EN

Helsinki Yekun Aktı:  Təhlükəsizlik 49 il sonra təhlükədə

I məqalə

Azadlığını təhlükəsizliyinə qurban verənlər hər ikisindən olurlar.

Tomas Cefferson

Ümumavropa təhlükəsizlik sistemi

II Dünya müharibəsi bəşəriyyəti çox qorxutdu. Xüsusilə, Qərbin siyasi dairələri anladılar ki, dövlətlərarası münasibətləri keyfiyyətcə və məqsədcə yeniləşdirmək gərəkdir. Buna tələbat NATO yaranandan sonra da azalmadı. Hərbi blok vasitəsilə təhlükəsizliyi və əməkdaşlığı təmin etməyin mümkünsüzlüyü öncədən aydın idi. Avropanın siyasi şüuruna XX əsrin ikinci yarısından ölkələrdə geniş vüsət alan böhranlı durum da ciddi təsir etdi. Sosial ədalətin pozulması (Alen Turen) Qərb cəmiyyətlərində əlavə gərginliklər yaratdı.

Bunlardan başqa, qlobal miqyasda ABŞ–SSRİ geosiyasi qarşıdurması getdikcə daha kəskin forma alırdı. Ortaya bir neçə münaqişəli vəziyyət çıxmışdı. Belə görünürdü ki, Avropa dövlətləri təhlükəsizlik və əməkdaşlıq haqqında yeni bir təşkilatlanma prosesinə başlamalıdırlar. Bu ideyanın təsdiqlərindən biri 1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökumət konfransının keçirilməsi oldu. Konfransda iştirak edən 300 nümayəndə Avropanın 26 ölkəsini təmsil edirdi. Konfransda 23 beynəlxalq ictimai təşkilatın nümayəndələri vardı. Tədbirdə Ümumavropa təhlükəsizlik sisteminin yaradılması ideyası irəli sürüldü. Bu məqsədlə xüsusi müşavirənin çağırılmasını uyğun gördülər.

Hazırda Avropa İttifaqının 27 üzvü vardır. 1969-cu ildə ümumi Avropa miqyasında 26 ölkə təhlükəsizlik və əməkdaşlıqla bağlı narahatlıqlar keçirmişlərsə, bu o deməkdir ki, bu məsələ kifayət qədər aktual olmuşdur. Həm də bu, demək olar ki, bütövlükdə, Avropa ölkələrini əhatə etmişdir. 

Elə həmin il BMT-nin himayədarlığı ilə beynəlxalq təhlükəsizliyə aid başqa bir konfransın da təşkil edilməsi maraqlı hadisə idi. Həmin tədbir 1969-cu il may ayının 23-də Vyanada keçirilmişdir. Beynəlxalq müqavilələr hüququ haqqında tarixi “Vyana Konvensiyası” orada imzalanmışdır. Bu, beynəlxalq hüquq normalarının inkişafında mühüm sənəd hesab olunur. 1958, 1961 və 1963-cü illərdəki konfranslarda məhdud sferalar üzrə qaydalar qəbul edilmişdi. 1969-cu il sənədi isə təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət də daxil olmaqla geniş spketrli sferaları əhatə edirdi. Sənəddə dövlətlərin hüquqları ilə yanaşı, öhdəlikləri də müəyyən edilmişdi.

Deməli, XX əsrin 50–60-cı illərində yalnız qeyri-hökumət təşkilatları və ayrı-ayrı dövlətlər deyil, BMT-yə üzv olan ölkələrin hamısı etibarlı və stabil təhlükəsizliyin təminində maraqlı olmuşdur. Bunun üçün onlar 1969-cu ildə rəsmi olaraq üzərlərinə konkret öhdəliklər götürmüşlər. 

Bu kimi tədbirlərdən sonrakı mərhələ daha maraqlı və düşündürücüdür. İlk olaraq indi NATO-nun “Mavi Kitabı” adlandırılan sənəd diqqəti çəkir.  

