxmışdı. Ertəsi günün efirini məşhur aktrisa Hökümə Qurbanova aparıb və həmin filmi yenidən təqdim edib. Bakı studiyası əvvəlcə həftədə 2, sonra 3 dəfə ikisaatlıq proqramla efirə çıxıb…

Xatırlayıram ki, 60-cı illərin əvvəllərində yaşadığımız Sumqayıt şəhərinin ­“İnşaatçılar” qəsəbəsindəki qonşularımızdan yalnız bir-ikisinin evində televizor vardı. Axşam saat 6 olar-olmaz, uşaqlı-böyüklü hamı bir yerə yığışar, pəncərə pərdələrini kip çəkərdilər ki, içəri işıq düşməsin (guya onda ekran xarab ola bilərdi) və televizoru açardılar. Son xəbərlərdən tutmuş, konsertlərə, hava məlumatına qədər bütün verilişləri izləyərdik. Sonra da qızğın müzakirələr, mübahisələr olardı (O da yadıma düşür ki, 1963, ya da 1964-cü ildə “Neftçi” futbol komandası uduzanda qonşumuz Yəhya dayı hirslənərək, televizoru 2-ci mərtəbədən həyətə atmışdı).  

İlk onilliklərdə milli televiziyada “Evrika”, “Təbiəti sevənlər”, “Səhər görüşləri”, “Komediyalar aləminə səyahət”, “Dalğa”, “Günün ekranı”, “7 Gün”, “Kinoklubda görüş”, “Retro”, “Qoşma”, “Tələbə klubu”, “Çay dəstgahı” kimi proqramlar böyük populyarlıq qazanmışdı. Bura həm də, bir növ, musiqi sənəti məbədgahı idi: ansambllar, xor kollektivləri, simfonik orkestr və sair AzTV-nin nəzdində yaradılıb və çoxsaylı parlaq ulduzların “start” meydanı olub. Bu kollektivlərin bir qismi Mədəniyyət Nazirliyinin tabeliyinə keçirilib, qalanları QSC-də fəaliyyətini davam etdirir. Televiziyanın Səsyazma Evində  Brilyant Dadaşova, Teymur Əmrah, Gülyanaq Məmmədova, Sabir Abdullayev, Abbas Bağırov kimi məşhurlar solistdirlər. 

Hər dəfə olduğu kimi, yenə də ömrümün 20 ilini çalışdığım milli televiziyaya gəlişimdə, ilk növbədə, gözlərim önündə unudulmazların foto-qalereyası canlandı. Elşad Quliyev, Nahid Hacızadə, Firudin Ağayev, Babək Hüseynoğlu, Rafiq Hüseynov, Sabir Ələsgərov, Valid Sənani, Hicran Hüseynov və digərlərinə Allahdan rəhmət dilədim. Bəxtimizdən, bu gün də sıramızda olan, neçə nəsil televiziya işçilərinin yetişməsində bilavasitə əmək sərf etmiş Aydın Əliyev, Ramiz Həsənoğlu, Vasif Babayev, Roza Tağıyeva, Solmaz Həmzəyeva, Şəmistan Nəzirli, Kamran Əliyev ilə arabir görüşür, zəngləşir, hal-əhval tuturam. 

Televiziyada bu gün də 60 illik zəngin təcrübəsini gənclərdən əsirgəməyən ilk baş redaktorum, tanınmış idman şərhçisi Aydın Əliyevi görmək istəyim bu dəfə baş tutmadı. Dedilər ki, rəhbərlik onun haqqında sənədli film çəkdirir, studiyadadır.  Yalnız axşam saatlarında ustadla telefon söhbətim oldu. Bayramını təbrik etdim.

– Bu təbrikdən sənə də düşür, – dedi. – Yeri gəlmişkən, yazında qeyd elə ki, vaxtilə rəhbərlik etdiyim idman proqramları baş redaksiyasında mənim təqdimatımla işə başlamış 6 nəfəri – sən də daxil olmaqla, Abbas Əzimov, Fikrət Adıgözəlli, Salar Aslanov, Azad Müzəffərli və Yaqub Nuriyev sonradan “Əməkdar jurnalist” fəxri adına layiq görülüblər. Fəxr edirəm ki, televiziyaya sərf etdiyim illərim hədər getməyib. Bütün həmkarlarıma uğurlar arzulayıram!                               

Danılmaz faktdır ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və təbliğində mühüm rol oynayır. Burada, eyni zamanda, Azərbaycanın siyasi salnaməsi yaradılır və onun ən yaxşı nümunələri dünyada tanıdılır. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin hazırkı rəhbərliyi də zaman-zaman yaradılmış gözəl teleməkan ənənələrini qoruyub saxlayır, milli-mənəvi dəyərlərə ciddi önəm verir, ifrat sərbəstlik və özbaşınalıq kimi halların qarşısını ala bilir. 

Eyni zamanda, bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio şirkətləri  fəaliyyət göstərir. Bu ekran-efir məkanı müasir texnologiyalarla, modern avadanlıqla təchiz olunub və dünyanın qabaqcıl teleradio kompaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Lap bu günlərdə isə ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyətə başlaması xəbərini almışıq. Qlobal informasiya və analitika sahəsində alternativ baxış təqdim edən ANEWZ həftənin 7 günü, 24 saatlıq yayım formatında dünyaya Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsini çatdıracaq. İndiyədək beynəlxalq media platformalarında az eşidilən və fərqli yanaşmalarla təqdim olunan mövzular Bakıdan dünyanın 110-dan çox ölkəsinə yayımlanacaq. Kanalın təmsilçiləri arasında Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən jurnalistika sahəsində geniş təcrübəyə malik peşəkarlar var. ANEWZ həm peyk, həm rəqəmsal, həm də sosial media platformaları vasitəsilə izləyicilərə çatdırılacaq.

Bəli, ən ucqar kənddə belə həyatı televiziya və radiosuz təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda da mükəmməl teleradio yayımı ilə bağlı ciddi addımlar atılır.  İlk növbədə, bu sahədə vandalların tam dağıtdığı və ya yararsız hala saldığı infrastruktur yenidən qurulur. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilanda ümumölkə televiziya kanallarının açıq yayımı və habelə neçə-neçə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub. Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefi nəzərə alınaraq, mükəmməl yayım təşkili ilə bağlı işlər bütün ciddiliyi ilə aparılır. Sırf həmin regionda efirlənən “CBC FM” radiosu da var. Müxtəlif dillərdə yayımlanan “Beynəlxalq radio”nun da ilk yayımı hazırda Qarabağ iqtisadi rayonu ərazisində həyata keçirilir.

Əli NƏCƏFXANLI 
XQ

 

Chosen
60
xalqqazeti.az

1Sources