EN

“Oyunçularımız ona tapşırılan rəqib futbolçunu tutmurdu” – Rəşad Sadıqov

“Turnir cədvəlini nəzərə alsaq, olduqca vacib matç idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı gedirdi. Birinci hissədə üstünlük biz tərəfdə idi. Rəqib daha çox oyunu əks-hücumlarda qurmuşdu. Bir neçə təhlükəli hücumumuz oldu. Amma rəqibin müdafiə xəttini yara bilmirdik. Mənə məlum olmayan səbəbdən ikinci yarıya çox passiv başladıq. Həmin dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Ondan sonra yenə üstünlüyü ələ aldıq, çoxsaylı hücumlarımız oldu. Dirəkdən dönən topumuz var. Təəssüflər olsun ki, hesabı bərabərləşdirə və ya qələbə qazana bilmədik. Çox vacib oyunda məğlub olduq. Üç gün sonra “Qarabağ”la səfər matçımız var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baç məşqçisi Rəşad Sadıqov “Araz Naxçıvan” məğlubiyyəti (0:1) barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 Əlinizdə olan heyət yetərlidir?

– Potensial var. Amma bəzi epizodlarda konsentrasiya itkisi olur. Xüsusilə də bu il standart vəziyyətlərdə çox qollar buraxmışıq. “Zirə”də olduğum 4 ildə belə vəziyyətlərdən az qol buraxırdıq. Həftənin bir gününü standart vəziyyətlərə həsr edirik. Oyunçularımız ona tapşırılan rəqib futbolçunu tutmurdu. Səbəbini araşdıracağıq.

– “Araz-Naxçıvan”ın uğurlu çıxışı sizi təəccübləndirmir?

– Xeyr, təəccübləndirmir. Yay seleksiyasından bəlli idi ki, komanda bu mövsüm iddialı olacaq. Aramızda yetərincə xal fərqi yarandı. “Sabah” və “Neftçi” bizdən geridədir. Ona görə də vəziyyət bir az da məsuliyyətlidir. Qarşıdakı oyunlarda çalışacağıq ki, xal ehtiyatımızı maksimum artıraq.

Chosen
18
7
idmanxeber.az

8Sources