EN

Paşazadənin təklifi- Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

Image

Faiq Ələkbərli “Məşvərət Şurası yaradılarsa, erməni kilsəsi kimi sərt mövqedə olanlara öz etirazını bildirər”

Məlum olduğu kimi, Dini liderlərin Qlobal Bakı Sammiti keçirilib. Sammitdə Azərbaycan tərəfi BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılması təklifi ilə çıxış edib. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib ki, COP29 çərçivəsində bəşəriyyətin gələcəyi naminə Azərbaycanın irəli sürdüyü mühüm təşəbbüslərdən biri də qlobal atəşkəs təşəbbüsüdür və dünyamızın xilası, övladlarımızın gələcəyi naminə bütün dini liderlər bu təşəbbüsə dəstəyini ifadə etməlidir: “Bu məramla, BMT-nin COP çərçivəsi nəzdində Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını da təklif edirik. Belə bir qurum COP sessiyaları arası müddətdə ictimai əhəmiyyətli səmərəli layihələr həyata keçirə, din və ekoloji etika mövzusunda maarifləndirici tədbirlər, ədəbiyyat nümunələri hazırlaya bilər”.

Maraqlıdır, Məşvərət Şurası yaradılsa real olaraq nə kimi töhfələri ola bilər? Dünya Dini Liderlərinin Məşvərət Şurası Ermənistan Kilsəsinin sülh əleyhinə çağırışlarının, onun müharibə təbliğatı siyasətinin neytralaşmasında real nəticə ortaya qoya bilərmi? Danılmaz faktdır ki, dünyada müharibə təbliğatını aparan yeganə kilsə məhz Erməni kilsəsidir. Dini Liderlərin Məşvərət Şurası yaradılarsa Erməni kilsəsinin müharibə siyasətinə qarşı çıxa biləcəkmi? 

“…sərt çağırışlar edən, müharibə çağırışı edən kilsələrə müəyyən dərəcədə təsir göstərə bilər”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyada sülhün bərqərar olması üçün bu kimi çağırışların olması normaldır. Xüsusilə Dini Liderlərin Sammitində bu kimi təşəbbüslərin səslənməsi müsbətdir: “Məlumdur ki, səmavi dinlər dövlətləri sülhə səsləyir. Ancaq dinlərdəki ayrı-ayrı təriqətlərdə əks fikirlərlə rastlaşırıq. Xristian, islam, iudaizm və digər dinlərə bağlı olan adamların bir qismi radikal təkliflər irəli sürür. Bunlardan biri də xristianlara aid ermənilərin təmsil olunduğu qriqoryanlıq məzhəbidir. Bu məzhəb daha çox sərt, radikal çağırışları ilə seçilir. Ümid edirəm ki, Dini Liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurası yaradılarsa sərt çağırışlar edən, müharibə çağırışı ilə edən kilsələrə müəyyən dərəcədə təsir göstərə bilər. Məlumdur ki, erməni kilsəsi daim müharibə siyasətinin tərəfdarı olub. Hesab edirəm ki,  Məşvərət Şurası yaradılarsa, bu şura erməni kilsəsi kimi sərt mövqedə olanlara öz etirazını bildirər”.

Həmsöhbətimiz hesab edir ki, Məşvərət Şurasının yaradılması ideyası təqdirəlayiqdir. 

Günel CƏLİLOVA





Chosen
42
baki-xeber.com

1Sources