EN

Rəşad Sadıqov: "Çox vacib oyunda məğlub olduq"

"Zirə" Misli Premyer Liqasının III turundan təxirə salınmış oyunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub.

Sportnet.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Turnir cədvəlini nəzərə alsaq, olduqca vacib matç idi. Əsas rəqiblərimizdən biri ilə oynayırdıq. Qələbəyə köklənmişdik. Əslində hər şey bizim üçün yaxşı gedirdi. Birinci hissədə üstünlük tərəfimizdə idi. Rəqib daha çox oyunu əks-hücumlarda qurmuşdu. Bir neçə təhlükəli hücumumuz oldu. Rəqibin müdafiə xəttini yara bilmirdik. Mənə məlum olmayan səbəbdən ikinci yarıya çox passiv başladıq. Həmin dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Ondan sonra yenə üstünlüyü ələ aldıq, çoxsaylı hücumlarımız oldu. Dirəkdən dönən topumuz var. Təəssüflər olsun ki, hesabı bərabərləşdirə və ya qələbə qazana bilmədik. Çox vacib oyunda məğlub olduq. Üç gün sonra "Qarabağ"la səfər matçımız var. Ona hazırlaşacağıq.

- Əlinizdə olan heyət yetərlidir?

- Potensial var. Amma bəzi epizodlarda konsentrasiya itkisi olur. Xüsusilə də bu il standart vəziyyətlərdən çox qollar buraxırıq. "Zirə"də olduğum 4 ildə belə vəziyyətlərdən az qol buraxırdıq. Həftənin bir gününü standart vəziyyətlərə həsr edirik. Oyunçularımız onlara tapşırılan rəqib futbolçunu tutmurdu. Səbəbini araşdıracağıq.

"Araz-Naxçıvan"ın uğurlu çıxışı sizi təəccübləndirmir?

- Xeyr, təəccübləndirmir. Yay seleksiyasından bəlli idi ki, komanda bu mövsüm iddialı olacaq. Aramızda yetərincə xal fərqi yarandı. "Sabah" və "Neftçi" bizdən geridədir. Ona görə də vəziyyət bir az da məsuliyyətlidir. Qarşıdakı oyunlarda çalışacağıq ki, xal ehtiyatımızı maksimum artıraq.


Chosen
19
7
sportnet.az

8Sources