EN

Ekoloji problemlərlə mübarizənin önəmli mərhələsi -COP29

Bəşəriyyəti iqlimlə bağlı gözləyən fəlakəti önləməkdə COP29-a ümidlər böyükdür

Bu gün ekoloji tarazlığı qoruyub saxlamaq, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosferi çirklənməkdən mühafizə etmək ümumbəşəri problemə çevrilib. Bir tərəfdən dünya demoqrafik artımla "qol-boyun"dur, digər tərəfdən də qlobal istiləşmə, ozon qatının deşilməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər ciddi narahatlıq doğurur. Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənlik, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, eroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılar və fəlakətlərlə nəticələnir. Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması üçün müxtəlif diskussiyalar, müzakirələr aparılır. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır və onu aradan qaldırmağın yolları birgə axtarılır. Demək olar ki, artıq dünyanın itirə biləcəyi meşələr, çəmənliklər, bitki örtüyü ilə zəngin sahələri qalmayıb. Odur ki, "qırmızı xətt"i keçmək daha ağır fəlakətlərə yol aça bilər.

Bir neçə gündən sonra Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən rasional istifadə edilməsi, xalqın rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər görülməsi haqqında məsələlərin müzakirəsi ön planda olacaq. Bu gün biomüxtəlifliyin qorunması və ekosistemin müəyyənləşdirilməsi və davamlılığının artırılması üçün həyata keçirilən ekoloji siyasət gələcək nəsillərin təbii ehtiyatlardan səmərəli istifadə etməsinə hesablanır. COP29 dünyada baş verən təbii fəlakətlərin, eləcə də süni faciələrin yaranmaması üçün iqlim dəyişikliklərinə qapı açan nəsnələrin aradan qaldırılması yollarını da müzakirə edəcək.

“Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır”.

Bu fikirlər Prezident İlham Əliyevin COP29 çərçivəsində noyabrın 5-də Bakıda “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında baş tutan Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına ünvanlandığı müraciətdə yer alıb. Müraciətdə qeyd olunub ki, iqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir. Dövlət başçısı COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsinin vacib amillərdən biri olduğunu vurğulayan dövlət başçısı əlavə etmişdir ki, ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur: “Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz”.

Bəli, ətraf mühitin qorunmasına Azərbaycan dövlətinin böyük həssaslıqla yanaşmasının əsas səbəblərindən biri də işğaldan azad edilmiş ərazilərdə vaxtilə Ermənistanın ekoloji terror törətməsidir. Ermənistan ətraf mühitin mühafizəsinə dair qoşulduğu beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq bu əraziləri ekoloji fəlakət zonasına çevirmiş, işğal dövründə təbii ehtiyatlar istismar olunaraq talan edilmişdir. Milli park və qoruqlar, qiymətli ağaclar, digər nadir biomüxtəliflik nümunələri məhv olunmuşdur. Ümumi sahəsi 8 min hektardan çox olan qiymətli çoxillik sıx meşələrdən ibarət ekosistemin məhv edilməsi ilə biomüxtəlifliyə ağır zərbə vurulmuşdur. Qiymətli flora və fauna növləri ilə zəngin olan meşələr talan edilmişdir. Su hövzələri böyük antropogen təsirə məruz qalmış, içməli su mənbələri məqsədli şəkildə kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilmişdir. Hazırda bu ərazilərdə ekoloji vəziyyətin bərpası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların salınması və artırılması, ekosistemin qorunması istiqamətində Azərbaycan dövləti tərəfindən ardıcıl siyasət aparılır. Artıq  Qarabağın ekologiyasına vurulan yaralar sağalmağa başlayır. Oğurlanan, talan olunan sərvətlərin yerini doldurmaq yönümündə böyük işlər görülür. Təkcə 2023-cü il ərzində Zəngilan rayonunda 14,4 min ədəd müxtəlif cinsli ağacdan doldurma-bərpa əkinlərində istifadə olunub. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da aparılır. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam edir.

Azərbaycan dövləti COP29 çərçivəsində qlobal iqlimə uyğunlaşma üzrə beynəlxalq əməkdaşlıq çərçivəsində effektiv maliyyələşmə mexanizmlərinin formalaşmasına böyük həssaslıqla yanaşır. İqlim məsələləri üzrə dünyanın tanınmış alimlərinin və ekspertlərin hesablamalarına görə, 2030-cu ilə qədər qlobal iqlim dəyişikliyinin qarşısının alınması üçün ən azı 1 trilyon ABŞ dolları həcmində investisiya lazımdır. Buna görə də Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə maliyyə öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. Rəsmi Bakı COP29-a cəsarətli təşəbbüslər və bütün tərəflərin maraqlarını nəzərə alan konsensus variantlar hazırlayıb. Bu konsensuslar arasında qazıntı yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə kapitallaşdırılan və inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini qısa zamanda aradan qaldırmaq məqsədi ilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlara malik olacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılması da var. Bundan başqa, yaradılacaq İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) yaşıl enerjiyə sərmayəni təşviq edəcək yeni platforma olacaq.

Göründüyü kimi, rəsmi Bakı COP29-a konkret iqlim gündəliyi hazırlayıb, iqlim maliyyələşməsi, qlobal istiliyin fəsadlarından daha çox əziyyət çəkən kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin yol xəritəsini tərtib edib, dövlət və beynəlxalq institutlarla yanaşı, özəl sektorun maliyyə mənbələrinin də iqlim dəyişikliyi ilə mübarizəyə cəlb olunmasına, həmin vəsaitlərin kasıb ölkələrə daha güzəştli şərtlərlə təqdim olunmasını təklif edir. Eyni zamanda, Bakı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bütün spektrlər üzrə konsensusun əldə olunmasını, Paris İqlim Sazişin bünövrəsi üzərində dünya birliyinin iqlim dəyişikliyi və “yaşıl enerji”yə keçidlə bağlı daha aydın və effektiv tədbirlər görməsini gözləyir. Artıq qeyd olunduğu kimi, COP29-da növbəti maliyyə hədəfi müəyyən olunmalıdır. Təbii ki, Azərbaycanın istəyi ondan ibarətdir ki, COP29-da müzakirə olunacaq əsas məsələlərdən biri və birincisi iqlim dəyişikliyi və “yaşıl enerji”yə keçid üçün yeni maliyyə hədəfinin müəyyən edilməsi olsun. Yeni maliyyə hədəfinin Bakıda keçirilən iqlim konfransında müəyyən olunub, bunun yekun Bəyannaməndə əksini tapması ilə ölkəmiz tarixə keçəcək.

Sevinc Azadi, “İki sahil”

Chosen
82
ikisahil.az

1Sources