NATO-nun “Mavi kitab”ı

Maraqlıdır ki, qlobal təhlükəsizliyin təminini nəzərinə götürən təşkilat Qərbin yaratdığı NATO oldu. BMT və qeyri-hökumət təşkilatları ilə yanaşı, Şimal Alyansı da təhlükəsizliyin təmininə diqqəti artırdı. Onun təzahürü kimi 1972-ci ildə NATO ölkələrinin Ümumavropa müşavirəsini hazırlamaq üçün məsləhətləşmələrdə iştirak etməyi qərara almalarını göstərə bilərik. NATO üzvləri geniş müzakirələr apardılar. Bu fəaliyyətin nəticəsində 1973-cü ildə "Mavi kitab" adlandırılan və yekun tövsiyələri özündə ehtiva edən sənəd hazırlandı. Sənəddə, ümumiyyətlə, müşavirənin təşkili əksini tapmışdı. Ora tədbirin gündəliyi ilə yanaşı, iştirakçıların tərkibi, müşavirənin yeri və vaxtı, maliyyələşdirilmə qaydaları daxil idi. Müşavirənin gündəliyi dörd məsələdən ibarət idi: Avropada təhlükəsizlik məsələləri; iqtisadiyyat, elm-texnika və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq məsələləri; humanitar və digər sahələrdə əməkdaşlıq problemləri; müşavirədən sonra Ümumavropa prosesinin inkişaf istiqamətləri (bu barədə daha geniş informasiyanı müxtəlif mənbələrdən tapmaq olar).

Bunlardan aydın görünür ki, “Mavi kitab”da təhlükəsizlik və əməkdaşlıq geniş əhatə olunmuşdur. Qarşıya da konkret məqsədlər qoyulmuşdur. 

Göstərilən təşəbbüslərin nəticəsi kimi 1973-cü il iyulun 3-də Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə müşavirənin ilk mərhələsinə start verildi. İlk mərhələ iyulun 7-ə kimi davam etdi. Tədbirdə 35 dövlətin nümayəndələri təmsil olunurdular. 1973–1975-ci illərdə Cenevrədə Ümumavropa müşavirəsinin ikinci mərhələsi oldu. Burada sərhədlərin toxunulmazlığı ön plana çıxarılmışdı. 

Nəhayət, müşavirənin üçüncü mərhələsi 1975-ci ildə Helsinkidə keçirildi. Həmin il avqustun 1-də tarixi Helsinki Yekun Aktı imzalandı. Sənəddə 10 əsas prinsip yer almışdır. Onlar aşağıdakılardır:

- Suveren bərabərlik prinsipi.

- Zor işlətməmək prinsipi.

- Sərhədlərin toxunulmazlığı prinsipi.

- Dövlətlərin ərazi bütövlüyü prinsipi.

- Mübahisənin dinc yolla həll olunması prinsipi.

- Bir-birinin daxili işlərinə qarışmamaq prinsipi.

- İnsan hüquqlarına və əsas azadlıqlara hörmət prinsipi.

- Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsipi.

- Dövlətlər arasında əməkdaşlıq prinsipi.

- Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipi (Vikipediya).

Bu prinsipləri təsadüfən təfsilatı ilə vermirik. Onlar XXI əsrdə təhlükəsizlik və əməkdaşlıqla bağlı real vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Çünki həmin prinsiplər faktiki olaraq qlobal təhlükəsizlik və əməkdaşlığın şərtlərini ümumi səviyyədə tam əhatə edir. Eyni zamanda, Helsinki Yekun Aktına müxtəlif münaqişəli situasiyaların həlli kontekstində dəfələrlə müraciət olunmuşdur. Bu zaman həmin sənədin rəhbər tutulması qərara alınmışdır. O cümlədən, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də Helsinki Yekun Aktının prinsiplərinə istinad edilirdi. Burada zor işlətməmək, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin gözlənilməsi xüsusi yer tuturdu. Öz müqəddaratını təyinetmə isə birmənalı şəkildə ərazi bütövlüyünə uyğun müəyyən olunmuşdu.  

Ancaq illərlə Ermənistan və havadarları bu prinsiplərin münaqişə ilə bağlı həyata keçməsini əngəllədilər. Qəribə idi ki, yekun aktını imzalayan dövlətlər öz sənədlərinin arxasında nəticəverici müstəvidə durmadılar. Bununla nəzəriyyədə müsbət olan bu prinsiplər praktikaya gələndə havada qalırdı. Daha qəribəsi isə bundan ibarətdir ki, Azərbaycan BMT-nin Nizamnaməsi ilə yanaşı, Helsinki Yekun Aktının prinsipləri çərçivəsində addım ataraq, təkbaşına ərazi bütövlüyünü və suverenliyi təmin edəndən sonra, Ermənistana qarşı deyil, Azərbaycana qarşı böhtanlara başlayanlar sırasında Helesinki Yekun Aktını imzalayanlar az deyildir. Onlar faktiki olaraq həm beynəlxalq hüquqa, həm də öz imzalarına hörmətsiz yanaşırlar.    

