EN

Abidələr ölkəsindən danışaq...

Azərbaycan abidələr ölkəsidir. Abidələrsə öncə tarix, sonra mədəniyyət və incəsənətdir. Belə isə çoxsaylı abidələrimiz ölkəmizin qədimliyindən, bu qədimliklə qoşa addımlayan mədəniyyət və incəsənətimizdən xəbər verir. Hər biri bir tarixdən danışan, bir dövrdən söhbət açan abidələrimizlə Azərbaycanımız necə də bəxtiyardır, qürurludur...

Abidələr şəhəri

Abidələr bu şəhərin hüsnünü bəzəyir, dünənindən xəbər verir, qədim tarixini təsdiqləyir. Bakı köksünə sığınan abidələrindən danışır, YUNESKO-nun Ümumdünya irsi siyahısına salınmış yaşayış məhəlləsi və tarixi-memarlıq qoruğundan- İçərişəhərdən, burada-açıq havada yerləşən müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələrinin yaratdığı nadir muzeydən, qoruna-qoruna günümüzədək gəlib çatmış Şirvanşahlar sarayından, Qız qalasından, Sınıq Qala minarətindən danışır. Qız qalasında faciəvi bir rəvayətə şahidliyini ürək ağrısı ilə vurğulayır. Xəzərin bu faciəyə göz yaşlarından yarandığından, o qızın fəth eidlməz, sarsılmaz obrazından söhbət açır. Xarici turistlərin Bakıya gələrkən mütləq bu qədim abidənin tarixi ilə maraqlandıqlarını, buradan onun sevimli Xəzərini seyr etdiklərini deyir.

Tikintisi bütün XV əsr ərzində davam etdirilmiş, Azərbaycan memarlığının ən böyük abidəsi, bir çox tikililərdən ibarət bütöv bir memarlıq ansamblı olan, kompozisiya və planlaşdırılmasına görə dünyada analoqsuz Şirvanşahlar Sarayından qürurla danışır bu şəhər... Suraxanı qəsəbəsində yerləşən XVII əsrin atəşpərəstlər məbədi – Atəşgahdan, onun qaya üzərində qürurla dayanmasından, burada yerin altından çıxan qaz sayəsində min illərlə od yanmasından, bu odun istisinə yığışanlardan söhbət açır.

Köksünə yaxın bir yerə sığınan, 2007-ci ildə Qobustanın qayaüstü rəsmlərinin mədəni landşaftı YUNESKO-nun Dünya Mədəni irsi abidələri siyahısına salınan, ən qədim tarixi abidədən-özünün qayaüstü təsvirləri ilə dünyada məşhur olan Qobustandan da qürurla bəhs edir. Dövlət tarixi-etnoqrafik və bədii qoruğu olan Qobustanda Daş dövrünün və Azərbaycan xalqının tarixi keçmişinin şahidi olan Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Sıxqayada çoxlu miqdarda qayaüstü təsvirlərin, düşərgələrin, insan məskənlərinin, baş daşlarının olduğunu vurğulayır. Böyükdaş ərazisində mezolitdən tutmuş orta əsrlərə kimi bütün dövrlərin abidələrinə rast gəlindiyindən danışır.

Abşeronun “İçərişəhər”i adlandırılan Qaladan-buradakı qədim məscidlər, yollar, ovdanlardan, XV əsrə aid qədim qəbirstanlıqdan, hamamlar, bürünc dövrünə məxsus məskun yerlərin qorunub saxlanmasından bəhs edir. Bu şəhər qədim tarixi abidələri ilə qürur duyur, onlardan fəxrlə söhbət açır...

Hər bölgəmiz bir tarix, bir abidə...

Tək Bakı deyil, bölgələrimizin hər birində qədimliklə müasirliyin çiyin­çiyinə mənzərəsi fonunda abidələrimizi görmək mümkündür. Onlardan biri-Naxçıvanda Əlincə Qalası tarixi memarlıq abidəsi Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Əlincə yüzillərlə Azərbaycanın və Yaxın Şərqin müxtəlif hakim sülalələrinə qulluq göstərsə də, tarixdə daha çox Azərbaycan Atabəylərinin iqamət və xəzinə yeri kimi tanınmış, çağının ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi ilə heyrətləndirmişdir. Səfəvilərdən sonra ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə də öz funksiyasını yerinə yetirmişdir.

Səsi əsrlərdən gələn Möminə xatun məqbərəsinin möhtəşəm görüntüsünə tamaşa etdikcə sanki müasir aləmdən qədim dünyaya səyahətə çıxırsan. Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri olan Möminə xatun türbəsi Naxçıvan şəhərinin tarixi mərkəzində -Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.

Türbənin uca gövdəsini yuxarıda qapayan yazıda – abidənin baş kitabəsində yazılmışdır: “...bu türbəni dünyanın elmli, adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz ...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikməyi əmr etdi!...”

Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən abidədə Gəmiqaya rəsmləri -qayaüstü təsvirlər əks olunub. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycan türklərinin ulu babalarına aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya-Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur.

