EN

Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim olunub

Dövlətimizin başçısı Bişkekdə səfərdədir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekə gedib.

Zirvə görüşünün əsas toplantısı noyabrın 6-na nəzərdə tutulub. Bu ərəfədə Bişkekə gələn liderlərin müvafiq səfər proqramları var.

***

Noyabrın 5-də Prezident İlham Əliyev görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun (1928–2008) ev-muzeyinə gəlib. Dövlətimizin başçısı muzeylə tanış olub.

Məlumat verilib ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında – 1986-cı ildən yazıçının yaşadığı evdə yerləşir. Onun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar. Ev-muzeyi həyat yoldaşı, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də, yazıçının anadan olmasının 86-cı ildönümündə açılıb.

Burada yazıçının şəxsi əşyaları, əlyazmaları və mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

İlham Əliyev ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, dünyaca məşhur yazıçının bədii irsinə Azərbaycanda da böyük maraq var. Ulu öndər Heydər Əliyev onu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə Azərbaycanın “Dostluq” ordenini ilk olaraq Çingiz Aytmatova təqdim edib. 2024-cü il aprelin 24-də Bakıda Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə Çingiz Aytmatovun abidəsi açılıb.

***

Muzeydə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək deyib: “Bu gün mən “Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanılmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir... İnanırıq ki, Sizin səyləriniz sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi və humanizm rəmzi olacaqdır.

Dərin hörmət və qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub saxlanılmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan “Çingiz Aytmatov” ordenini təqdim edirəm”.

Eldar Aytmatov onu da diqqətə çatdırıb ki, ilk dəfə Azərbaycanın bir nömrəli “Dostluq” ordeni Çingiz Aytmatova təqdim edilib, indi isə bir nömrəli “Çingiz Aytmatov” ordeni Azərbaycan Prezidentinə təqdim olunur.

***

Prezident İlham Əliyev fəaliyyətinə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, yazıçının ailə üzvlərinə və yaxınlarına minnətdarlığını bildirib. Qeyd edib ki, bu ordeni Aytmatovun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir: “Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı, ictimai xadim idi və əsərləri müxtəlif mədəniyyətlərə məxsus insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə dərindən nüfuz edirdi, öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə, onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır”.

Dövlətimizin başçısı Aytmatovun 2008-ci ildə Azərbaycana son səfərini, onunla görüşünü də xatırlayıb: “O, Bakıya yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o, hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə, həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o, yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi”.

Prezident çıxışının sonunda Çingiz Aytmatovun ocağına dəvət edildiyi və bu mükafata layiq görüldüyü üçün təşəkkürünü ifadə edib.

Sonra İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Chosen
35
24
tehsil.biz

10Sources