Açıq paradoks və qlobal təhlükəsizliyin problemləri

Biz Qarabağla bağlı vəziyyəti təsadüfən nümunə kimi gətirmədik. Bu nümunə konkret olaraq beynəlxalq sənədlərdə yazılanlarla, onlara imza atanların paradoks təşkil etdiyini görürük.  Bu ­paradoksallıq mütləq şəkildə, birincisi, dövlətlərarası münasibətlərdə hüquqsuzluğa yol açır, ikincisi, regional miqyasda qalıcı təhlükəsizlik və əməkdaşlıq arxitekturasını formalaşdırmağa ciddi əngəl yaradır, üçüncüsü, qlobal səviyyədə konstruktiv əməkdaşlıq sisteminin yaranmasına qeyri-müəyyənlik formalaşdırır. 

İndi, demək olar ki, dünyanın böyük geosiyasi güclərinin hamısı Helsinki Yekun Aktının əsas prinsiplərini pozur. Bununla da dövlətlərarası münasibətlərdə güc amili həlledici rol oynayır. Bu barədə bir sıra siyasi liderlər dəfələrlə yüksək tribunalardan fikir səsləndirmişlər.      

Məsələn, suveren bərabərlik prinsipi açıqca pozulur. Bu prinsip ayrı-seçkiliklə müşayiət olunur. Bir dövlət üçün suveren bərabərlik başqa dövlətlər üçün nəzərdə tutulandan fərqli olur. Fransa Cənubi Qafqazda Ermənistanın suverenliyini birtərəfli qaydada absurd səviyyəyə qaldırmağa çalışır. Rəsmi Parisin, bütövlükdə, regiondakı proseslərə yanaşması kökündən Helsinki Yekun Aktının əsas prinsiplərinə ziddir.

Zor işlətməmək, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri ilə bağlı da bir sıra böyük dövlətlərin əməli mövqeyi Helsinki Yekun Aktına ziddir. Yenə də Azərbaycanla bağlı bir fakt bunu təsdiq edir. Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü 5 təklif-şərt sırasında zor işlətməmək, sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri vardır. Lakin indiyə qədər həm rəsmi İrəvan, həm də onun Qərbdə olan havadarları bu prinsiplərin reallaşmasına əngəllər yaradırlar. 

Daha geniş miqyasda məsələ, ümumiyyətlə, beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi məsələsinə əsaslanır. Hazırda dövlətlər bir-birini, adətən beynəlxalq müqavilədəki öhdəlikləri vicdanla yerinə yetirməməkdə ittiham edirlər. 

Bütün bunlar real olaraq geosiyasətdə hansı nəticələri vermişdir? Burada iki məqamı vurğulamaq istərdik. Birincisi, sanki Helsinki Yekun Aktı praktiki siyasi-diplomatik fəaliyyətdə unudulmuşdur. Bu da iki mümkün nəticə verə bilər. 

Birinci nəticə odur ki, Qərbin keçən əsrin ikinci yarısından başlayaraq beynəlxalq münasibətləri və hüququ yeniləşdirmək üçün seçdiyi kursun səmərəsizliyi etiraf olunmalıdır. Digər nəticə ondan ibarətdir ki, çevik surətdə yeni təhlükəsizlik və əməkdaşlıq kursu hazırlanmalıdır. Çünki dünyada baş verən geosiyasi proseslər ortada kifayət qədər riskin mövcudluğunu təsdiq edir. Onların qalıcı olması və yeni formalar alması, bütövlükdə, bəşəriyyəti ciddi təhlükəyə ata bilər. 

İkincisi, hazırda dünyada və hətta, Avropada Helsinki Konfransı miqyasında yeni tədbir keçirmək üçün birlik və vahid mövqe yoxdur. Aİ-nin özündə belə fikir ayrılıqları dövlətlərarası münasibətlərin qeyri-müəyyənliyinə səbəb olur. Məsələn, indi rəsmi Budapeşt bəyan edir ki, Avropa İttifaqı Macarıstanda dövlət çevrilişi edə bilər. Aİ-nin daxilində ayrı-ayrı üzv dövlətlərə qarşı belə bir münasibət varsa, hansı mənada “yeni Helsinki Aktından” danışmaq olar? 

Bütün bunlardan məntiqi olaraq belə bir qənaətə gələ bilərik: Helsinki Yekun Aktının 50 illik yubileyi həm də iflas anı ola bilər. Bəs bu sənədə alternativ ola biləcək başqa yanaşma mövcuddurmu?

(ardı var)

Füzuli QURBANOV, 
 XQ-nin analitiki,  fəlsəfə elmləri doktoru

 

Chosen
46
xalqqazeti.az

1Sources