Xüdafərin körpüləri- tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, bir qərinəyə qədər erməni işğalı altında qalan, 2020-ci ildə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində azad etdiyi bu tarixi abidə Cəbrayıl rayonu ərazisində yerləşir. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü məlumdur. Onlardan birincisi “Baş Xudafərin körpüsü” adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. H. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var.

Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Güney Azərbaycanımızın Bəzz və Ərk qalaları. Bəzz Qaradağ mahalının Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşir. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Ərk qalası isə Təbriz şəhərində yerləşir. XIII əsrdə Hülakülər (Elxanilər) zamanında vəzir Əlişah tərəfindən tikdirilib.

XI – XII əsrlərdə Şamaxı şəhərini müdafiə etmək üçün inşa edilmiş Şamaxı qalası, Gülüstan qalası, Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşən Koroğlu qalası, Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşən Əsgəran qalası, İsmayıllı rayonu ərazisində yerləşən Cavanşir qalası, Goranboy rayonundakı Gülüstan qalası, IV-VI əsrlərdə Şabran rayonunun təqribən 20-25 kilometrliyində, Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən tikilmiş Çıraqqala, Şamaxı rayonunun Mərəzə kəndində, dağın döşündə tikilmiş ikimərtəbəli Diribaba türbəsi, Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı Gəncəsər məbədi, Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən eyniadlı alban məbədi, Şuşa mərkəzi meydanının memarlıq ansamblında hakim mövqedə duran, XIX yüzilliyə aid binalar-Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Azərbaycan memarlığının şah əsərlərindən olan Şəmkir minarəsi ayrı-ayrı əsrlərdən, tarixi hadisələrdən söhbət açır.

Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarinin cənub-şərq yamacında Quruçay çayının sol sahilində, Xocavənd rayonu ərazisində yerləşən Azıx-dünyanın ən qədim insanlarının yaşadığı mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən erməni işğalına məruz qalmış, vandal ermənilər mağaradan silah-sursat anbarı kimi istifadə etmişlər.

Azıx mağarası haqqında dünya çox az məlumata malikdir. Çünki keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməmişdir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir.

1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, mağara dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M. Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.

Abidələr ölkəsinin haray çəkən abidələri

30 il işğal altında qalan torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponat olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı- xalqımızın keçmişi və bu gününü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzünə məruz qaldı. Bu abidələr düz 30 il haray çəkdi. Uçurdulan, sökülən, daşınan, məhv edilən, yer üzündən silinən abidələrimiz haray çəkdi. Bütün dünyaya üz tutdu, yer üzündən ermənilərin tarixi silmək istədiklərini hayqırdı. Bu səsə səs verən oldumu? Abidələrin mühafizəsi üçün cavabdehlər tarixin yaddaşı olan bu abidələrin halına acıdılarmı?

Məhv edilən tarixi-memarlıq, arxeoloji abidələr, məscidlər dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bildimi? Bəli, edə bildi. Onlar möhtəşəmliyi ilə dünyanın diqqətini cəlb etdi, məhv edilməsi xəbəri qulaqlarda səsləndi. Lakin onların halına yanan tapılmadı. Bütün dünya gördükləri qarşısında kor, eşitdikləri qarşısında kar oldu. Erməni vandalizmi isə vandallığını gündən-günə genişləndirdi. Abidələrimizin düşməninə çevrildi. Onlar tək bizim torpaqlarımızı deyil, abidələrimizi də işğal etdilər. 30 il tək torpaqlarımızı əsarət altında saxlamadılar, eyni zamanda abidələrimizin qətlini həyata keçirdilər. Torpaqlarımızda qurulan-yaradılan nə vardısa, hamısını məhv etdilər. Məscidlərimizi təhqir etdilər. Dünya isə sanki bunlardan xəbərsiz kimi susdu.

Tarixi abidələr-məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr tarixi keçmişimizin yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Biz torpaqlarımızın qədir-qiymətini bildiyimiz kimi, abidələrimizi də mühafizə edənlərik. Odur ki, hər zaman abidələrimizin yaşadılması, qorunub saxlanması üçün çalışmışıq.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın yüksək sərkərdəliyi və milli ordumuzun səyi ilə torpaqlarımızı düşməndən geri aldıq. Biz Zəfər qazandıq. Eşitmişdik, həm də gördük ki, ermənilər abidələrimizi necə məhv ediblər. Lakin əsas torpaqdır, torpaq varsa, onun üzərindəki hər şey bərpa oluna bilər. Deməli, yaxın gələcəkdə xəritələr üzrə bütün abidələrimiz də bərpa olunacaq. Onların ermənilər dağıtdığı hissələri də saxlanmaqla gələcək nəsillərə bu abidələrin varlığı və erməni vəhşiliyi göstəriləcək.

Abidələr tarixdir. Səyahətinə çıxdığımız tarix isə bizə abidələrimizlə bağlı böyük bir keçmişimizin olduğundan söhbət açdı. Hər zaman qürur duyduğumuz keçmişimiz...

Mətanət Məmmədova

Chosen
34
sesqazeti.az

1Sources