EN

Vinisius Junior hakimə “gicbəsər” dedi, sarı vərəqə gördü

UEFA Çempionlar Liqasının 4-cü turunda “Milan”la ev oyunu “Real”ın braziliyalı hücumçusu Vinisius Junior üçün xoşagəlməz başa çatıb.

Arena.az məlumat verir ki, “Vini” “qaymaqlılar”ın “Santyaqo Bernabeu”da 1:3 hesablı gözlənilməz məlubiyyəti mənzərəsəində sarı vərəqə də alıb.

Braziliyalı futbolçu dilinin bəlasına keçib. Oyunun 70-ci dəqiqəsində “Vini” görüşün sloven baş hakimi Slavko Vinçiçə “gicbəsər” deyib. Buna görə hakim dərhal “ağıllı” Vinisiusu sarı vərəqə ilə cəzalandırıb. Əlavə edək ki, Vinçiç hələ, “Vini”yə rəhm edib, belə ki, hakim, oyun rəsmisinə qarşı yolverilməz davranış müqabilində braziliyalı futbolçunu meydandan qovmaq səlahiyyətində də olub.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 16 oyuna çıxıb, 9 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 280 oyun, 92 qol, 82 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 35 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Chosen
19
4
arena.az

10Sources